Sultan və bilikli vəzir
Keçmiş zamanlarda bir sultan bir ölkəyə hakimlik edirdi. O, zalım idi və Allahın vücudunu inkar edirdi. Bu sultanın tək Allaha inanan bir vəziri var idi. Vəzir dəfələrlə çalışmışdı ki, sultanı təkallahlığa cəlb etsin, lakin buna nail ola bilmirdi.
Bir gün vəzir ölkənin görkəmli me`marlarından birini saraya də`vət edib ona əmr etdi ki, sultanın ovlağında gözəl bir qəsr tiksin və ona cürbəcür güllərlə zinət versin. Amma bu işi elə görsün ki, sultan və onun ətrafındakılar bundan xəbər tutmasınlar.
Bir müddət keçəndən sonra me`mar xəbər verdi ki, qəsr hazırdır. Sonra vəzir bir bəhanə tapıb sultanı ovlağa apardı. Sultan uzaqdan qəsri ovlağında görüb təəccüblə soruşdu: “Ovlaqda görünən nədir?” Vəzir cavab verdi: “Sultan sağ olsun, yaxşı olar ki, gedək yaxından bu sirri öyrənək.”
Sultan razılaşdı və birlikdə qəsrə tərəf yola düşdülər. Qəsrə çatdıqda, sultan onun hər tərəfini gözdən keçirib təəccüblə soruşdu: “Bu qəsri çöllükdə kim tikib?”
Vəzir dedi: “Keçən il qışda sel gəlmişdi. Sel özü ilə bir az torpaq, bir az da daş gətirmişdi. Daş və torpaq bura çatan kimi torpaqlar bir-birinə yapışıb kərpic şəklinə düşdülər. Sonra kərpiclər və daşlar təsadüfi olaraq bir-birinin üstünə yığıldılar. Beləliklə, bu qəsrin divarları əmələ gəldi.
Sonra başqa bir sel çoxlu miqdarda ağac qırıb bura gətirdi və ağaclar taxtaya dönüb təsadüfi olaraq divarların üstünə yığıldılar. Beləliklə də qəsrin tavanı düzəldi.
Daha sonra başqa bir sel gəldi. Qapı- pəncərələr divarlara yapışdı və bu qəsri düzəltdilər.
Axırda isə külək gül-çiçəkləri çöl və bağlardan qırıb bura gətirdi. Sonra təsadüfi olaraq onları burda əkdi və bu gözəl gülüstan əmələ gəldi.”
Vəzirin sözlərini eşidən sultan əsəbləşib dedi: “Dəli olmusan, yoxsa məni dəli sayırsan? Əgər me`mar, usta və iş alətləri olmasa, bu gözəllikdə qəsrin düzəlməyi mümkün deyil.”
Bunu eşidən vəzir fürsətdən istifadə edərək belə cavab verdi: “Sultan sağ olsun, siz deyirsiniz ki, bu gözəllikdə qəsrin düzəlməyi daş və torpaqla mümkün deyil. Bəs onda necə ola bilər ki, bu gözəllikdə və bu əzəmətdə olan aləm öz-özlüyündə əmələ gəlsin və heç bir xaliqi (yaradanı) olmasın? Bəs necə mümkündür ki, Ay və Günəş, yer və göylər, ulduzlar, dağlar, çöllər, çaylar, dənizlər, otlar, heyvanlar və s. öz-özünə yaransın və yaradanı olmasın?”
Sultan vəzirin nəsihətlərindən oyandı və tək olan Allaha iman gətirdi.1
Özü yaranışa möhtac olan kəs,
Mümkünmü varlığa verə bir nəfəs?!
Dostları ilə paylaş: |