O cümlədən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Naxçıvanşünaslıq Mərkəzinin yaradılması bu bölgədə olan tarixi, etnoqrafik, dil, folklor materiallarının tədqiqi və təbliği baxımdan tarixi bir hadisə idi. Azərbaycanın Naxçıvan Muxtar Respublikası böyük bir tarixi keçmişə malikdir. Lakin bu tarix Sovetlər Birliyi dövründə lazımi səviyyədə öyrənilməmiş, bir sıra ciddi elmi-nəzəri səhvlərə yol verilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyi dövründə xalqımızın tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, milli-mənəvi dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında yenidən araşdırılmasına başlanmışdır. Həmin elmi araşdırmalar sayəsində Naxçıvanın tarixi və abidələri, arxeologiya və etnoqrafiyası, ədəbi mühiti və mədəniyyəti, təbii sərvətləri və biomühiti ciddi tədqiqatların predmetinə çevrilmiş, yeni elmi istiqamətlər müəyyənləşdirilmiş və nəticələr əldə olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisində 792 yeni tarixi abidə aşkar edilərək tədqiq olunmuş, ümumilikdə 1172 tarix və mədəniyyət abidəsi pasportlaşdırılaraq dövrü və tipoloji mənsubiyyəti müəyyənləşdirilmiş, 46 tarixi abidə bərpa olunmuş, tarix və mədəniyyət abidələrinin mühafizəsi təmin edilmişdir.
Bununla yanaşı, uzun müddət öyrənilməsinə qadağa qoyulmuş Nuh peyğəmbər və onun Naxçıvana bağlılığı yenidən elmi tədqiqatların gündəliyinə çıxarılmış, Ordubad rayonu ərazisində olan və eradan əvvəl IV minilliyə aid edilən Gəmiqaya abidəsi, buradakı qayaüstü yazılar öyrənilmiş, Naxçıvan şəhəri ərazisində Nuh peyğəmbərin qəbrinin yeri müəyyənləşdirilərək qədim mənbələr əsasında bərpa olunmuş, Naxçıvanın ilkin şəhər mədəniyyətinin öyrənilməsində mühüm amil olan Naxçıvan yaxınlığındakı Duzdağın və ona bitişik ərazilərin tarixi və arxeoloji istiqamətdə öyrənilməsinə başlanmış, əldə olunan nəticələr əsasında Naxçıvanın 5 min illik ilkin şəhər mədəniyyəti elmi dövriyyəyə daxil edilmişdir.
Təşkil olunan elmi ekspedisiyalar, aparılan arxeoloji tədqiqatlar Naxçıvanşünaslığın digər istiqamətlərinin də öyrənilməsinə ciddi əsas yaratmış, Naxçıvanın tarixi, mədəniyyəti, toponimikası, azərbaycanlıların soyqırımı və deportasiyası, maarifçilik hərəkatının və təbii ehtiyatların öyrənilməsi ilə bağlı 50-dən artıq simpozium və konfrans keçirilmiş, Naxçıvanşünaslığa aid 700-dən çox monoqrafiya, kitab, elmi məqalə, dərslik və dərs vəsaiti nəşr olunmuş, Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvanşünaslıq” bölməsi təşkil edilmiş, geniş məlumat bazasına malik “Nakhchivan.az” internet portalı yaradılmışdır.
Azərbaycan alimlərinin diqqətini Naxçıvanın müasir elmi yanaşma baxımından öyrənilməsi vacibliyinə cəlb edən ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvanın tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir”.
Bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi konsepsiyanı bəxş edən, Azərbaycan tarixini, dilini, mədəniyyətini və milli-mənəvi dəyərlərimizi qorumağı dönə-dönə tövsiyə edən ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir.
Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında mədəniyyət təsisatlarının rolunu dəyərləndirən [84, s.11] İlham Əliyev isə tövsiyə edir ki: “Azərbaycanlıların milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin qorunub saxlanması və təbliğ edilməsi, mədəniyyət mərkəzlərinin yaradılması və səmərəli fəaliyyəti üçün məqsədyönlü və müntəzəm tədbirlər həyata keçirilməlidir” [84, s.16].
Məhz belə bir mədəniyyət siyasəti nəticəsində müstəqil Azərbaycan Respublikası bir tərəfdən öz milli-mənəvi və tarixi-mədəni irsini tədqiq və təbliğ etməkdə, digər tərəfdən də beynəlxalq aləmə inteqrasiya olunaraq belə bir mədəni irslə bəşər mədəniyyətinə töhfələr verməkdədir.
Azərbaycan dövləti xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək, yeni tarixi şəraitdə müasir tələblərə uyğun olaraq öz daxili və xarici siyasətini həyata keçirir. Bu gün mədəni irsin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu vəzifələrin icrası yolunda xalqımızın əldə etdiyi nailiyyətlər, milli sərvətimiz olan maddi və mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir.