QÜDRƏT MƏKTƏBİ
Kamil insan barəsində söz açan məktəblərdən biri də əql və eşqə deyil, yalnız qüdrətə əsaslanan məktəbdir. Bu məktəbin fikrincə kamil insan qüdrətli insandır və kamal, qüdrətin hansı mənada nəzərdə tutulmasından asılı olmayaraq güc və qüvvətdir.
Qədim Yunanıstanda sufistlər adlandırılan bir qrup olub. Onlar tam aşkar şəkildə deyirlərmiş ki, haqq gücdən ibarətdir. Onlar həmçinin iddia edirmişlər ki, harada güc varsa, haqq da var və harada qüdrət varsa haqq həmin qüdrətdir və zəiflik haqsızlıq və haqqa malik olmaqla bərabərdir. Ümumiyyətlə onlar üçün ədalət və zülmün heç bir mənası olmayıb. Buna görə də haqqa zor haqqı, yəni gücdən yaranan haqq deyiblər. Yəni hər bir haqq güc və zordan yaranır. Bunların fikrincə insanın bütün səy və cəhdi yalnız güc, zor, qüvvət və qüdrət əldə etmək istiqamətində olmalıdır və o, öz güc və qüdrətini heç bir şeylə məhdudlaşdırmamalıdır.
Məşur alman filosofu Nitse son bir-iki əsrdə bu məktəbi dirildərək davam etdirib və həmin nəzəriyyələri tam aydınlıqla bəyan edib. Bunların fikrincə «düzgünlük yaxşıdır, doğruluq yaxşıdır, əmanətə xəyanət etməmək yaxşıdır, xeyirxahlıq yaxşıdır və yaxşılıq etmək yaxşı işdir» kimi sözlərin hamısı boş şeylərdir. Deyirlər ki, «acizlərin əlindən tutmaq lazımdır» fikri nə deməkdir? Onun əlindən tutmaq yox, başına bir təpik vurmaq lazımdır. Onun zəif olmasından böyük günahı yoxdur. Əgər zəifdirsə, sən də başına bir daş vur. Karl Marks deyib ki, dini, güclülər zəifləri öz əllərində saxlamaq üçün ixtira ediblər. Nitse isə onun əksinə olaraq deyib ki, dini zəiflər güclülərin qüdrətlərini məhdudlaşdırmaq üçün ixtira ediblər. Onun fikrincə, dinin bəşəriyyətə olan xəyanəti güzəşt, rəhm, mürüvvət, insanlıq, bağışlamaq, yaxşılıq, ədalət və bu kimi kəlmələri insanlar arasında yaymasıdır ki, güclülər sonralar həmin kəlmələrə aldanaraq ədalət, səxavətlilik, mürüvvət, insanlıq və başqa şeylər naminə güclərini bir az məhdudlaşdırmaq məcburiyyəti qarşısında qalıblar.
Nitse deyir ki, dinlərin ehtiras və nəfsani istəklərlə mübarizə aparması nə deməkdir? Onlarla nəinki mübarizə aparmaq lazım deyil, hətta onları daha da gücləndirmək və yetişdirmək lazımdır. Həmçinin, dinlərin dedikləri bərabərlik fikri də çərənçilikdir. Bərabərlik nədir? Həmişə bir qrup güclü və istismarçı olmalı, digər bir qrup isə onların əli altında işləməlidir. Əl altında olanların canları çıxmalıdır və başları üstündə olanlar üçün işləməlidirlər ki, onlar inkişaf edərək böyüsünlər və aralarından üstün bir şəxs çıxsın. Dinlərin kişi ilə qadın bərabərdir şüarı da boş və mənasızdır. Kişi üstün və güclü bir cinsdir və qadın ona xidmət etmək üçün yaranıb və onun yaranmasının bundan başqa digər bir hədəfi yoxdur. Kişi ilə qadının bərabərliyi fikri səhv bir fikirdir.
Bu məktəb qüdrətli və güclü insanı kamil insan hesab edir və kamalın qüdrət və gücdən ibarət olduğunu bildirir.
HƏYAT ÖLÜM-DİRİM MÜBARİZƏSİDİRMİ?
Bizim aramızda da bilmədən və özümüzdən asılı olmayaraq həmin sözlərdən yayılıb. Məsələn, «həyat ölüm-dirim mübarizəsidir» kimi bəzi ifadələr işlədirik. Amma əslində bu belə deyil. Bəli, həyat ölüm-dirim mübarizəsi deyil, özünü müdafiə xarakteri daşıyan ölüm-dirim mübarizəsi haqq bir işdir.
Hətta Fərid Vəcdi kimi bəzi müsəlman alimlər deyiblər ki, insanlar arasında döyüş və mübarizənin mövcudluğu zəruridir. Nə qədər ki, insan var, müharibə də olmalıdır. Müharibə bəşər həyatının toxunulmaz bir hissəsidir. Bunların fikrincə Quran da bu mətləbi təsdiq edir. Onlar bu iddialarında Quranın aşağıdakı ayəsinə istinad edirlər.
«...Əgər Allah insanların bir qismini digər qismi ilə [müşrikləri möminlərlə] dəf etməsəydi, sözsüz ki, soməələr [rahiblərin yaşadığı monastırlar], kilsələr, yəhudi məbədləri və içərisində Allahın adı çox zikr olunan məscidlər uçulub dağılmışdı...»
(Həcc-40).
«...Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı...»
(Bəqərə-251).
Deyirlər ki, Quran bu ayələrdə müharibənin qanun və şəriətə uyğun bir şey olduğunu bəyan edib.
Amma demək lazımdır ki, həmin qrup şəxslər bu ayəni səhv başa düşüblər. Quranın bu ayəsi müdafiə məsələsini irəli sürür və xristianlığın əksinə olan bir fikir açıqlayır. Bu ilahi kitab «müharibə mütləq şəkildə məhkumdur və biz tam sülh istəyirik» deyən keşişin cavabında deyir ki, bəli, müharibə məhkumdur, amma haqq və həqiqətin müdafiəsi xatirinə olan müharibə deyil, təcavüzkarlıq xarakteri daşıyan müharibə pisdir! Cənab keşiş! Əgər müdafiə xarakterli müharibə olmasaydı, nə sən kilsəyə gedib ibadət edə bilərdin və nə də məscidə gedən mömin öz məscidində ibadətlə məşğul ola bilərdi. Məsciddə ibadət edən möminin ibadəti haqq və həqiqəti müdafiə edən əsgərin cəsurluqlarına borcludur. Cənab xristianlar! İbadətlə məşğul olduğunu güman edən sizlər də həmin əsgərə minnətdar olmalısınız.
Buna görə də, ola bilər ki, insan kamillik və yetkinliyin elə bir mərhələsinə çatsın ki, ümumiyyətlə təcavüzkar mövcud olmasın, qanuni və şəri döyüşlər belə baş verməsin. Deməli «həyat ölüm-dirim müharibəsidir» kimi ifadələrin (döyüş və toqquşmanın) həyatın zərurətlərindən olması mənasında işlədilməsi səhvdir.
Bəlkə də bəziləri üçün narahatedici olacaq bir mətləbə toxunmaq istəyirəm. Çünki bəzi gənclər onların meyl və istəklərinə zidd olan şeylər eşidəndə narahat olurlar.
