Qızdırma-titrətmə (Büt.ş.) – istilik artır, adam titrədir, iştaha pozulur. Ovmaqla (masaj etməklə), banka salmaqla tərləmə yolu ilə sağaldılır.
Qızılca (Büt.ş.) – əsasən uşaqlarda baş verir. İstilik artır, bədəndə qırmızı tumurcuqlar əmələ gəlir. Belə xəstələri soyuqdan qoruyurlar. Qorxulu xəstəlik olduğundan el arasında belə deyilir: “Qızılca al elər, hərdən bir xial (xəyal) elər”. Qızılcaya tutulan adama eşşək südü içirirlər. Qazax, Tovuz şivələrində qızılcıx, Salyan şivəsində isə qızılcıq adlanır [20, s.133].