«Əmək haqqı xərcləri» elementinə firmanın bütün işçi heyətinin əmək haqqının ödənilməsi ilə əlaqədar məcmu xərclər: əsas və köməkçi fəhlələrin, mühəndis-texniki işçilərin, quluqçu və qalan digər kateqoriya işçilərin bütün əmək haqqı (əsas və əlavə) aid edilir.
«Sosial sığorta ayırmaları» xərc elementinə ölkə qanunvericiliyinə uyğun olaraq işçilərə ödənilən bütün növ əmək haqqının ümumi məbləğinə mütanasib olaraq Dövlət sosial sığorta fonduna məcburi ayırmalar daxildir.
«Əsas fondlarının amortizasiyası (köhnəlməsi)» xərc elementində əsas fondların balans dəyərinə görə ölkə qanunvericilik aktlarında nəzərdə tutulandan yüksək olmayan normalarla hesablanmış amortizasiya (köhnəlmə) ayrımaları uçota alınır.
Məhsulun maya dəyərinin «Sair xərclər» elementində istehsalın hazırlanması və mənimsənilməsi xərcləri, istehsalın təşkili və texnologiyasının təkmilləşdirilməsinə, məhsulun keyəiyyətinin yüksəldilməsi tədbirlərinə sərf edilən cari məsrəflər, həmçinin ixtiralar və səmərələşdirici təkliflərlə əlaqədar məsrəflər əks etdirilir.
İstehsal məsrəflərinin (xərclərinin) iqtisadi mahiyyətinə (təyinatına) görə qruplaşdırılmasının firmanın təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin təhlil edilməsində və mühasibat uçotunun təşkilində mühüm əhəmiyyəti vardır. Bu, firmanın istehsal məsrəflərinin məbləğini və ya smetasını tərtib etmək, maddi və pul resurslarına, dövriyyə vəsaitlərinə olan tələbini müəyyənləşdirmək, maya dəyəri planının məhsul istehsalı və satışı ilə uzlaşdırmaq, maya dəyərin quruluşunu müəyyən etmək və maya dəyərinin aşağı salınması məqsədilə tədbirlər işləyib hazırlamaq üçün ona hər il – özü də rüblərə bölünmüş halda – lazımdır.
Lakin xərclər iqtisadi mahiyyətinə görə təsnifləşdirildikdə onun hansı məhsula sərf edildiyi məlum olmadığından bu təsnifləşdirmədən müəssisədə istehsal edilən hər bir növ məhsul vahidinin maya dəyərinin hesablanmasında istifadə olunması mümkün deyilidir. Buna görə də məhsul vahidinin maya dəyərinin hesablanmasında məsrəflərin kalkulyasiya maddələri üzrə təsnifləşdirilməsi sistemindən istifadə edilir. Kalkulyasiya (latın sözü olub Azərbaycan dilində «hesablama», «hesab» mənalarına uyğun gəlir) xərclərin daşıyıcısının – məhsulun – hər vahidinin istehsalı və satışına məsrəflərin hesablanmasıdır.
Məhsulun maya dəyərinin planlaşdırılması və uçotu praktikasında kalkulyasiyanın məsrəf maddələri üzrə nümunəvi qruplaşdırılmasından istifadə edilir.
Kalkulyasiyanın xərc maddələri aşağıdakılardır:
1) xammal və materiallar;
2) satın alınmış dəstəlşdirici məmulatlar və yarımfabrikatlar, müəssisəyə kooperasiyalaşma yolu ilə göstərilən xidmətlər;
3) qaytarlıan tullantılar (bu xərclər məhsulun maya dəyərindən çıxılır);
4) texnoloji ehtiyaclar üçün sərf edilən yanacaq və enerji;
5) istehsal fəhlələrinin əsas əmək haqqı;
6) istehsal fəhlələrinin əlavə əmək haqqı;
7) sosial sığorta ayırmaları;
8) yeni istehsalın hazırlanması və mənimsənilməsi xərcləri;
9) xüsusi təyianatlı alətlər və tərtibatların alınması xərcləri və sair xüsusi xərclər;
10) avadanlıqların istisamra yararlı vəziyyətdə saxlanılması və istismarı xərcləri;
11) sex xərcləri;
12) ümumzavod xərcləri;
13) zay məhsul hesabına yaranan itkilər;
14) sair istehsal xərcləri;
15) istehsaldankənar xərclər.
Qeyd olunan bu xərc maddələrinin 1-11-ci maddələrinə aid edilənlərin cəmi məhsulun sex maya dəyərini, 1-14-cü maddələrinə aid olunanların məcmuu məhsulun istehsal maya dəyərini ifadə edir. Məhsulun tam dəyərini hesablamaq üçün onun istehsal maya dəyərinin üzərinə istehsaldankənar xərclərinin məbləği əlavə edilməli, başqa sözlə, məhsulun istehsal maya dəyəri ilə hazır məhsulun satış xərclərini toplamaq lazımdır. Məsrəflərin kalkulyasiya madələri üzrə qruplaşdırılması hər bir məhsulun maya dəyərini müəyyən etməyə imkan verir. O, məsrəflərin yaranma yeri, onların təyinatı, məhsul istehsalı, texnoloji proses, avadanlığa qulluq edilməsi və idarəetmə ilə bilavasitə əlaqədar olan məsrəfləri xarakterizə edir. Məhsulun maya dəyərində «Xammal və material» xərc maddəsi ən böyük xüsusi çəkiyə malikdir. Bu xərc maddəsinə istehsal edilən məhsulun substansiyasını – onun məğzini, məzmununu – təşkil edən xammal və material məsrəfləri aid edilir. Bu xərc maddəsinə həmçinin, ayrıca bir xərc maddəsi kimi uçota alınmadığı halda, texnoloji məqsədlər üçün istifadə edilən köməkçi material məsrəfləri də aid edilir.
Qaytarılan tullantıların dəyəri xammal və material məsrəflərindən çıxılır. İstehsalda istifadəsi imkanından asılı olaraq qaytarılan tullantılar istifadəsi mümkün və istifadəsi mümkün olmayan tullantılara bölünürlər. İstehsalda istfadə olunan tullantılar müəsisəyə məhsul istehsalı üçün lazım olan tullantılara aiddir. İstifadə edilməyən tullantılar kənar müəssisə və təşkilata satıla bilər.