İmam Hüseyn (ə)-a bir cümləni aid edirlər ki, nə mənası düzdür və nə də onun o həzrətdən olması heç bir kitabda yoxdur. Onun dillərə düşmə müddəti də 40-50 ildən çox deyildir. Deyirlər ki, imam Hüseyn (ə) buyurub: «Həyat əqidəyə malik olmaq və onun uğrunda mübarizə aparmaqdan ibarətdir.» Xeyir, bu söz əcnəbilərin fikirləri ilə düz gəlir. Onlar deyirlər ki, insan hər hansı bir əqidəyə malik olmalı və onun yolunda vuruşmalıdır. Quran haqdan söz açır. Quran baxımından cihad və həyat haqpərəstlik və haqq yolunda cihaddan ibarətdir, əqidə və onun yolunda cihad etməkdən yox! Əqidə həm haqq və həm də batil ola bilər. Əqidə bağlılıqdır, insanın zehnində minlərlə bağlılıq tapıla bilər. İnsanın hər halda bir əqidə və ideyaya sahib olmasının və onun yolunda cihad və səy etməsinin zəruriliyini deyən islam dini deyil, başqa bir məktəbdir. Onlar həmin əqidənin nədən ibarət olması barəsindəki sualın cavabında deyirlər ki, əqidənin nə olması fərq etmir. Amma Quranın sözləri çox dəqiqdir. Bu səmavi kitab əqidə və onun yolunda cihad deyil, haqq və onun yolunda cihaddan söz açır. Quran deyir ki, sən əvvəl əqidəni islah etməlisən. Çox vaxt sənin ilk cihadın öz əqidənlə olur. Əvvəlcə əqidənlə cihad edərək düzgün və haqq əqidə əldə etməlisən, haqqı kəşf etdikdən sonra isə onun yolunda cihad etməlisən.
Deməli, qüdrətli və güclü insanın kamil insan olması fikri həyatın ölüm-dirim mübarizəsi olması nəzəriyyəsi üzərində qurulub. Bu nəzəriyyə də Darvinin «Həyat ölüm-dirim mübarizəsidir və heyvanlar həmişə ölüm-dirim mübarizəsi aparmaqdadırlar» fəlsəfəsinə əsaslanır. Biz bu fikirdə olanlara deyirik ki, əgər heyvanlar və insandan başqa digər varlıqlar belədirlərsə də, biz insanı bu cəhətdən onlarla bir hesab edə bilmərik. Çünki həmin söz müştərək həyat, qarşılıqlı rabitə, həmkarlıq, səfa-səmimiyyət və digər insani dəyərləri puç hesab edir. Bəs insanlar arasındakı bu səmimiyyət, vəhdət, həmkarlıq və məhəbbətlər nədir? Onlar bu sualın cavabında deyirlər ki, sən səhv edirsən! Bu həmkarlığı həmin mübarizə məcburi olaraq onlara qəbul etdirib. Həmin həmkarlıq, səmimiyyət və dostluqların arxasında mübarizə durur. Bunun necə olduğunu soruşanda isə belə deyirlər: İnsan həyatının əsası müharibə və mübarizədir. Amma insanlar böyük düşmənlə qarşılaşanda həmin böyük düşmən onlara məcburi dostluğu qəbul etdirir. Onların bu işləri əslində dostluq, səmimiyyət və həqiqət deyil və ola da bilməz. Böyük düşmənlə mübarizə üçün edilən əməkdaşlıqdır. Əməkdaşlıq və səmimiyyətlər daha böyük düşmənlə mübarizə aparmaq üçün yaranır. Həmin düşməni aradan götürsən görərsən ki, bir-birləri ilə dost olan həmin qruplar parçalanaraq iki düşmənə çevrildilər. Əgər onların bir qrupu da aradan getsə, yerdə qalan qrupun özü parçalanacaq və bir-birləri ilə düşmənçilik aparacaqdır. Bu proses yerdə iki nəfər qalana kimi davam edəcək və əgər həmin iki nəfər tək olsalar və onların müqabilində üçüncü bir qüvvə olmasa, onlar bir-birləri ilə döyüşməyə başlayacaqlar.
Bu nəzəriyyə tərəfdarlarının fikrincə bütün dostluq, səmimiyyət, sülh, insanlıq və birliklər bəşəriyyətə mövcud düşmənçiliklər tərəfindən məcburi şəkildə qəbul etdirilib. Deməli, bunların nəzərlərinə əsasən, mübarizə və döyüş əsas xarakter daşıyır və həmkarlıqlar ondan doğan və onun nəticəsində yaranmış bir ünsürdür.
Dostları ilə paylaş: |