Yun (Büt.ş.) – bir yaşdan sonra qoyundan yazda qırxılan yun.
Güzəm (Büt.ş.) – payızda qırxılan yun. Sabirabad, Şirkan, Bakı, Quba, Yardımlı dialekt və şivələrində də eyni mənanı verir [22, s.218]. Güz əski türkçədə “payız” deməkdir.
Südgülyun (C., P., Buz., Güla.) – ağ, qırmızı qarışıq yun.
Tiftix (Büt.ş.) – keçi qəzilinin dibində olan yumşaq tük.
Qeyd: demək olar ki, bu sözlərin əksəriyyəti dialekt xüsusiyyəti daşıyır. Başqa materiallara aid sözlər:
Arqaç (Büt.ş.) – hananın eninə toxumaq üçün hazırlanan ip. Bu söz Şəki və Ağdam şivələrində eynilə işlədilir. Arğac şəklində Qazax, Salyan, Cəbrayıl dialekt və şivələrində eyni mənanı bildirir [20, s.39].
Əlçim (Büt.ş.) – ip əyirmək üçün təmiz daranmış əl böyüklükdə yun. Salyan, Göyçay şivələrində də həmin mənada işlədilir [20, s.216].
Əriş (Büt.ş.) – hananın uzununa uzadılmış – şaquli iplər. Qazax rayonunda Daş Salahlı kəndində [22, s.215], Göyçay şivələrində [96, s.12] eyni mənanı verir.