5. Iqtisadi nəzəriyyənin tədqiqat metodları.
Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür.
Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərqlənən iki səviyyədə-makro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Makroiqtisadi təhlil ya iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ayrı bölmələri (məsələn, dövlət bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda aparılır. Ona görə heç də təsadüfi deyildir ki, müxtəlif iqtisadi problemlər makroiqtisadi səviyyədə təhlil olunduqda istehsalın, gəlirlərin və xərclərin ümumi həcmi, məşğulluğun və qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.
Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sahələr, firmalar və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və ya sərf etdiyi xərcin məbləği, bir ailənin gəliri və s. göstəricilərdən istifadə olunur.
Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiyyəti aydınlaşdırıldıqdan sonra idrak prosesi başqa formada, təhlilin nəticələrinin tam halında birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ayrılmış və təhlil olunmuş ünsürlərin yenidən vahid tam halında birləşdirilməsi sintez adlanır. Təhlil və sintez arasındakı qarşılıqlı əlaqəni mürəkkəb iqtisadi proses olan əmtəə tədavülünün misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliyyatı və s.- mahiyyəti aydınlaşdırılır. Bu ünsürlərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan sonra təhlil prosesində əldə edilmiş məlumatlar ümumiləşdirilməklə tədqiq olunan hadisə haqqında ümumi təsəvvür əldə edilir.
Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və deduksiya metodlarından geniş istifadə olunur. Induk-siya dedikdə nəzəri müddəa və prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nəzəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hallarda isə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nəzəriyyədən başla-nır. Başqa sözlə, əvvəlcə nəzəriyyə hazırlanır, sonra bu, yoxlanılır, nəzərdə tutulan, gözlənilən nəticə alındıqda tətbiq olunur, alınmadıqda isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə (hipotez) metodu deyilir. Beləliklə, iqtisadi hadisə və proseslər öyrənildikdə fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşahidəyə, abstrakt müha-kiməyə, məntiqə, yaxud da intiusiyaya arxalanmaq olar. Məsələn, «kabinet məntiqinə» əsasən belə bir mühakimə yürütmək olar ki, alıcılar ərzaq məhsullarını qiymətlər aşağı olduqda alsalar, bu, onlar üçün daha sərfəlidir. Bu fərziyyənin doğru olub – olmaması sonralar müvafiq fakt-ları müntəzəm olaraq öyrənmək yolu ilə dəfələrlə yoxlanıl-malıdır. Deduksiya metodunda ümumidən xüsusiyə, nəzəriyyədən faktlara doğru gedilir.
Induksiya və deduksiya bir-birini tamamlayan tədqi-qat metodlarıdır. Belə ki, deduksiya vasitəsilə formalaşdırı-lan fərziyyədən empirik məlumatların toplanması və sistem-ləşdirilməsi üçün istifadə olunur. Faktlar isə öz növbəsində daha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir.
Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək, laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar tədqiq edilərkən nə mikroskopdan, nə də kimyəvi reaktivlərdən istifadə etmək mümkün deyildir. Bunların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır1».
«Abstraksiya» termini sözün hərfi mənasında «yayındırmaq», «sərfnəzər etmək», «nəzərə almamaq» deməkdir. Məsələn, kapitalizm bütöv bir tam kimi iqtisadi münasibətlərin müxtəlif növlərinin toplusundan ibarətdir. Onun haqqında konkret bilik əldə etmək üçün bu sistemə daxil olan bütün ünsürlər arasındakı daxili qarşılıqlı əlaqələri aşkara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki, kapita-lizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib hissələrinin hamısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki, əvvəlcə onun cəhətlərindən birini, sonra digərini, daha sonra üçüncüsünü və s. təhlil etmək lazımdır. Yalnız bu yolla kapitalizm haqqında konkret və tam təsəvvür əldə etmək olar. Deməli, münasi-bətlərin hər hansı bir cəhəti təhlil olunarkən bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi daha dərindən başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mühümlərini, başlıcalarını seçib ayırmağa, ikinci dərəcə-li, yaxud da tədqiqatı mürəkkəbləşdirən, çətinləşdirən, lakin onun mahiyyətinə xələl gətirməyən məsələlərdən sərfnəzər etməyə, onları nəzərə almamağa imkan verir. Bununla əlaqədar olaraq, iqtisadi hadisə və proseslər öyrənilərkən «başqa şərtlər sabit qalmaqla» metodundan da istifadə olunur. Başqa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin dəyişməz qaldığı fərz edilir.
Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kəmiyyət və keyfiyyət tərəflərinə malikdir. Hadisənin keyfiyyət tərəfi onun mahiyyətini ifadə edir. Kəmiyyət isə hadisənin miqdar ölçüsüdür. Bunların dialektik vəhdətində keyfiyyət müəyyənedicidir. Kəmiyyət dəyişmələri isə öz növbəsində labüd olaraq yeni iqtisadi keyfiyyətə doğru aparır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət müəyyənliyi olan mülkiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli inkişafını təmin etmişdir.
Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iqtisadi məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisadi hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələrinin xarakteri haqqında daha konkret təsəvvürə malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyətini aşkara çıxarmaq yox, həm də onun normasını müəyyən etmək maraqlı və vacibdir. Odur ki, iqtisadi nəzəriyyədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və statistik üsullardan, modelləşdirmədən geniş istifadə edilir.
Iqtisadi nəzəriyyə kursunda geniş tətbiq olunan metodlardan biri də məlumatların, sosial-iqtisadi proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqların və onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir olunmasıdır. Qrafiklər materialları daha yaxşı mənimsəməyə, aydın başa düşməyə, dərindən təhlil etməyə, rəqəmlərin köməyilə ifadə olunan qanunauyğunluqları sezməyə imkan verir, onların əyaniliyini, aydın və yadda qalan olmasını təmin edir.
Mövzu 2 : İstehsal, onun mahiyyəti və amilləri.( 2 saat)
Plan
1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.
2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.
3. Məhdud miqdarda iqtisadi ehtiyatlardan istifadənin səmərəliliyi.
1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. İndi hamıya məlumdur ki, siyasətlə, elm ilə, incəsəntlə məşğul olmazdan əvvəl , yemək, geyinmək, yanacağa; mənzilə və başqa maddi nemətlərə malik olmaq lazımdır. Lakin ictimai fikir bu nəticəyə birdən- birə deyil, uzun müddəti əhatə edən çətin bir yol keçməklə gəlib çıxmışdır. Və insanlar bu həqiqəti dərk etməklə, sanki ictimai həyatın inkişaf qanunauyğunluqlarının çox mürəkkəb yumağında kələfin ucunu tapmağa nail olmuşlar.
İnsan cəmiyyətinin həyatı isə həqiqətən olduqca mürəkkəb, çoxcəhətli və dolaşıqdır. O, maddi nemətlərin istehsalı, xidmətlər, elm və texnika, siyasət və ideologiya sahələrində insanların çoxsaylı fəaliyyət növlərindən ibarətdir. Başqa sözlə, insanlar arasında tədriclə ictimai münasibətlərin elə bir bütöv sistemi formalaşmış, müəyyən həyat tərzi, dövlətin ailənin, mənəviyyatın konkret formaları meydana gəlmişdir ki, bunların içərisindən həyatın əzəli ( ilkin) əsasını təşkil edən prosesləri ayırmaq lazım idi. Belə bir ilkin əsas bütün ictimai münasibətlər sistemindən ayrıldı və bu ictimai istehsaldan ibarətdir.
İqtisadiyyat cəmiyyət həyatının əsası olduğuna görə iqtisadi( istehsal) proseslər də bütün ictimai münasibətlər sistemində həlledici əhəmiyyətə malikdir. İqtisadi proseslərin baş verdiyi başlıca sahə isə iqtisadiyyatın əsasını təşkil edən ictimai istehsaldır.
İctimai istehsalda gedən proseslərdə insanlar bir tərəfdən təbiətlə, digər tərəfdən isə öz aralarında müəyyən münasibətlərə girirlər. Bu münasibətlərdə müəyyənedici rol insanlarla təbiət arasındakı münasibəti ifadə edən məhsuldar qüvvələrə məxsusdur.
Məhsuldar qüvvələr nədir? Bu suala cavab vermək üçün əvvəlcə ictimai istehsalın əsas amillərini nəzərdən keçirək.
İctimai istehsal aşağıdakı üç amil mövcud olduqda mümkündür:
1) iş qüvvəsi; 2) əmək cisimləri; 3) əmək vasitələri
İş qüvvəsi insanların əmək sərf etmək qabiliyyətləri, başqa sözlə, onların malik olduqları və istənilən vaxt istehsal prosesində istifadə edə biləcəkləri fiziki və zehni qabiliyyətlərinin məcmusudur. İstehsal prosesinin baş verməsi üçün iş qüvvəsi hər dəfə istehlak olunmalıdır. İş qüvvəsi istehsalın şəxsi amilidir.
Əmək cisimləri- insan əməyinin təsir göstərdiyi bütün şeylərdir ki, bunlar da gələcək məhsulun maddi əsasını təşkil edir. Əmək cisimlərini 2 yerə bölmək olar:
1) təbiətin insan cəmiyyətinə hazır halda verdiyi əmək cisimləri ( kömür, dəmir filizi, təbii sututarlardakı balıq və s. )
2) insanların özlərinin əməyi ilə yaradılan əmək cisimləri ( xammal və ya xam material, yanacaq və i. a. ).
İnsan əməyinin təsir göstərdiyi əmək cisimlərinə xammal və ya xam material deyilir. Məsələn, domna sobalarında istifadə olunan kömür və filiz, maşınqayırma zavodundakı metal, toxuculuq müəssisələrindəki iplik xammal və ya xam materialdır. Elmi- texniki inqilab inkişaf etdikcə qabaqcadan nəzərdə tutulmuş xassələrə malik olan keyfiyyətcə yeni, yəni təbiətdə olmayan əmək cisimlərinin yaradılması mümkün olur. Lakin qeyd etmək lazımdır ki, bu zaman da torpaq, təbiət əzəli əsasdır. Bu, onu göstərir ki, klassik ingilis siyasi iqtisadının görkəmli nümayəndəsi U. Pettinin “ Əmək sərvətin atası, torpaq isə anasıdır” tezisi müasir dövrlə həmahəng səslənir.
Əmək vasitələri insanların əmək cisimlərinə təsir göstərdikləri şeylərə və ya şeylər kompleksinə deyilir. İnsanlar bu şeylərin fiziki, kimyəvi, bioloji xüsusiyyətlərindən istifadə etməklə özlərinə lazım olan məhsulları istehsal edirlər.
Əmək vasitələri bir neçə növə ayrılır. Bunların içərisində həlledici yer mexaniki əmək vasitələri və ya əmək alətlərinə - maşın və avadanlıqlarına məxsusdur. Bunlar istehsalın sümük və əzələ sistemini təşkil edirlər. Əmək alətlərinin inkişafı texniki tərəqqinin əsas göstəricisidir. İstehsalın inkişafında hər bir tarixi dövrün başlıca fərqləndirici əlaməti hər şeydən əvvəl əmək alətlərinin inkişaf səviyyəsi ilə müəyyən edilir.
Əmək vasitələrinin növlərindən biri də istehsalın damar ( borular, çənlər, çəlləklər və s. ) sistemidir. Kimya, metallurgiya, atom sənayesinin inkişafı ilə əlaqədar olaraq cəmiyyətdə bu əmək vasitələrinin rolu nəzərə çarpacaq dərəcədə artır.
Əmək vasitələrinə, həmçinin istehsalat binaları, şosse və dəmir yolları, kanallar və s.- də daxildir. Torpaq həm əmək vasitələri, həm də əmək cismidir. Başqa sözlə, torpaqdan kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün bir vasitə kimi istifadə olunduğuna görə o, əmək vasitəsidir. Digər tərəfdən, insan öz əməyi ilə torpağa təsir göstərdiyinə görə ( məsələn, torpaq şumlandıqda, toxum səpildikdə, bitkilər becərildikdə və s. ) o, həm də əmək cismidir.
Əmək cisimləri ilə əmək vasitələri ikisi birlikdə istehsal vasitələrini əmələ gətirir. İstehsal vasitələri ictimai istehsalın maddi amilidir.
İstehsalın şəxsi və maddi amilləri bir- biri ilə qarşılıqlı əlaqədədir. Bu o deməkdir ki, istehsalın onun ünsürlərinin- işçi qüvvəsi, əmək cisimləri və əmək vasitələri- mexaniki birləşməsindən ibarət olduğunu təsəvvür etmək düzgün olmaz, bu qarşılıqlı əlaqədə olan mürəkkəb bir sistemdir. Qarşılıqlı əlaqədə və bir – birindən asılı olan bütöv sistem isə istehsalın ünsürlərinin mexaniki toplusundan keyfiyyətcə fərqlənir və istehsal texnologiyası və onun təşkili ilə əlaqədar daha çox səmərə əldə edilməsinə imkan verir.
Texnologiya istehsalın əsas amilləri arasıdakı qarşılıqlı əlaqələri, həmçinin istehsal vasitələrinin elmi kəşflər vasitəsilə və təcrübədə aşkara çıxarılan mexaniki, fiziki və kimyəvi xassələrinə əsalanmaqla əmək cisimlərinə insanların təsiretmə üsullarını ifadə edir.
İnsanlar şeylərin əvvələrində məlum olmayan xassələrini aşkara çıxarmaqla yeni növ məhsullar hazırlamağın sirlərinə yiyələnir, daha mütərəqqi texnologiyadan, keyfiyyətcə tamamilə başqa materiallardan istifadə edirlər. Bu da öz növbəsində işçilər qarşısında yeni tələblər qoyur.
Bununla birlikdə istehsalın təşkili də fasiləsiz olaraq dəyişir və daim təkmilləşir, ictimai istehsalın sahə quruluşu dəyişir və mürəkkəbləşir, ixtisaslaşdırılma və kooperasiyalaşdırmanın yeni- yeni formaları meydana çıxır, istehsalın ictimai xarakteri , istehsal prosesində müəssisələr, sahələr arasında qarşılıqlı əlaqələr güclənir.
İctimai istehsal inkişaf etdikcə istər onun amillərini, istərsə də onların qarşılıqlı əlaqələrinin xarakteri də dəyişir, enerji problemi daha kəskin xarakter alır. İlk dövrlərdə başlıca enerji mənbəyi insanın ( yaxud istehsalda istifadə olunan heyvanların) qüvvəsi olmuş və enerji istehsalın müstəqil amili kimi ayrılmamışdır. İndi isə vəziyyət tamamilə dəyişmişdir. Hazırda istehsalın amilləri arasında qarşılıqlı əlaqə və asılılıq güclü enerji mənbələrini mənimsəmədən mümkün deyildir. Deməli, indiki şəraitdə istehsalın enerji ilə təmin olunması son dərəcə böyük əhəmiyyət kəsb edir.
Elmi- texniki inqilabın təsiri ilə xidmət sahələri surətlə inkişaf edir və onlar cəmiyyət üçün çox vacib olan vəzifələri yerinə yetirirlər. Bu sahələr istehsalın infrastrukturu adlanır və bunlara nəqliyyat, rabitə, enerji və informasiya xidməti daxildir. İstehsalın şəxsi amilinin inkişafında isə sosial infrastruktur( təhsil, səhiyyə, ictimai- iaşə, mənzil kommunal təsərrüfatı) mühüm rol oynayır.
İctimai istehsalın amillərinin mürəkkəbləşməsi və onlar arasındakı qarşılıqlı əlaqələrin güclənməsi cəmiyyətin inkişafının bütün mərhələlərində onun əsas ünsürlərinin işçi qüvvəsi, əmək cisimləri əmək vasitələrindən ibarət olması haqqında müddəanı aradan qaldırmır, əksinə, istehsalın amillərinin qarşılıqlı fəaliyyəti nəticəsində insanların bu və ya digər tələbatını ödəmək xassəsinə malik olan əmək məhsulları yaranır.
İstehsalın şəxsi amili ilə maddi amili ikisi birlikdə və qarşılıqlı əlaqədə cəmiyyətin məhsuldar qüvvələrini təşkil edir.
Məhsuldar qüvvələrin inkişafı insanların təbiət qüvvələrini və hadisələri üzərində hökmranlıq dərəcəsini ifadə edir və öz əksini əmək məhsuldarlığının yüksəldilməsində, cəmiyyətin sərvətinin artmasında tapır. Məhsuldar qüvvələrin inkişaf səviyyəsi ictimai tərəqqinin başlıca meyarı və ən mühüm ümumi göstəricisidir.
İctimai tərəqqinin bir pilləsindən digərinə keçilməsi inkişafı dayandırmır və mövcud məhsuldar qüvvələrin məhv edilməsini tələb etmir. Əksinə, hakimiyyətə gəlmiş qabaqcıl sinif köhnə cəmiyyətdə yaradılmış məhsuldar qüvvələrdən istifadə etməklə onları yenidən qurmağa, keyfiyyətcə yeni səviyyəyə qaldırmağa nail olur, öz hakimiyyətini qəti olaraq bərqərar edir.
