R.Harrod modeli. Domardan fərqli olaraq Harrod iqtisadi artımın müvazinətli vəziyyəti üçün investisiyaların təminatlı rolunun müəyyənləşdirilməsi fikrini qarşıya qoymuşdur. Bu fikrini «Iqtisadi artımın dinamikası» əsərində əsaslandırmışdır. Bazarın təbiəti etibarilə dinamik müvazinətin qeyri-mümkünlüyünü əsas gətirməklə milli gəlirin artımının bir amil – investisiyalar hesabına mümkünlüyü nəzərə alınaraq dövlətin faiz dərəcələrinin və gəlirin tənzimlənməsinə yönəldilmiş tədbirləri müvəqqəti deyil, daimi və fəal xarakter daşımalıdır. Iqtisadi artımın istər ümumi milli məhsulun və ya milli gəlirin həcminin, eləcə də onların adambaşına düşən kəmiyyət göstəricilərinin istənilən səviyyədə saxlanılması hər bir inkişaf edən ölkənin iqtisadi məqsədlərinin özəyində durur. Bu baxımdan iqtisadi artımın stimullaşdırılması prosesi baş verir ki, o dövlət tənzimlənməsi kimi meydana çıxır. Qeyd etməliyik ki, bazar sistemli ölkələrdə bu proses müxtəlif iqtisadi cərəyanlarla həyata keçirilmiş və hər biri də özünəməxsus spesifikliyə malik olmuşdur.