Reklamın iqtisadi effektliyi. Bu göstərici reklamdan əldə edilən nəticənin reklama çəkilən xərclərlə müqayisəsi əsasında müəyyənləşdirilir. Reklam kampaniyasının iqtisadi effektliyini müəyyənləşdirərkən əsasən iki metoddan istifadə edilir:
1.Aparılan eksperimentin nəticələrinin təhlilinə əsaslanan metod. Bu metoda uyğun olaraq müəyyən vaxt ərzində firmanın fəaliyyət göstərdiyi iki bazar götürülür. Həmin bazarlarda bütün şərtlər eyni olmaqla müxtəlif dərəcəli reklam tədbirləri həyata keçirilir. Həmin dövr üzrə satışın həcminin artımı ilə reklama çəkilən xərclərin həcmi göstəriciləri müqayisə olunur. Bu yolla həyata keçirilən reklam tədbirlərinin satışın həcminə və deməli müəssisənin fəaliyyətinə təsiri müəyyənləşdirilir. Bu metodun çatışmazlıqlarından biri ondan ibarətdir ki, satışın həcminin artımının hansı hissəsinin məhz reklam hesabına baş verdiyini müəyyənləşdirmək olduqca çətindir. Bu mənada əsas çətinlik reklamın təmiz effektliyini müəyyənləşdirməkdən, yəni mənfəətin məhz reklam hesabına artan hissəsini hesablamaqdan ibarətdir.