Ədəbiyyat siyahısı: Həsənli S. Psixologiyadan muhazirə konspektləri. Naxçıvan, 2011.
Seyidov S.İ., Həmzəyev M.Ə. Ümumi psixologiya. Bakı, 2014
Plan: Hisslər haqqında anlayış.
Hisslərin funksiyası.
Hisslərin keçirilmə formaları:
İradə haqqında anlayış.
İradi işin funksiyaları
Şəxsiyyətin iradi keyfiyyətləri
Müəllim: Aygün Rüstəmova
E-mail adresi: aygun-rustemova@inbox.ru
Hisslər haqqında anlayış: İnsan ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir.Deməli, hisslər insanın münasibəti ilə bağlıdır.Münasibət isə şüurla bağlı olan psixi faktdır. Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir. Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır.Deməli, hisslər subyektiv xarakter daşıyır və o, şəxsin bilik və təcrübəsindən, cins, yaş, fərdi xüsusiyyətlərindən, eləcə də düşdüyü konkret vəziyyətdən asılı olur. Dilimizdə «hiss» termini müxtəlif mənalarda işlədilir. Adətən, «hiss» dedikdə, duyma, qavramaq, hiss etmək, dərk etmək anlamı başa düşülür. «Hiss» termini ilə «emosiya» termini arasında da həm oxşar, həm də fərqli cəhətlər var. Emosiya (latınca «emoverre» həyəcan keçirmək deməkdir) insanın üzvü tələbatının təmin olub-olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək təlabatı ilə bağlıdır. Hiss və emosiyalar həm də insan davranışını tənzim edən psixi fəaliyyət formasıdır. Emosiyalar tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir.Emosiya həm insana, həm də heyvana xasdır.Hisslər isə yalnız insana xas olan psixi keyfiyyətdir.Hisslər insan cəmiyyətinin inkişafı prosesində formalaşmışdır.Ona görə də hisslər ictimai səciyyə daşıyır.Hisslər insanın cisim və hadisələrə, insanlara bəslədiyi münasibətin mahiyyətini, emosiyalar isə bu münasibətlərin təzahür formalarını ifadə edir.Ona görə də emosiyaları, hisslərin təzahür formaları kimi başa düşmək lazımdır. Emosiyaların inkişafının ali səviyyəsi davamlı hissləridir. İnsanlar öz hisslərini emosiyalar formasında yaşayırlar.Emosiyalar – insan təcrübəsinin hissi fundamenti hesab olunur.Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir. İnsan hiss və emosiyaların köməyilə gündəlik həyatında rastlaşdığı bioloji, psixoloji, sosial gərginliklərdən azad olur.Hisslərin xarici ifadəsi.Biz ünsiyyətdə olduğumuz adamları hansı hisslər keçirdiklərini onların sifət cizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və kədərini, narahatlığını, pərt olmasını, utanması və qorxmasını və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də səsində əks olunur. Hər şeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici ifadəsini tapır.Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir, lazımi sözləri tapıb deməkdə çətinlik çəkir.Sevinc hissi keçirdikdə isə tamamilə başqa cür nəfəs alır.İnsanın nə kimi hisslər keçirməsi əsasən onun mimikasında və intonasiyasında daha aydın əks olunur.Hissin əsas keyfiyyətləri şəxsiyyətin obyektə emosional münasibətinin zəruri və özünəməxsus əlamətidir.Hər şeydən əvvəl, insanın gerçək aləmdəki cisim və hadisələrə emosional münasibətində müsbət və mənfi olmaqla iki əsas keyfiyyəti qeyd olunur.Əgər cisim və hadisələr insanın tələbatlarını ödəyirsə, bu zaman müsbət, başqa sözlə stenik hisslər özünü göstərir.Əksinə, cisim və hadisələr insanın tələbatlarını ödəmirsə mənfi – astenik hisslər baş verir.Psixoloji tədqiqatlar hisslərin bu iki keyfiyyəti ilə yanaşı olaraq daha iki keyfiyyətini aşkara çıxarmışdır. Beləki hissi törədən obyektə şəxsiyyətin müsbət və mənfi münasibətindən başqa ikili münasibət vəqeyri-müəyyən bələdləşmə münasibətinin də olduğu müəyyən edilmişdir. İkili və yaxud ambivalent hissdə razılıq və narazılıq təkcə birləşmir, onların biri o birinə keçir, hər iki hiss yanaşı yaşanılır. Bu cür ambivalent hissə qısqanclıq hissini misal göstərmək olar.Beləki qısqanclıq zamanı adamda məhəbbət və nifrət hissi özünəməxsus şəkildə birləşə bilir.Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti təşkil edir.Başqa psixi proseslər kimi, emosional halların və hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə olunması vegetativ sinir sisteminin funksiyasına daxildir. Xüsusilə, hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrdə baş verən sinir prosesləri çox mühüm rol oynayır.Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz vurmanı, orqanizmin ayrı-ayrı hissələrinin qan ilə təchizini, hərarəti, bəzi orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir.Ona görə də hər hansı hissin baş verməsi müvafiq üzvlərdə müəyyən dəyişikliyin əmələ gəlməsi ilə nəticələnir.Hisslərin əmələ gəlməsində dinamik stereotipin yaranması və ya pozulması mühüm rol oynayır.Yəni həyat tərzindən, münasibətindən asılı olaraq beyində müəyyən rabitələr əmələ gəlir və get-gedə möhkəmlənir.Odur ki, həmin rabitələrdə hər hansı dəyişikliyin baş verməsi mövcud rabitələrin pozulması ilə nəticələnir. Bu da insanda razılıq, narazılıq, sevinc, heyrət, şübhə, maraq, qəzəb və s. kimi hisslərin əmələ gəlməsi ilə nəticələnir. Beləliklə beyin qabığında və qabıqaltı sahədə baş verən sinir prosesləri, hiss və emosiyaların fizioloji əsası hesab olunur.