İqtisadi nəzəriyyədə məcmu tələb (AD, aggregate demand) dedikdə, milli iqtisadiyyatda yaradılmış bütün son əmtəə və xidmətlərin alınması üçün makroiqtisadi subyektlərin hamısı tərəfindən planlaşdırılmış məcmu xərclər başa düşülür.
Məcmu tələb bir çox amillərdən: ölkədə qiymətlərin ümumi səviyyəsindən, real milli gəlirin səviyyəsindən, yığılmış əmlakın dəyərindən, dövlətin əhalinin gəlirlərinə verğiqoyma sahəsində, pul, kredit və s. siyasətindən asılıdır ki, bunlar vergilərin, faiz dərəcəsinin ölçülərini, pensiyaların, dövlət büdcəsi müəssisələri və təşkilatları işçilərinin əmək haqqının həcmini, firma və ev təsərrüfatlarının gözləmələrini, mübadilə məzənnəsini və s. müəyyənləşdirir.
Pul miqdarı nəzəriyyəsi əsasında məcmu tələbin müəyyənləşdirilməsi onu kəmiyyətcə səciyyələndirir. Məcmu tələb ən ümumi şəkildə əhalinin, müəssisələrin və dövlətin, ayrı-ayrı əmtəələrin qiymətindən asılı olmayaraq, qiymətin ümumi səviyyəsinə uyğun ala biləcəyi əmtəə və xidmətlərin cəmindən ibarətdir. Qiymətin ümumi səviyyəsinin dəyişməsi ilə məcmu tələbin dəyişməsini şərtləndirən amillərə baxaq. Bunlar faiz dərəcəsi effekti, varlılıq effekti, idxal məhsulları effektidir.