Üşgünnüx (Q., Cava.) – (üçgünlük) ağız boşluğunun iltihabı. Zəylə çay sodası ilə müalicə edilir.
Xənəzir (Q., Cava.) – zob, çinədan, boğaz uru.
Xəfənəx (Büt.ş.) – bronxit astma.
Xoruzbeçə (Q., Cava.) – qadın xəstəliyi; ana bətnində uşağı tələf edən xəstəlik. Kəkrə otunun toxumu və darı döyülüb yeyilir. Lənkəran şivəsi leksikasında beçəxor həmin mənanı ifadə edir [20, s.65].
Heyzə // hezə (Büt.ş.) – Bir neçə növ yeməyi, şirniyyat və çərəzi həddən artıq yeməklə yaranan narahatçılıq. Bəzən zəhərlənmə diaqnozu da qoyulur. Gülab içirdilir. Zirəni qaynadıb suyunu verirlər.
Çiban(Büt.ş.) – dəri xəstəliyi. Korçibanın müalicəsi kimi sağaldırlar.
Çırtıx // sızax (Büt.ş.) – səpki. İnsan bədənində kiçik qırmızı səpkilər əmələ gəlir, sonra irinləyir. Müalicə olunmaq üçün Sirab, Vayxır, Darıdağ, Parağa mineral sularında 10-15 dəfə yuyunmaq məsləhət görülür.
Şirinyara (Büt.ş.) – irinli dəri xəstəliyidir. Dərinin rəngi qızarır, bərk ağrı verir. Çörək qaynatması qoyulur. Acıxəmrə (xəmir mayası), qətxəmrə (şəkərlə hazırlanan xəmir) ilə müalicə olunur.