Nəhayət, yenilikçi ölkə özünün daxili bazarını da tamamilə itirdikdən sonra
məhsulun həyat dövrləri tamamlanmış olur. Ölkədə daxili istehlak var, lakin bu
istehlak tamamilə idxal hesabına təmin edilir. Növbə artıq yeni texnologiyalarındır.
əslində, bir tərəfdən bu dövrlər bir-birini əvəz etdikcə,
digər tərəfdən yeni
texnologiyalar axtarışı davam edir. Yəni, yeniliklərin ortaya çıxması kəsilməz bir
prosesdir.
Əmtəənin həyat dövrlərini tipik olaraq keçən bir çox əmtəə nümunələri vardır.
Bunlar arasında məsələn, tekstil, radio, ağ-qara və rəngli televiziya, yarımkeçirici
mikroçiplər və xüsusilə də elektron məhsullar yer alır.
Bu nəzəriyyənin klassik bir nümunəsi İkinci Dünya
Müharibəsindən sonra ABŞ və
Yaponiyanın radio istehsalçıları arasında baş vermişdir. ABŞ istehsalçıları
müharibədən sonrakı dövrdə radio bazarında hökmran mövqedə idilər. Bu üstünlük
ABŞ-ın malik olduğu radio texnologiyasına əsaslanırdı.
Bir neçə ildən sonra
Yaponiya ABŞ-ın texnologiyasını təqlid edərək və ucuz iş qüvvəsindən istifadə
edərək bazarın əhəmiyyətli bir hissəsini ələ keçirdi. ABŞ tranzistor texnologiyasını
inkişaf etdirməklə yenidən üstünlüyü əldə etdi. Lakin Yaponiya yenə texnologiyanı
təqlid edərək ABŞ-ı qabaqladı.
Son illərdə texnologiyanın yenilikçidən təqlidçiyə keçmə müddəti, yəni əmtəənin
həyat dövrlərinin zaman müddəti olduqca qısalmışdır.
Bu da ABŞ kimi yenilikçi
ölkələri daim rəqabət qabiliyyətli qala bilmələri üçün texnoloji kəşfləri
sürətləndirməyə sövq edir.
Beləliklə, bu modelə görə, ticarət ilk olaraq sənayeləşmiş ölkələrdə
müqayisəli
baxımdan bol olan amil tərəfindən (əsasən də ixtisaslı işçi qüvvəsi) inkişaf etdirilən
texnologiyaya əsaslanır. Daha sonra isə daha az inkişaf etmiş ölkələr təqlid və
istehsal standartlaşması vasitəsilə nisbətən ucuz əməyə əsaslanan bir müqayisəli
üstünlük əldə edirlər.
Dostları ilə paylaş: