Ədəbiyyat siyahısı: Həsənli S. Psixologiyadan muhazirə konspektləri. Naxçıvan, 2011.
Seyidov S.İ., Həmzəyev M.Ə. Ümumi psixologiya. Bakı, 2014
Plan: Hafizənin ümumi xarakteristikası və nəzəriyyələri.
Hafizə prosesləri.
Hafizənin növləri və tipləri.
Müəllim: Aygün Rüstəmova
E-mail adresi: aygun-rustemova@inbox.ru
1). Hafizənin ümumi xarakteristikası və nəzəriyyələri: İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada "izi", işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik. Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən anadangəlmə və həyatda qazanılan mexanizm kimi də xarakterizə etmək olar.Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.Hafizə və onun mexanizmləri ta qədim zamanlardan mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuşdur. Bu baxımdan hafizənin psixoloji, fizioloji, biokimyəvi və s. nəzəriyyələri meydana çıxmışdır. Hafizənin psixoloji nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü assosiasiya anlayışı xüsusilə diqqəti cəlb edir. Bu anlayış bütün psixi törəmələrdə məcburi prinsip kimi irəli sürülmüşdür. Bu prinsipə görə əgər müəyyən psixi törəmələr şüurda eyni vaxtda və ya bir-birinin ardınca meydana gəlirsə, onların arasında assosiativ əlaqə yaranır və bu əlaqələrin hər hansı bir ünsürü yenidən canlandıqda şüurda mütləq onun bütün ünsürlərinin təsəvvürünü yaradır. Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik İ.P.Pavlov qoymuşdur. Bu İ.P.Pavlovun ali sinir fəaliyyətinin qanunauyğunluqları haqqında təliminin əsas müddəaları ilə sıx bağlıdır. Başqa sözlə, fizioloji nəzəriyyə hafizənin fizioloji əsasını beyin qabığında müvəqqəti əlaqələrin yaranması, möhkəmlənməsi və canlanması ilə bağlayır. Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə hesab edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi, hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur. Hafizə mərkəzi harada yerləşir?Son illərdə aparılan psixoloji tədqiqatlar təsdiq edir ki, yadasalma və xatırlama emosiya və motivasiya ilə sıx bağlıdır. Məlum olur ki, informasiyanın möhkəmləndirilməsində psixikanın affektiv və motivasiya fəallığını təmin edən qabıqaltı sahə əhəmiyyətli rol oynayır. Bütövlükdə beynin psixi funksiyasının lokalizasiyası hələ də tamamilə öyrənilməmişdir. Hələ də informasiyaların beyində necə kodlaşdırılması, görmə reseptorlarının məlumatlarının necə və beynin hansı sahəsində qorunduğunu tamamilə öyrənmək mümkün olmamışdır. Beyində psixi funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin travmaları almış xəstələri müşahidə etməklə toplanmışdır. Müəyyənləşdirilmişdir ki, beynin arxa nahiyəsinin zədələnməsi görmənin, alın nahiyəsinin zədələnməsi emosiyanın, sol yarımkürənin zədələnməsi nitqin pozulmasına səbəb olur. Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb olan fakt ondan ibarət idi ki, yalnız heyvanlarda deyil, həm də insanlarda da beynin böyük bir sahəsinin zədələnməsinə baxmayaraq, hafizə pozulmur. Qəbul edilən yeganə qanunauyğunluq ondan ibarət idi ki, beynin daha çox zədələnməsi ilə hafizənin pozulması arasında asılılıq mövcuddur. Bu kütlənin təsiri qanunu adlanır. Yəni beyin toxumalarının pozulması nisbəti ilə hafizənin pozulması nisbəti düz mütənasibdir. Hətta, beynin cərrahiyyə yolu ilə 20 faizi götürüldükdə belə, hafizə itmir. Elə bu səbəbdən də hafizə mərkəzinin lokalizasiyasının olmasına şübhə yaradır. Bəzi psixoloqlar isə hesab edirdilər ki, hafizə orqanı bütövlükdə beyindir. Son vaxtlar baş verən iki elmi yenilik psixikanın informasiya mərkəzinin dəqiq öyrənilməsinə ümidləri artırmışdır. Birinci, müəyyənləşdirilmişdir ki, beynin bir sıra sahələrinə təsir göstərilməsi nəticəsində şüurda mürəkkəb zəncirvari yadasalma baş verir. Yəni insan çoxdan unutduqlarını xatırlayır. Cərrahiyyə əməliyyatından sonra unutduqlarını asanlıqla yada sala bilir. İkinci, müəyyənləşdirilmişdir ki, hafizə mərkəzi və ya hər halda məlumatların qısamüddətli hafizədən uzunmüddətli hafizəyə ötürülməsini tənzim edən sahəsinin fəaliyyəti yeni informasiya daxil olanadək mümkün olmur. Bu mərkəz «qippokamp» adlanır və beynin gicgah sahəsində yerləşir. Qippokampın iki tərəfli götürülməsindən sonra xəstələr cərrahiyyə əməliyyatına qədər baş verənləri yada salır, lakin əməliyyatdan sonra baş verənləri isə yada sala bilmirlər. Əvvəllər toplanmış informasiyaların harada qorunduğu sualı hələ də öyrənilməmiş qalır.