Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə4/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   2   3   4   5   6   7   8   9   ...   70
Ümumi testlər hər hansı ümumi xarakterli psixi xüsusiyyətin (məsələn, ümumi intellektual səviyyənin) tədqiq edilməsi üçün nəzərdə tutulduğu halda, xüsusi testlər insanın fərdiyyətinə aid keyfiyyətlərin (məsələn, sözlü-məntiqi və ya obrazlı təfəkkür) ölçülüb qiymətləndirilməsi məqsədinə xidmət edir.

Açıq testlərdə suala bir neçə cavab variantı təklif olunduğu halda, qapalı testlər üçün belə hal səciyyəvi deyildir.

Testlərin təsnifatında hər şeydən əvvəl məqsəd, məzmun, psixoloji testləşdirmənin forması kimi amillər əsas meyarlar hesab olunur. Məqsədin xarakterindən asılı olaraq sınanılan şəxslərin seçilməsi, bölünməsi və təsnifatı baxımından testlərin müxtəlif növləri fərqləndirilir.

Testlərin meydana gəlməsi və inkişafı XIX əsrin sonlarında ilk intellekt testlərinin yaranması ilə bağlıdır. Test nəzəriyyəsi və təcrübəsinin inkişafında Fransız həkimi Alfred Binenin xüsusi xidmətləri olmuşdur. Ötən əsrin 20-ci illəri psixoloji testlərin, xüsusilə intellekt testlərinin yaradılması sahəsində özünəməxsus canlanma dövrü kimi səciyyələndirilir. Bundan sonra xüsusi testlərin, şəxsiyyət testləri və proyektiv testlərin yaradılması sahəsində əsaslı dönüş yarandı. Bu dövrdə onlara test-eksperiment tipli sınaqlar da qoşuldu.

Uşaqlar üzərində geniş tətbiq olunan intellekt testləri içərisində Stenford şkalası əsasında qiymətləndirilən, dəfələrlə modifikasiya olunaraq müasir tələblər səviyyəsinə uyğunlaşdırılmış Bine-Simon testinin variantı xüsusilə məşhurdur. Bu testin tərkibində müxtəlif yaşlı uşaqlar üçün xüsusi seçilmiş test tapşırıqları qrupları mövcuddur. Həmin testlərin 2 yaşlı uşaqlardan başlamış 5 yaşlı uşaqlara qədər olan variantlarında yaş intervalı yarım ilə, 5-15 yaşlı uşaqlar üçün bu interval bir ilə, 15 yaşından yuxarı şəxslər üçün bir ildən artıq olmaqla intervallara bölünür. Bine-Simonun uşaqlar üçün intellekt testlərinin hər bir yaş variantı özündə altı, yaşlılar üçünvariantı isə səkkiz subtesti birləşdirir. Qeyd olunan testin uşaq variantının icrasına ayrılan vaxt 30-40 dəqiqə, yaşlılar üçün isə 1,5 saata bərabərdir. Onun nəticələrinin qiymətləndirilməsi üçün istifadə olunan şkala mənşəyinə və müəllifin adına görə adətən Bine-Stenford şkalası adlandırılır. Həmin şkala vasitəsilə əldə olunan göstəricilər uşaqların və yaşlıların intellektini və onların müxtəlif məktəblərdə təhsil almaq imkanlarını müəyyənləşdirməyə əsas verir. Bu test vasitəsilə uşaqların məktəbli qabiliyyətləri ölçülür. Qeyd etmək lazımdır ki, həmin şkala uzun illər boyu uşaqlarda intellektin ölçülməsinin yeganə aləti olmuşdur. Onun vasitəsilə əldə olunan intellekt əmsalı (İQ) hər hansı yaş dövrünün göstəricisi olmaqla kifayət qədər etibarlı meyar hesab edilmişdir.

İntellektin ölçülməsi üçün test təcrübəsində uzun illər boyu müvəffəqiyyətlə sınaqdan keçirilən şkalalardan biridə D.Veksler tərəfindən işlənilib hazırlanmışdır. Bu şkala müxtəlif yaşlı uşaqların anlama, analogiyanı aşkara çıxarma, hesab əməliyyatlarını yerinə yetirmə, verbal məsələləri həlletmə, həmçinin yaddasaxlama, yarımçıq şəkilləri tamamlama və quraşdırma kimi xüsusi qabiliyyətlərinin aşkara çıxarılmasını nəzərdə tutur. Veksler testinin də 4 yaşdan 6 yaş yarımadək olmaqla 11 subtestdən ibarət uşaqlar və yaşlılar üçün variantları vardır.

Həm Bine-Simonun, həm də Vekslerin intellekt testlərindən uzun illər boyu istifadə etməklə, uşaqların gələcək təlim müvəffəqiyyətini proqnozlaşdırmağa çalışan bir çox psixoloqlar onların nəticələri əsasında birmənalı fikir yürütməkdə çətinlik çəkmişlər. Belə ki, onların keçirdikləri sınaqlar zamanı əldə edilən əqli inkişaf əmsalı ilə uşaqların təlim müvəffəqiyyəti arasında bəzən əldə olunan uyğunsuzluqlar mənimsəmənin yalnız intellektual inkişaf səviyyəsindən asılı olması fikrinin təsdiqə tam əsas vermədiyini ortaya çıxarmışdır.

3.Bir çox psixoloqlar uşaqların təlim müvəffəqiyyətinin nəticələrinin yalnız anadangəlmə ümumi qabiliyyətlərdən deyil, həm də intellektin formalaşmasında ətraf mühitin təsirindən, təlim vasitəsilə uşaqlarda formalaşan bilik, bacarıq və vərdişlərin səviyyəsindən də asılı olduğu fikrini irəli sürmüşlər.

Psixoloji testlər içərisində çoxsaylı şəxsiyyət testlərinin özünəməxsus yeri vardır. Həmin testlər şəxsiyyətin əsas tibbi praktika üçün məlumat xarakteri kəsb edən xüsusiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə tətbiq olunur. Şəxsiyyət testlərinin meydana gəldiyi ilk dövrlərdə onlardan insanların şəxsiyyət keyfiyyətlərindəki qüsurların diaqnostikası məqsədilə istifadə olunurdu. Onların vasitəsilə əldə olunan qüsuru təsdiq edən nəticələr də əsasən patopsixoloji baxımdan qiymətləndirilir, xəstəlik əlaməti hesab olunur və həmin xüsusiyyətlər sırasına rigidlik, həyəcanlılıq və s. kimi hallar aid edilirdi. Psixatriya üçün əhəmiyyət kəsb etmədiyinə görə, ilk şəxsiyyət testlərində məsələn, idrak maraqları, qabiliyyətlər kimi xüsusiyyətlərin öyrənilməsi məqsədi qarşıya qoyulmurdu. Belə metodlar sırasına Porşah testini, tematik appersepsiya testi, Minnesottskinin çoxfaktorlu şəxsiyyət sorğusunu və b. aid etmək olar. Əsasən tibbi məqsədlər üçün tətbiq edilən belə testlər əslində uşaqların pedoqoji və psixoloji cəhətdən hər hansı xüsusiyyətlərini öyrənməyə imkan vermədiyindən, onun nəticələri ancaq həkimlər üçün maraqlı idi. Əslində isə şəxsiyyətin bir çox mühüm xüsusiyyətləri diqqət mərkəzindən kənara qalırdı. Ona görə də, belə testlər vasitəsilə uşaqların bütövlükdə şəxsiyyət keyfiyyətlərinin inkişafı haqqında hər hansı konkret nəticə əldə etmək mümkün deyildi. Bu cəhət belə bicr qənaətə gəlməyə imkan verir ki, təcrübədə bu və ya digər testdən istifadə etməzdən əvvəl onun yaranma tarixi, əsaslandığı nəzəriyyə və ənənəvi baxımdan tətbiq olunduğu sahələr haqqında ətraflı məlumata malik olmaq, daha konkret desək, testin yararlığını bilmək lazımdır. Bunları bilməklə uşaqlarla müayinə keçirən praktik psixoloq əldə etdiyi nəticələrin interpretasiyasında çətinlik çəkmir onun rəy və tövsiyyələri daha etibarlı olur. Şəxsiyyət testləri ilə iş aparan praktik psixoloq ilk növbədə müvafiq testin əsaslandığı şəxsiyyət nəzəriyyəsinə bələd olmalı və bu cəhətə xüsusi diqqət yetirməlidir. Əks halda tətbiq olunan testin imkanlarını lazımı səviyyədə qiymətləndirmək mümkün deyil. İxtiyari psixoloji test ilk növbədə onun müəllifinin nəzəri dünyagörüşünü əks etdirdiyinə görə, onun şəxsiyyəti anlama səviyyəsi ilə sıx bağlıdır. Test şəxsiyyətin əsasını təşkil edən bir çox baza əlamətlərinin öyrənilməsinə xidmət etdikdə belə, eyni hal baş verir. Ona görə də, şəxsiyyət keyfiyyətlərinin diaqnostikasını keçirərkən nəticələrin etibarlığını təmin etmək məqsədilə eyni vaxtda bir neçə müxtəlif testdən istifadə etmək və nəticələri müqayisə etmək zərurəti meydana çıxmış olur.

