Təbii resursların kəmiyyət və keyfiyyəti. Qeyd etməliyik ki, iqtisadi artımın bu amili iqtisadiyyatın bir növ start götürülməsi üçün çox vacibdir. Çünki, təbii resursların istehsala cəlb olunmasından əvvəl onun mövcud səviyyəsi iqtisadiyyatın aparılma istiqamətinin müəyyənləşdirilməsinə imkan yaradır. Bu da bir qayda olaraq, təbii resursları zəngin olan ölkələrdə kənd təsərrüfatının sürətli inkişafına səbəb olmaqla onun sənayesinin inkişafının təməl daşını qoyur.
Əmək resurslarının kəmiyyət və keyfiyyətiiqtisadi artımda xüsusi rola malikdir. Belə ki, məhsul artımını, ya əmək resurslarından, ya da onlardan daha məhsuldar istifadə etmək yolu ilə əldə etmək olar. Yəni əmək sərfinin artırılması ilə vaxt vahidi ərzində daha çox məhsul istehsal etmək olar. Bu baxımdan əmək sərfi dedikdə, məhsul istehsalında məşğul olanların sayı və işlənmiş saatların orta miqdarı nəzərdə tutulur. Əmək sərfinin daşıyıcısı olan iş qüvvəsi təhsil və peşə hazırlığından asılı olaraq iqtisadi artımın sürətinə müxtəlif dərəcədə təsir göstərir. Əhalinin təbii artım sürəti yüksək olan, lakin onların təhsili və peşə hazırlığı aşağı olan ölkələrdə o, iqtisadi artımın nəinki sürətinə, əksinə onun ləngiməsinə səbəb olur.