Şaquli bazarın şəbəkə firmaları və ya marketinq kanalının şəbəkə firmaları şaquli kanala münasibətdə ənənəvi baxışların əksidir. Ancaq, onlar “yuxarıda” yerləşən təchizatçı-firmaların və “aşağıda” yerləşən distribyutor firmaların fəaliyyətlərini koordinasiya edən mərkəzi firmanın mövcudluğunu etiraf edərək bu ideyanı inkişaf etdirirlər. Çox vaxt birləşən firma marketinq funksiyaları üzrə ixtisaslaşır və istehsal, bölgü sferasından mütəxəssislər cəlb edir. Belə firmaların ilkin formalarına “komplektləşdirilməmiş korporasiyalar”, məsələn, Casio, Nike, LizClaiborne aid edilirdi. Belə şəbəkə firmalarına, brendin sahibi olan və marketinq funksiyaları üzrə ixtisaslaşan inteqrator kimi çıxış edən firma və məhsulun müəyyən tərkib hissəsi və ya istehsal texnologiyası ilə təchiz edən əməkdaş-kompaniyalardan ibarət model xarakterikdir. Mebellərin pərakəndə ticarəti ilə məşğul olan İsveçin İKEA kompaniyası buna başqa bir misaldır. O, 67 ölkədən 2300 təchizatçının daxil olduğu qlobal şəbəkəni çox uğurla idarə edir və nəticədə ənənəvi sxem üzrə fəaliyyət göstərən rəqiblərlə müqayisədə qiyməti orta hesabla 30 faiz aşağı olan 10 000 məhsul vahidi assortimentinə malikdir (Economist, 1994b). Digər tərəfdən, texnologiyaya əsaslanan bazarlarda firma-inteqrator texnologiyada da ixtisaslaşa bilər. Belə ki, Sun Microsystems kompaniyası təkmilləşdirilmiş müasir kompüterlərin dizaynı üzrə ixtisaslaşa bilmək üçün çiplər istehsalını, distribyutor və servis funksiyalarını subpodratçılara tapşırdı. Exrol güman edir ki, belə birlik funksional olduğu qədər strateji deyil.