Allahın varlığı aydın
bir həqiqətdir
Hər bir hadisə və yaranmışın qurub-yaradana ehtiyaclı olduğu aydın bir həqiqətdir. Bir hadisə baş verən kimi hamı onun səbəbini axtarır. Istənilən birimiz rəqəmsal bir qurğu və ya kompyuter gördükdə əmin oluruq ki, bütün bunların mahir bir yaradıcısı var. Əgər bir şəxs kompyuterin öz-özünə, təsadüfən yarandığını bildirsə, dərhal düşünürük ki, həmin şəxsin ağlı yoxdur. Yaxud insan gözəl bir tablo gördükdə dərhal onun yaradıcısı ilə maraqlanır, bu işin hansı rəssamın fırçasından yarandığını soruşur.
Əgər yaşadığımız dünyada hər şeyin bir yaradanı (düzəldəni) varsa, əzəmətli varlıq aləmi də yaradıcısız ola bilməz.
Kim inanar ki, zirvələri buludları yarıb keçmiş dağlar, əzəmətli dənizlər və okeanlar, saysız-hesabsız ulduzlar, planetlər, insanı heyrətə gətirən atmosfer qatları, növbənöv bitkilər, həşəratlar, dördayaqlılar, sürünənlər və quşlar, nəhayət insanın özü təsadüfən, xaliqsiz yaranmışdır?
Əşya və mövcudların insanı heyran qoyan zərif nöqtələri, onlar arasındakı qarşılıqlı rabitlər qüdrətli bir yaradanın varlığına növbəti dəlildir.
Insanın yaranışına nəzər salın! Körpə dünyaya gələnədək onun anasının sinəsində süd olmur. Amma körpə dünyaya gələn kimi onun rahatlıqla qidalanması üçün ananın sinəsində süd yaranır. Belə ki, o, həmin anlarda süddən başqa qida qə`bul etmək qüdrətində deyil. Sonra körpə elə bir həddə çatır ki, ana südü onun orqanizminin ehtiyaclarını tə`min etmir. Həmin vaxt körpənin dişləri çıxır və bu dişlər dəyirman tək müxtəlif qidaları üyüdür. Bir müddət sonra həmin körpəyə deyilsə ki, sən və sənin yaşadığın dünya təsadüfi yaranıb, deyilənləri qə`bul edərmi? Axı o öz gözləri ilə müşahidə edib ki, qışda bir “qar adam” düzəltməkdən ötəri neçə uşaq bir yerə toplanır, hərə bir iş görür. Axı o necə inanar ki, qar adamı bir neçə nəfər çalışıb düzəldirsə, hərəkət edən şüurlu insan yaradıcısız olsun?
Bəli, hara baxsaq, varlıq aləmindəki əşya və mövcudların istənilən birini diqqətlə nəzərdən keçirsək, hikmət və qüdrət sahibi olan Allahın əsərlərini müşahidə edərik.
Qeybə çəkilmədin gözüm araya,
Üzbəüzdə gördüm baxdım haraya.
Yüz min cilvə ilə səhnədəsən Sən,
Yüz min gözlə Səni seyr edirəm mən.
Səhraya baxıram yad edir səni,
Dəniz də oxuyur həmin nəğməni.
Baxdığım dağlar da, düzənliklər də,
Təkrar-təkrar söylər həmin kəlməni.
Dostları ilə paylaş: |