İstehsal prosesində insanlar yalnız təbiətlə deyil, həm də az aralarında müəyyən münasibətlərə girirlər.
İctimai istehsal, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iradəsindən , istək və arzularından asılı olmayaraq meydana çıxan münasibətlərin məcmusu istehsal münasibətləridir.
İstehsal münasibətləri bütün ictimai münasibətlər sistemində başlıca, həlledici münasibətlərdir, cəmiyyətin ictimai bazisidir.
İstehsal münasibətlərinin aşağıdakı iki növünü bir- birindən fərqləndirmək lazımdır.
Təşkilati- iqtisadi münasibətlər.
Sosial- iqtisadi münasibətlər.
Təşkilati- iqtisadi münasibətlər məhsuldar qüvvələrin inkişaf dərəcəsi və təşkili səviyyəsini səciyyələndirir. Buna əmək bölgüsü, istehsalın ixtisaslaşdırılması, kooperasiyalaşdırılması, təmərküzləşməsi, mərkəzləşməsi və s. aiddir.
Sosial- iqtisadi münasibətlər isə istehsalın ictimai formasını ( xüsusi kapitalist, xırda əmtəə istehsalı və s. ) ifadə edir.
2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.
Iqtisadiyyatın əsasını təşkil edən başlıca problem iqtisadi ehtiyatların məhdud miqdarda və ya aztapılan (nadir) olmasıdır. Iqtisadi ehtiyatlar dedikdə əmtəələrin istehsalı və əhaliyə xidmət göstərilməsi üçün istifadə olunan təbii, əmək və insanların özləri tərəfindən istehsal edilmiş ehtiyatlar nəzərdə tutulur. Bunlara sənaye və kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün istifadə olunan müəssisələrin binaları, qurğular, avadanlıqlar, maşın və alətlər, nəqliyyat və rabitə vasitələri, əməyin müxtəlif növləri, torpaq, faydalı qazıntılar və i. a. aiddir.
Iqtisadi və ya istehsal ehtiyatları aşağıdakı dörd qrupa bölünür: 1) təbii ehtiyatlar; 2) maddi ehtiyatlar; 3) əmək ehtiyatları; 4) maliyyə ehtiyatları.
Təbii ehtiyatlara istehsalda istifadəyə yararlı olan şeylər daxildir. Bunların özləri də «tükənən» və « tükənməyən» ehtiyatlara, tükənən ehtiyatlar da öz növbəsində «bərpa edilə bilən» və «bərpa edilə bilməyən» ehtiyatlara bölünür.
Maddi ehtiyatlar insanların özləri tərəfindən yara-dılan investisiya əmtəələrindən (maşınlar, avadanlıqlar, xammal və materiallar, yanacaq və i.a.) ibarətdir.
Əmək ehtiyatlarına əmək qabiliyətli əhali daxildir. Əmək ehtiyatları sosial-demoqrafik, peşə-ixtisas və mədəni –təhsil aspektlərindən nəzərdən keçirilir.
Sənayeləşdirmədən əvvəlki texnologiyalardan səna-ye texnologiyalarına, oradan da postindustral texnologiya-lara keçildikdə ayrı-ayrı ehtiyat növlərinin əhəmiyyəti də də-yişmişdir. Belə ki, sənaye cəmiyyətinə qədər təbii və əmək, sənaye cəmiyyətində maddi, posdindustral cəmiyyətində isə intellektual və informasiya ehtiyatlarına üstünlük verilmiş və verilir.
Sahibkarlıq qabiliyyəti də iqtisadi ehtiyatlara aid edilir.
Iqtisadi ehtiyatlar müxtəlif üsullarla təsnifləşdirilir. Onları hər şeydən əvvəl, bərpa edilməsi mümkün olan və mümkün olmayan ehtiyatlara bölmək olar. Birinciyə torpaq, su hövzəsi, meşələr, habelə əmək ehtiyatları, ikinciyə isə daş kömür, neft, qaz, dəmir filizi yataqları və s. aid edilə bilər.
Iqtisadi ehtiyatlar istehsal prosesində oynadıqları roldan və məhsulda öz əksini tapıb-tapmamasından asılı olaraq iki qrupa bölünür: 1) Istehsal prosesini təmin edən iqtisadi ehtiyatlar; 2) Məhsulda maddiləşən iqtisadi ehtiyatlar. Maşınlar, avadanlıqlar, bina və tikililər, habelə əmək ehtiyatları bir neçə istehsal dövründə (tsiklində) iştirak etməklə, istehsal prosesini təmin edən iqtisadi ehtiyatlara aiddir. Xammal və materiallar, yanacaq isə bir istehsal dövründə iştirak etməklə, istehsal olunan məhsulda maddiləşir. Nəhayət iqtisadi ehtiyatlar obyektiv (maddi) və subyektiv (şəxsi) ehtiyatlara bölünür. Maddi ehtiyatlara binalar, maşınlar, avadanlıqlar, xammallar, yanacaq və s. şəxsi ehtiyatlara isə əmək ehtiyatları daxildir.
Iqtisadi ehtiyatları həm də kəmiyyət və keyfiyyət baxımından nəzərdən keçirmək lazımdır. Çünki cəmiyyət inkişaf etdikcə istifadə olunan ehtiyatların miqyası genişlənir, istehsal prosesinə daha çox iqtisadi ehtiyatlar cəlb olunur.
Tarixi inkişafın gedişində iqtisadi ehtiyatların rolu və əhəmiyyəti dəyişir. Məsələn, vaxtilə aqrar bölmədə ənənəvi əl “əməyi”, dartıcı qoşqu qüvvəsi kimi iş heyvanları üstünlük təşkil edirdisə, sənayeləşdirmənin həyata keçirilməsi istehsal olunan maşın və xammalların ön plana keçməsinə, elmin iqtisadi ehtiyata çevrilməsinə imkan vermişdir.
Elm keyfiyyətcə xüsusi iqtisadi ehtiyat, elmi biliklər isə təbiət və cəmiyyətin inkişaf qanunları, onların təcrübədə tətbiq olunması üsulları haqqında informasiya mənbəyidir. Hər cür inkişaf kimi, texnoloji tərəqqi də həm təkamül, həm də inqilab yolu ilə baş verə bilər.
Iqtisadi ehtiyatlar məhsul buraxılışının potensial imkanlarıdır. Istehsal prosesində onlar birləşdirilir və istehsalın amillərinə çevrilir. Daha konkret desək, müəyyən texnologiya əsasında digər ehtiyatlarla birləşdirilən iqtisadi ehtiyatlar istehsalın amilləri adlanır.
Iqtisadi ehtiyatlara bir çox hallarda istehsal ehtiyatları da deyilir. Bütün iqtisadi ehtiyatlar ümumi bir xassəyə malikdirlər. Bu, ondan ibarətdir ki, onların hamısı nadir tapılan və ya məhdud miqdardadır.
3. Məhdud miqdarda ehtiyatlardan istifadənin səmərəliliyi.
Səmərəlilik iqtisadi nəzəriyyənin əsas problemidir. Səmərəlilik dedikdə cəmiyyətin artan sonsuz tələbatını daha yaxşı, yaxud da imkan daxilində maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda ehtiyatlardan daha səmərəli istifadə edilməsi əsasında, yüksək nəticələrə nail olunması nəzərdə tutulur.
Iqtisadi səmərəlilik istehsal prosesində istifadə olunan məhdud ehtiyatların miqdarı ilə əldə edilən hər hansı bir məhsulun miqdarı arasındakı əlaqəni səciyyələndirir, başqa sözlə, “xərc-məhsul buraxılışı” problemini əhatə edir.
Beləliklə, məhsul istehsalı ilə istehsalın amilləri arasındakı qarşılıqlı əlaqə iqtisadi səmərəlilik göstəriciləri vasitəsilə təzahür edir. Bunlar da öz növbəsində iqtisadi ehtiyatların hər vahidinə düşən məhsulun həcmi ilə ölçülür. Iqtisadi səmərəliliyə qiymət verərkən təkamilli və çoxamilli metodları bir-birindən fərqləndirmək lazımdır. Birinci halda buraxılan məhsul növbə ilə ayrı-ayrı iqtisadi ehtiyatların, ikinci halda isə bütün iqtisadi ehtiyatların həcmi ilə müqayisə edilir.
Səmərəliliyin qiymətləndirilməsində çoxamilli yanaşma metodundan istifadə edilməsi, məhsul istehsalının artmasında hər bir iqtisadi ehtiyatın oynadığı rolu müəyyən etməyə imkan verir.
