MÖVZU 13. Mütləq və nisbi üstünlüklər nəzəriyyəsi
Plan
1. A.Smitin və D. Rikardonun mütləq və nisbi üstünlüklər nəzəriyyəsi.
2.Xekşer-Olin konsepsiyası.Leontyev paradoksu. Xekşer-Olin nəzəriyyəsinin genişlənməsi.
3.M.Porterin konsepsiyası. İnkişaf mərhələləri, vahid sivilizasiya və sivlizasiyaların toqquşması nəzəriyyələri.
Beynəlxalq ticarət əlaqələrinin xarakteri və ölkələrin kim ilə, nə ilə və nəyə görə ticarət etməsi problemi xarici ticarət sahəsində nəzəri axtarışların əsas məqsədi olaraq qalmaqda davam etmişdi və bu tarixi vəzifə ilk dəfə olaraq XVIII əsr ingilis klassik iqtisadi məktəbinin üzərinə düşmüşdü.
Beynəlxalq ticarət sahəsində irəli sürülmüş nəzəriyyələrdən biri klassik məktəbin ən görkəmli nümayəndəsi A.Smitin “Mütləq üstünlüklər nəzəriyyəsi”dir. A.Smit merkantilistlərdən fərqli olaraq, belə bir müddəa irəli sürdü ki, xarici ticarətdən hər hansı bir ölkənin iqtisadi faydası heç də hökmən hər hansı digər bir ölkənin ziyanı hesabına əldə edilmir. Başqa sözlə, xarici ticarət ticarət edən bütün ölkələrin hamısına eyni zamanda fayda verə bilər. A.Smit sənaye və ticarətin dövlət tərəfindən nizama salınmasının qalıqlarının ləğv edilməsini tələb edirdi. Daxili bazarda bəzi məhsulların satışı üçün təyin olunan aksizlər (dolayısı ilə alınan vergilər) təsərrüfata təsir göstərmək məqsədi ilə deyil, büdcə gəlirlərinin xatirinə tətbiq olunmalıdır. A.Smit İngiltərənin bütün beynəlxalq ticarət siyasətini ətraflı tədqiq etmiş və xarici ticarət azadlığı üçün proqram işləyib hazırlamışdır. O, merkantilistlərin əksinə olaraq ticarətin sərbəst olması ideyasını müdafiə edir və hesab edirdi ki, xarici ticarət vasitəsilə ayrı-ayrı ölkələr varlandıqca dünya iqtisadiyyatı da inkişaf edir. A.Smit təbii sistem ideyasını müdafiə etmiş, iqtisadi həyatı tənzimləyən, ilahi mahiyyət daşımayan və həyatın özündə olan “görünməyən əl”, “iqtisadi adam” anlayışlarını əsaslandırmışdır. A.Smitin fikrincə sərvətin mənbəyi nə yalnız qiymətli daşlar, nə də yalnız torpaqda becərilən kənd təsərrüfatı mallarıdır. A.Smitin nəzəriyyəsinə görə sərbəst ticarətdən ticarət aparan hər iki ölkə iqtisadi səmərə əldə edir. Lakin, bu zaman o, hesab edirdi ki, xarici ticarətə dövlətlər imkan daxilində az müdaxilə etməlidirlər.
Lakin, həyat göstərdi ki, A.Smitin mütləq üstünlüklər nəzəriyyəsi məntiqi olmaqla kamil deyildir. Belə ki, əgər hər hansı bir ölkə heç bir istehsal sahəsində mütləq üstünlüyə malik deyildirsə, o zaman necə olacaqdır? Digər ölkələr bu ölkələr ilə ticarət edəcəkmi? Belə bir sual da cavabsız qalır: istehsal xərcləri baxımından mütləq üstünlüyə malik olmayan hər hansı bir ölkə xarici ticarətdə iqtisadi səmərə əldə edə bilməzmi?