Testlərin tətbiqi zamanı diqqət yetirilməli olan əsas cəhətlərdən biri də onların yeni şəraitə uyğunlaşdırılmasını təmin etməkdən ibarətdir. Xarici ölkələrdə yaradılmış hər bir test ilk növbədə həmin ölkənin real gərçəklərinə - mədəni inkişaf səviyyəsinə, milli, dini və s. kimi xüsusiyyətlərinə əsaslanır. Bir ölkədə siyasi, iqtisadi, sosial və mədəni səviyyəyə uyğun olaraq hazırlanmış hər hansı test, başqa bir ölkədə olduğu kimi tətbiq edilmək imkanına malik deyildir. Ona görə də, hər bir test tətbiqdən əvvəl müvafiq ölkənin xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Lakin bəzən elə olur ki, hər hansı bir ölkədə hazırlanmış testin uyğunlaşdırılması zamanı dil amilindən irəli gələn çoxsaylı çətinliklər özünü göstərir. Orijinal variantda göstərilən söz və ifadələrin dəqiq ədəbi tərcüməsi hec də həmişə həmin testdə ifadə olunan psixoloji mənanı dəqiq və kifayət qədər düzgün ifadə etməyə imkan vermir. Testin daha yaxşı anlaşılması və tətbiqi üçün həmin testdəki ifadələrin ədəbi mənasını bilməklə yanaşı, onun müəllifinin ifadə etmək istədiyi spesifik mənanı da tam başa düşmək lazımdır.

Hər hansı bir yaş mərhələsinə aid olan insanların öyrənilməsinə aid testlər bir qayda olaraq başqa yaş qrupuna aid adamların tədqiq olunmasında istifadə oluna bilməz və onların müvafiq yaş qrupu üçün uyğunlaşdırılması vacibdir. Bu cəhətdən yaşlı adamlar üçün nəzərdə tutulmuş intellekt və şəxsiyyət testləri adətən uşaqların müayinəsi üçün yararsız olduğu kimi, uşaqlar üçün yaradılmış testlər də yaşlılar üçün tətbiq baxımından əhəmiyyətsizdir.

Testlərin tətbiqinin mühüm xüsusiyyətlərindən biri uyğunlaşmadır. Belə ki, eyni bir test əsasında uşaqlar üzərində sınaqlar keçirilərkən onlar tədricən testə adət etmiş olur və düşünmədən, mexaniki olaraq cavab verməyə adət etmiş olurlar. Praktik psixoloqun iş fəaliyyətində uzun test-soğulardan istifadə olunması uşaqların yorğunluğuna gətirib çıxarır. Ona görə də, test sınaqlarının keçirilməsində mümkün qədər qısa testlərdən istifadə etmək lazım gəlir. Bundan başqa, uşaqlarla ardıcıl test sınaqlarının keçirilməsi zamanı onlar arasında kifayət qədər vaxt intervalının gözlənilməsi zəruridir.

Təkrar testləşdirmə zamanı əldə olunan nəticələrin sabit olmaması bir sıra digər səbəblərdən də asılı ola bilər. Uşağın psixi vəziyyəti, əhvali-ruhiyyəsi, fiziki durumu, səhhəti kimi daxili, təlimatın verilməsi səviyyəsi, tədqiqatçının rəftarı kimi xarici şərtlər testin nəticələrində dəyişkənlik yaradan amillər kimi nəzərə alınmalıdır.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin