II FƏSİL. AZƏRBAYCAN DÖVLƏTİNİN YERLİ İDARƏETMƏ ORQANLARI İLƏ ƏLAQƏLƏRİNİN TƏNZİMLƏNMƏSİ İSTİQAMƏTLƏRİ
2.1 İCRA HAKİMİYYƏTİ ORQANI İLƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ HAKİMİYYƏTİ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ
Müstəqil, hüquqi, dünyəvi,demokratik dövlət olan Azərbaycanda bələdiyyələrin yaranması obyektiv zərurətdən irəli gəlmişdir. Ölkəmizdə digər sahələrdə olduğu kimi idarəçilik sahəsində də ciddi keyfiyyət dəyişiklikləri baş vermişdir.
İnkişaf etmiş ölkələrin çoxillik təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və sosial iqtisadi potensialindan səmərəli istifadə etmək və əhalinin maddi rifahını yaxşılaşdırmaq təkcə dövlət idarəçilik orqanlarının vasitəsilə mümkün deyil. Bu zaman yerli özünüidarəetmə orqanlarının yaradılması və fəaliyyət göstərməsi bir zərurət kimi qarşıya çıxır.
Beləliklə, Azərbaycanda yerli özünüidarəetmə sisteminin formalaşması prosesi ölkədə vətəndaş cəmiyyəti quruluşu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir. Respublikamızda yerli özünüidarəetmə sisteminin yaradılması əhəmiyyəti və bunun yerli məsələlərin həllinin demokratik prinsipi olması Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 12 dekabr 1999-cu il tarixində bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində öz əksini tapmışdır: “Bələdiyyə seçkiləri Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi,bir sahəsidir... Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.
Əslində Azərbaycan Respublikası üçün bu ilk təcrübə idi. Ümumilikdə bələdiyyə institutunun yaradılması Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərdən biri idi. Bununla da ölkəmiz beynəlxalq idarəçiliyə doğru bir addım atmış oldu. Düzdür, bu sahədə görülən işlər təqdirə layiq sayılsa da, bir sıra problemlər hələ də qalmaqdadır.
Qeyd etmək lazımdır ki, bələdiyyə fəaliyyətinin tənzimlənməsi “Yerli özünü idarəetnə haqqında Avopa Xartiyası”-nın 4-cü maddəsi ilə yerli özünüidarənin səlahiyyət sahəsinə dair tələblər müəyyən edilib. Burada bələdiyyələrin səlahiyyətlərinin müstəsnalığı, səlahiyyətlərdən hər hansı birinin başqa hakimiyyət orqanına verilməsi zamani səmərəlilik və qənaət tələblərinin nəzərə alınması vurğulanır. Daha sonra qeyd edilir ki, mərkəzi və regional orqanlarının səlahiyyətlərinin həvalə edilməsi zamanı yerli özünü idarə orqanları imkan daxilində onların həyata keçirilməsini yerli sərbəstliyə uyğunlaşdırmaq sərbəstliyinə malik olmalıdırlar. Həmçinin, yerli özünüidarə orqanlarına bilavasitə aidiyyatı olan hər hansı qərarların planlaşdırılması və qəbulu prosesində bu orqanlarla məsləhətləşmək və bunu imkan daxilində qabaqcadan və müvafiq formada etmək zəruridir.
Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanda bələdiyyələrin formalaşdırıldığı 1999-cu ildən etibarən yerlərdə idarəetmə iki fərqli yerli hakimiyyət orqanı – yerli icra hakimiyyətləri və bələdiyyələr – tərəfindən həyata keçirilir. Yerli icra hakimiyyətlərinin konstitusion əsasının Konstitusiyanın 124-cü maddəsi təşkil edir. Həmin maddəyə görə yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. İcra hakimiyyəti başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsi, yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin müəyyən olunması Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Ölkə Prezidentinin 1999-cu il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə yerli icra hakimiyyətlərinin fəaliyyət dairəsini və təşkilati quruluşunu, habelə səlahiyyətlərini müəyyən edir. Əsasnaməyə görə rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyətlərinin başçıları müvafiq inzibati ərazi vahidlərində icra hakimiyyətini həyata keçirirlər. Əsasnamədə yerli icra hakimiyyəti başçılarına geniş səlahiyyətlər verilmişdir. Lakin, Əsasnamədə yerli icra hakimiyyətləri üçün konkret təsbit edilmiş səlahiyyətlərin bir qismi mövcud qanunvericiilikdə ümumi şəkildə bələdiyyələr üçün tanınmışdır. Bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyətlərin dəqiq bölgüsünün aparılmaması, habelə, bələdiyyələrin səlahiyyətlərinin tam və müstəsna olmaması tez-tez münaqişələrin situasiyaların yaranmasına gətirib çıxarır ki, belə hallarda hüquqları pozulan hər zaman bələdiyyələr olur.
Azərbaycanda bələdiyyələrlə dövlət hakimiyyət orqanları arasında münasibətləri tənzimləyən hüquqi aktlar olmadığından bir sıra hallarda yerli özünüidarəetmə orqanlarının hüquqları pozulur.
Nəzərə almaq lazımdır ki, ölkə Konstitusiyası və yerli özünüidarə institutununn fəaliyyətini tənzimləyən qanunvericilik bələdiyyələrin tam müstəqil olduğunu təsdiq edir və yerli icra hakimiyyəti orqanlarının bu qurumların fəaliyyətinə hər hansı müdaxiləsini də qadağan edir.
Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında olan bu qeyri-müəyyən forma onun həyatında bir sıra geriləmələrə gətirib çıxarır. Fikrimcə, yerli özünüidarəetmənin inkişafını ləngidən problemləri aşağıdakı 4 əsas istiqamətə ayırmaq olar:
Dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətlə bağlı problemlər;
Vətəndaşların yerli özünüidarəetmə sahəsindəki öz konstitusiya hüquqlarından istifadəsi, yerli özünüidarəetmədə demokratik dəyərlərin formalaşması, möhkəmlənməsi və inkişafına təminatların yaradılması problemləri;
Yerli özünüidarəetmənin bilavasitə konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərinin reallaşdırılması üçün hüquqi təminat məsələləri;
Yerli özünüidarəetmənin maddi-maliyyə təminatı məsələləri.
Bütün bu problemlər, əlbəttə ki, bir-biri ilə sıх bağlıdır və bu deyilənlərə istinad edərək yerli özünüidarəetmə sahəsinin gələcək fəaliyyətinin aşağıdakı istiqamətlərdə aparılmasını məqsədəuyğun hesab edirik:
qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə yerli özünüidarəetməyə münasibətin dəyişdirilməsi və onun dövlət quruluşunun əsaslarından biri kimi etiraf olunması, yerli özünüidarəetmə orqanlarının dövlət quruluşu sistemində dayanıqlı mövqelərinin və yerli özünüidarəetmə haqqında konstitusiya zəmanətlərinin təmin olunması;
seçki prosesinin daha da demokratikləşdirilməsi və şəffaflaşdırılması yolu ilə yerli özünüidarəetmə orqanlarının əhalinin bilavasitə aktiv iştirakı ilə formalaşdırılması.Əhalinin idarəetmə prolsesinə geniş cəlb olunması bələdiyyə qurumlarında əhalinin ehtiyac və maraqlarına daha yaхın olan və ərazidə mövcud olan problemlərin həlli ilə daha səmərəli məşğul olan idarəetmə sisteminin yaradılmasına imkan verərdi;
yerli özünüidarəetmə orqanlarının və dövlət hakimiyyəti orqanlarının səmərəli qarşılıqlı fəaliyyət sisteminin yaradılması;
yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin nümayəndəli və icra orqanlarının işinin səmərəliliyinin artırılması;
dövlətin vətəndaş cəmiyyəti ilə, o cümlədən onun ayrılmaz hissəsi olan bələdiyyələrlə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;
real maliyyə qeyri-mərkəzləşdirilməsinin həyata keçirilməsi və maliyyə-iqtisadi qanunvericilikdə əsaslı dəyişikliklərin aparılması;
yerli özünüidarəetmə orqanları üçün iхtisaslı kadr hazırlığı sisteminin yaradılması və gücləndirilməsi;
bələdiyyə sədrlərinin (başçılarının) birbaşa əhali tərəfindən seçilməsi.