Beynəlxalq ticarətə dair nəzəriyyələrdən biri D.Rikardonun “Müqayisəli üstünlüklər” nəzəriyyəsidir. Mütləq üstünlüklər nəzəriyyəsinin cavab verə bilmədiyi sualları D.Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsi aydınlaşdırmışdır. D.Rikardo beynəlxalq ticarət məsələləri ilə yaxından məşğul olmuşdur. Mütləq üstünlüklər nəzəriyyəsinin davamı olaraq müqayisəli üstünlüklər nəzəriyyəsini işləyib hazırlamışdır. D.Rikardo sübut etmişdir ki, ölkələr arasındakı qiymətlərdə az da olsa fərq qalmaqda davam edir, hər bir ölkə üstünlüyə malikdir. Yəni, bu ölkədə həmişə elə bir əmtəə tapmaq mümkündür ki, mövcud istehsal xərclərinin nisbətində onun istehsalı digər ölkədəki istehsalından daha sərfəli olsun. Həmin ölkə məhz belə əmtəənin istehsalı və ixracı üzrə ixtisaslaşmalıdır. D.Rikardo belə düşünürdü ki, əgər hətta təsəvvür etsək ki, Şotlandiya həm yulafı, həm də şərabı az xərclə istehsal edir, lakin şəraba nisbətən yulafda onun üstünlüyü çoxdursa, o zaman xərclərin müəyyən nisbətində və mübadilənin müəyyən proporsiyalarında hər halda onun üçün yalnız yulaf, Portuqaliya üçün yalnız şərab istehsal etmək hər halda daha faydalı olacaqdır. Elə bu müqayisəli xərclər və ya müqayisəli üstünlüklər prinsipidir
D.Rikardonu belə bir sual maraqlandırırdı: nə üçün mövcud ölkədən məhz filan əmtəələr ixrac olunur, başqa əmtəələr isə idxal olunur? Həm də istehsalın inkişafı üçün, iqtisadi tərəqqi üçün xarici ticarət nə verir? D.Rikardo göstərirdi ki, ticarət bütün sivilizasiyalı millətləri bir ümumdünya təsərrüfatında birləşdirəcəkdir. Bu şərtlə ki, taxıl, şərab və digər kənd təsərrüfatı məhsulları dünyanın başqa ölkələrində metal məmulatlar və digər sənaye malları İngiltərədə istehsal edilmiş olsun. Beləliklə də, dünyanın əsas sənaye dövləti kimi İngiltərənin “təbii” üstünlüyünə haqq qazandırılırdı. Sonralar müqayisəli xərclər prinsipi bir sıra hallarda iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrin xammal və ərzaq istehsalında birtərəfli ixtisaslaşdırılmasına haqq qazandırmaq üçün istifadə edilmişdir ki, bu da onların sənayeləşdirilməsinə qarşı yönəldilmiş dəlil idi.
Beynəlxalq ticarət nəzəriyyələrinin mühüm istiqamətlərindən biri də neoklassik nəzəriyyələrdir. Bu nəzəriyyələrdən, “İstehsal amilləri nəzəriyyəsi”, “İstehsal amillərinin nisbəti nəzəriyyəsi”, “İstehsal amillərinin qiymətlərinin bərabərləşməsi teoremi» nəzəriyyələrini göstərmək olar. J.Seyin “İstehsal amilləri nəzəriyyəsi” A.Smitin və D.Rikardonun da əzabla həll etməyə çalışdıqları əsas məsələyə cavab vermək cəhdindən ibarət idi. J.Sey istehsalın üç amilini – əməyi, kapitalı və torpağı dəyərin mənbəyi elan edərək, buradan belə bir nəticə çıxardı ki, həmin amillərdən hər birinin sahibləri özlərinə çatası gəliri götürürdülər: fəhlə əmək haqqı, kapitalist mənfəət, torpaq sahibi renta götürür. J.Sey öz nəzəriyyəsində mənfəəti borc faizinə və sahibkar gəlirinə ayırırdı. Borc faizi kapitalın sahibi kimi, sahibkar gəliri isə müəssisənin rəhbəri kimi kapitalist tərəfindən mənimsənilir. Sahibkar gəliri istehsalın bütün amillərinin səmərəli şəkildə birləşməsindən ibarət olan xüsusi və çox mühüm ictimai funksiya üçün mükafatdır.
Neoklassik nəzəriyyədə geniş yayılmış nəzəriyyələrdən biri “İstehsal amillərinin nəzəriyyəsi” (E.Hekser, B.Olin) və “İstehsal amillərinin qiymətlərinin bərabərləşməsi”dir. (Hekser-Olin-Samuelson). İsveç iqtisadçıları E.Hekser və B.Olin XX əsrin 30-cu illərində xarici ticarətin hərəkət istiqamətləri və strukturunun hansı amillərlə müəyyən edilməsini təyin etdilər. E.Hekser və B.Olin nəzəriyyəsinə görə ölkələr arasında istehsal xərclərindəki nisbi fərqin əsasını istehsal amillərinin dünyada qeyri-bərabər bölgüsü təşkil edir. Bu nəzəriyyəyə görə “hər hansı bir ölkə malik olduğu bol istehsal amillərindən intensiv surətdə istifadə olunan əmtəələrin istehsalını təşkil etməklə üstünlük qazanıb. Digər tərəfdən, nisbətən az və ya heç olmayan istehsal amilləri intensiv istifadə edilən əmtəələrin istehsalında isə üstünlüyə malik deyildir”. Ölkələr bol amillərin intensiv istifadə olunması ilə istehsal edilən əmtəələri ixrac və onlar üçün kəsərli istehsal amillərinin intensiv istifadəsilə hazırlanan əmtəələri idxal edirlər. E.Hekser və B.Olin nəzəriyyəsinə görə hər bir ölkə müqayisəli üstünlüyə malik olduğu məhsul istehsalı üzrə ixtisaslaşaraq, onu ixrac edir. İxracat bu məhsulun istehsalı üçün istifadə olunan məhsulların tələbatını artırır. Həmin nəzəriyyəyə görə xarici ticarət ölkələrin malik olduqları izafi amillərin qiymətini aşağı salaraq, ölkələr arasında istehsal amillərinin qiymətlərinin tənzimlənməsinə gətirib çıxarır.
