Mövzu 7. Məhsulların bölüşdürülməsi və satışının təşkili
Plan:
7.1. Məhsulların bölüşdürülməsi və satışının mahiyyəti, funksiyaları və səviyyələri
7.2. Satış kanallarının iştirakçılarının ümumi xarakteristikası
7.3. Satış kanallarının seçilməsinə təsir edən amillər
7.4. Məhsulların fiziki bölüşdürülməsinin təşkili
7.1. Məhsulların bölüşdürülməsi və satışının mahiyyəti, funksiyaları və səviyyələri
İstənilən məhsulun faydalılığı, istehlak xüsusiyyətləri yalnız onun istehlakında reallaşır. Hətta istehlakçılar tərəfindən alınmayan və ya istehlak olunmayan (istifadə edilməyən), yəni realizəsi mümkün olmayan yüksək keyfiyyətli məhsulların istehsal edilməsi bütün növ resursların səmərəsiz sərf edilməsindən başqa bir şey deyildir. Buna görə də istehsal edilmiş məhsulların istehsalçıdan istehlakçıya çatdırılması, yəni məhsulların bölüşdürülməsi və satışı təşkil edilməli və həyata keçirilməlidir.