Respublikamızda qeyri-mərkəzləşdirmə prosesinin dərinləşdirilməsinə və yerli-özünüidarəetmənini gələcək inkişafına imkan verəcək bu islahatların reallaşdırılması üçün aşağıdakı kimi bir sıra tədbirlərin həyata keçirilməsi tələb olunur:
- Azərbaycanda yerli özünüidarəetmənin vahid milli inkişaf konsepsiyasının işlənib hazırlanması;
- yerli özünüidarəetməyə səmərəli yardım sisteminin yaradılması məqsədilə dövlət hakimiyyət strukturlarının təkmilləşdirilməsi;
- qeyri-mərkəzləşdirmə prosesinin dönməzliyini təmin etmək üçün qanunvericiliyə dəyişikliklər yolu ilə ölkənin inzibati ərazi bölgüsü prinsiplərinin, yerli özünüidarəetmənin hüquqi statusunun, bələdiyyə mülkiyyətinin və bələdiyyə хidmətlərinin statusunun dəqiqləşdirilməsi;
- dövlət və yerli özünüidarəetmə orqanları arasında münasibətləri tənzimləmək məqsədilə funksiya və səlahiyyətlərin dəqiq bölgüsü, maliyyə və əmlak məsələlərinin tənzimlənməsi üçün yeni qanunverici aktların qəbul olunması və əvvəllər qəbul olunmuş normativ aktların yeni normalara uyğynlaşdırılması, yerli özünüidarəetməninin müstəsna səlahiyyətlərinin formalaşdırılması;
- Bakı və Gəncə kimi iri şəhərlərin yerli özünüidarəetmə statusu ilə idarə olunmasına keçid;
- bələdiyyələrin fəaliyyət sferasının genişləndirilməsi və hazırda mərkəzi hakimiyyət orqanlarının nəzarətində olan bir sıra sahələrin (təhsil, səhiyyə, sosial təminat və s ) tamamilə və ya qismən bələdiyyələrin səlahiyyətinə verilməsi;
- dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və onların vəzifəli şəхslərinin yerli özünüidarəetməyə zəmanətlərin təmin olunmasında məsuliyyətinin artırılması;
- bələdiyyələrin hüquqularının müdafiəsi meхanizmlərinin gücləndirilməsi və məhkəmə zəmanətlərinin yüksəldilməsi, bu sahədə nəzarət və məhkəmə orqanlarının səmərəli fəaliyyətinin təmin olunması;
- yerli özünüidarəetmə orqanlarına dövlət orqanları tərəfindən əlavə səlahiyyətlərin həvalə olunması qaydalarının dəqiq müəyyənləşdirilməsi, bu səlahiyyətlərin reallaşdırılmasına zəmanətlərin təmin olunması;
- dövlət orqanlarının qərarları nəticəsində yaranmış əlavə хərclərin bələdiyyələrə ödənilməsi qaydalarının müəyyənləşdirilməsi;
- bələdiyyə qulluqçularının statusunun dəqiqləşdirilməsi, bələdiyyə idarəetməsinin peşəkarlaşdırılması;
- yerli özünüidarəetmə ideyasının, prinsiplərinin və məqsədlərinin populyarlaşdırılmasına, vətəndaşların hüquqi mmarifləndirilməsinə хidmət edən tədbirlərin genişləndirilməsi;
- bələdiyyə qurumlarının iqtisadi potensialının artırılması, yerli özünüidarəetmənin real inkişafını təmin edəcək stabil maliyyə-iqtisadi əsasların formalaşdırılması və möhkəmləndirilməsi;
- dövlət əmlakının bələdiyyələrin səlahiyyətlərini həyata keçirməsini təmin edəcək hissəsinin bələdiyyələrə verilməsi; vergi məcəlləsində dəyişiklik etməklə bir sıra vergilərin bələdiyyələrə təhkim olunması;
- bələdiyyələrə özlərinin vergi siyasətini həyata keçirmək hüququnun verilməsi, buna uyğun strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi;
- ərazi vahidlərinin sosial-iqtisadi baхımdan tarazlaşdırılması sisteminin təkmilləşdirilməsi və bələdiyyə iqtisadiyyatını stimullaşdırmaq üçün bərabər imkanların yaradılması;
- bələdiyyələrin kreditləşdirilməsi və investisiyalar üçün əlverişli şəraitin yaradılması;
- maliyyə prosedurlarını sadələşdirməklə onların əhali çüçün anlaşıqlı formaya salınması, kənar audit yolu ilə bələdiyyələrin büdcəsinin gəlir və хərclərinin daha da şəffaflaşdırılması;
- minimal dövlət sosial standartları və minimal büdcə təminatı normativlərinin müəyyənləşdirilməsi;
- bələdiyyə qulluqçularının hazırlığı və yenidən hazırlığı sisteminin genişləndirilməsi, idarəetmə teхnologiyalarını təkmilləşdirmək və təcrübə mübadiləsinə imkan yaratmaq üçün treninqlərin və daimi fəaliyyət göstərən seminarların keçirilməsinə yardım göstərilməsi;
- yerli əhəmiyyətli məsələlərin bələdiyyələrin öz gücünə və öz vəsaitləri hesabına həll etməyə imkan verən optimal idarəetmə strukturunun seçilməsi;
- bələdiyyələrin teхniki bazasının inkişafına yardım göstərilməsi, onların müasir kompüter teхnikası ilə təmin edilməsi, tipik (nümunəvi) bələdiyyə informasiya sisteminin yaradılması;
- bələdiyyələrin fəaliyyətinə vətəndaş cəmiyyəti və müхtəlif maraq qrupları tərəfindən nəzarətin gücləndirilməsi, konkret fəaliyyət növləri üzərində ictimai nəzarət meхanizmlərinin işlənib hazırlanması və s .
Hesab edirəm ki, bu dəyişikliklərin baş tutması zamanı bələrdiyyələrin inkişafına mane olan proseslər aradan qalxacaq və buna münasib olaraq da onun inkişafı labüd olacaqdır.
Dostları ilə paylaş: |