Material məsrəfi normaları fəaliyyət müddətinə, maddi resursların təfsilləşdirmə dərəcəsinə və nəhayət, tətbiq miqyasına və s. əlamətlərinə görə təsnifləşdirilir. Normalar fəaliyyət müddətinə görə illik və perspektiv olurlar. Adından göründüyü kimi, fəaliyyət müddəti il üçün nəzərdə tutulmuş məsrəf normaları xammal, material, yanacaq və digər maddi resursların məhsul vahidinə orta illik məsrəfini səciyyələndirməklə cari planlaşdırmada tətbiq olunur. İllik məsrəf normaları il üçün istehsalı planlaşdırılmış məhsulların plan maya dəyərinin kalkulyasiyasında (məhsul vahidinin maya dəyərinin müəyyən edilməsində) istifadə olunur.
Maddi resursların təfsilləşdirmə dərəcəsinə görə məsrəf normaları iriləşdirilmiş (ümumi) və müfəssəl (dəqiq, konkret) normalara bölünür. İriləşdirilmiş məsrəf normaları məhsul vahidinə hər hansı adda bir material növündən maksimum yol verilə bilən məsrəf həddini nəzərdə tutur. Ümumi (iriləşdirilmiş) məsrəf normaları geniş nomenklaturada hər hansı materialdan sərf ediləcək həcmi konkret deyil, ümumi şəkildə özündə əks etdirir.
Bu və ya digər məmulatın istehsalı ilə əlaqədar olaraq materiala (məsələn, təbəqə polada) tələbat ümumi məsrəf norması əsasında müəyyənləşdirilir. Belə ümumi normalar, adətən, müəssisənin il üçün iriləşdirilmiş nomenklaturada maddi resursa tələbatının müəyyənləşdirilməsində və bir də materialdan qənaət işinin ümumi şəkildə təhlilində istifadə olunur.
Müfəssəl məsrəf normaları isə məhsul vahidinə hər hansı materialdan konkret texniki parametrləri (tip-ölçüsü, profili, markası, kimyəvi tərkibi, çeşidi, növü və s.) göstərilməklə hesablanmış normalardır. Müfəssəl məsrəf normaları təfsilləşdirilmiş sifarişlərin işlənib hazırlanması və habelə sexlərin konkret material növləri ilə təchiz edilməsi işində istifadə olunur.
Məsrəf normaları tətbiq miqyasına görə fərdi və qrup normalarına bölünür. Fərdi məsrəf normaları konstruktor-texnoloji sənədlər və aparılmış xüsusi laboratoriya tədqiqatı (bəzən statistik məlumatlar) əsasında planlaşdırılmış təşkilati-texniki tədbirlərin həyata keçirilməsi müddəti və habelə fəhlələrin ixtisas səviyyələri nəzərə alınmaqla konkret müəssisənin məhsulu üçün işlənib hazırlanır. Fərdi məsrəf normaları bütünlükdə məmulat və ya onun hər hansı bir hissəsi üçün də işlənib hazırlana bilər.