Bütün bunlar nəzərə alınmaqla hər bir cəmiyyətdə ehtiyatlardan səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məqsədlə də cəmiyyətin malik olduğu ehtiyatlardan tam istifadə olunmaqla istehsalın mümkün olan həcmi təmin edilməlidir. Bunun üçün isə tam məşğulluğa və istehsalın tam həcmdə fəaliyyət göstərməsinə nail olunmalıdır.
Tam məşğulluq dedikdə bu iş üçün yararlı olan bütün ehtiyatlardan istifadə edilməsi nəzərdə tutulur.
Istehsalın tam həcmdə fəaliyyət göstərməsi isə o deməkdir ki, ehtiyatları müxtəlif sahələr arasında səmərəli bölüşdürmək, yəni tətbiq olunan ehtiyatlardan elə istifadə etmək lazımdır ki, onların hər biri istehsalın ümumi həcminə öz töhfəsini verə bilsin. Buna hansı məhsulun istehsalı üçün harada daha əlverişli şərait varsa, onu məhz orada istehsal etmək yolu ilə nail olunur.
Qənaət probleminin mahiyyətini cəmiyyətin istehsal imkanlarını nəzərdən keçirməklə daha aydın nümayiş etdirmək olar. Bu məqsədlə əvvəlcə aşağıdakı ehtimallara yol verildiyini fərz edək: 1) Iqtisadiyyat tam məşğulluq şəraitində fəaliyyət göstərir və istehsalın tam həcmi təmin edilmişdir; 2) Istehsal amilləri nə kəmiyyət, nə də keyfiyyətcə dəyişmir; 3) Istehsal texnologiyası dəyişmir; 4) Cəmiyyətdə cəmi-cümlətanı iki məhsul-sənaye robotları və yemək şeyləri istehsal olunur.
Lakin əslində belə deyildir. Başqa sözlə, cəmiyyətdə bu və ya digər səviyyədə işsizlik mövcuddur və istehsalın tam həcmdə fəaliyyət göstərməsi mümkün deyildir; istehsal amilləri həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir və yenidən bölünür: Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq istehsal texnologiyası və mövcud istehsal ehtiyatlarının tərkibi daim dəyişir; iqtisadiyyatda saysız-hesabsız adda məhsul istehsal edilir və xidmət göstərilir. Yemək şeyləri insanların tələbatlarını bilavasitə ödəyən istehlak dəyərləri, sənaye robotları isə dolayı yolla ödəyən istehsal təyinatlı investisiya əmtəələridir.
Bu ehtimallar onu göstərir ki, iqtisadiyyatın normal inkişafını təmin etmək üçün cəmiyyət istehsal imkanlarının seçilməsi zəruriyyəti ilə üzləşir. Başqa sözlə, bir halda ki, mövcud ehtiyatların ümumi həcmi məhduddur, deməli, iqtisadiyyatın sənaye robotları və yemək şeyləri istehsalını istənilən qədər genişləndirmək imkanları da məhduddur. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, sənaye robotları istehsalının müəyyən miqdarda artırılması yemək şeylərinin istehsalına sərf edilən ehtiyatların azalmasına, yəni onun bir hissəsinin bu sahədən “axıb-getməsinə” səbəb olur. Əks nəticə də çıxarmaq olar: əgər yemək şeyləri istehsalını artırmaq istəyiriksə, onda bu, sənaye robotları istehsalının azalması hesabına mümkün ola bilər. Deməli, cəmiyyət bir-birini qarşılıqlı surətdə inkar edən məqsədə çatmaq uğrunda mübarizə apara bilməz. Qənaət prob-leminin mahiyyəti də məhz bundan ibarətdir. Cəmiyyətin istehsal imkanlarını aşağıdakı misalla izah edək (Cədvəl 2.1).
Cədvəl 2.1
Sənaye robotları və yemək şeylərinin istehsal olunması imkanları (rəqəmlər şərtidir)
Məhsul növləri
|
Istehsal alternativləri
|
A
| B | C |
D
|
E
|
Yemək şeyləri-
yüz min
|
0
|
1
|
2
|
3
|
4
|
Sənaye robotları (min)
|
10
|
9
|
7
|
4
|
0
|
Dostları ilə paylaş: |