P.Samuelson isə istehsal amillərinin qiymətlərinin bərabərləşməsi, müqayisəli üstünlüklər nəzəriyyəsinin daha çox miqdarda ölkə və əmtəələrə aid edilməsi ideyasını irəli sürməklə nəzəriyyəni inkişaf etdirdi və onun modelini dəqiqləşdirdi. Bu model isə Hekser-Olin-Samuelson modeli adlandırıldı.
Beynəlxalq ticarətə dair müasir nəzəriyyələr isə üç əsas istiqamətdə inkişaf edir:
- müasir şəraitdə klassik nəzəriyyələrin prinsiplərinin zənginləşdirilməsi və təkmilləşdirilməsi;- xarici ticarətin yeni problemlərinin klassik mövqedən tədqiq edilməsi;- xarici ticarətin müasir alternativ nəzəriyyələri.
Müasir dövrdə geniş yayılmış nəzəriyyələrdən “Texnoloji üstünlük nəzəriyyəsi”ni, “Məhsulun həyat dövrü nəzəriyyəsi”ni, “Beynəlxalq rəqabət gücü nəzəriyyəsi”ni göstərmək olar. Xarici ticarətdə yeni texnologiyanın tətbiqi ilə əlaqədar nəzəriyyə M.Pozner tərəfindən 1961-ci ildə irəli sürülmüşdür. Bu nəzəriyyə idarəetmə, istehsal prosesində və ya əmtəələrdə müxtəlif ölkələrdə müxtəlif dərəcələrdə meydana gələn texnoloji yeniliklərin xarici ticarətdə doğurduğu nəticələrin izahına yönəldilmişdir. M.Poznerin texnoloji üstünlük nəzəriyyəsinə görə hər hansı bir ölkədə kəşf edilmiş texnoloji yenilikdən ticarət edən hər iki ölkə iqtisadi fayda əldə edir. Yeni texnika digər ölkələrdə yayıldıqca az inkişaf etmiş ölkə daha çox fayda əldə edir, yenilikçi vəziyyətində olan isə getdikcə bu yenilik üzrə öz üstünlüyünü itirir.
Raymond Vernon tərəfindən irəli sürülmüş “Məhsulun həyat dövrü nəzəriyyəsin”də o göstərir ki, hər hansı bir məhsulun istehsalında istifadə edilən müxtəlif istehsal amillərinin müqayisəli üstünlüyü müxtəlif ölkələrdə müxtəlifdir.
Beynəlxalq ticarətin mahiyyəti və strukturunun daha aydın başa düşülməsində məhsulun həyat dövrü adlanan nəzəriyyənin gətirdiyi yenilik ondan ibarətdir ki, bu nəzəriyyədə əsas təhlil obyekti ayrı-ayrı ölkələr deyil, transmilli korporasiyalar ön plana çəkilir.
Maykl Porter 80-cı illərin axırlarında “Millətlərin beynəlxalq rəqabət qabiliyyətliyi” adlı nəzəriyyə hazırlamışdır. M.Porter dünya bazarlarında ölkələrin rəqabət qabiliyyətini müəyyən edən və qarşılıqlı əlaqədə olan dörd əsas parametri göstərmişdir: amillərin şərtləri; tələb şərtləri; qohum və ona xidmət edən sahələr; firmanın strategiyası və rəqabət. M.Porter göstərir ki, istehsal amilləri irsən keçmir və geniş istehsal prosesində yaradılır. Tələb şərtləri – bu firmaların inkişafını müəyyən edən bazarın tələbidir. Beynəlxalq ticarətin inkişafını müəyyən edən üçüncü parametr qohum və ona xidmət edən sahələrin işinin təşkil edilməsidir. Dördüncü parametrə görə rəqabət strategiyası hazırlanarkən firmalar öz sahələrində səmərəli və uzunmüddətli rəqabət aparmaq üçün imkanlar axtarırlar. Bütün bu deyilənlərdən aydın olur ki, xarici ticarətin inkişafında xarici ticarət nəzəriyyələri çox mühüm rola malikdir.
Dostları ilə paylaş: |