1). Fəaliyyət haqqında ümumi anlayış: İnsan fəal varlıqdır. O, ətraf aləmə, təbiətə fəal təsir göstərir, onu dəyişdirməklə özü də dəyişir. İnsanla təbiət arasındakı bu cür fəal qarşılıqlı təsir prosesi fəaliyyət adlandırılır.Bu prosesdə insan subyekt kimi çıxış edir, obyektə məqsədəyönəlmiş şəkildə təsir göstərməklə özünün tələbatlarını ödəyir.Məhz buna görə də fəaliyyət həmişə insanın şüurlu məqsədləri əsasında, həmin məqsədlərlə tənzim olunaraq həyata keçir. Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda fəaliyyətə belə tərif verilir: Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır.Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm psixi, həm də fiziki fəallığı baş verə bilir.Bunların hər ikisində insanın fəallığı onun öz qarşısına qoyduğu dərk olunmuş məqsədləri ilə tənzim edilir. Fəaliyyət insanın onu əhatə edən əşyavi aləmlə, onun özünə və başqalarına fəal münasibətini əks etdirən, onun tələbatlarını ödəməyə yönəldilmiş prosesdir. Fəaliyyət sistemdir, onun özünəməxsus daxili keçid və dəyişmələri olub, özünəməxsus inkişaf yolu vardır.