Ehram1 libası
Ağ parçadan hazırlanmış bu libası hamı bir nəfər kimi geyinərək Allahın əmr etdiyi əməlləri yerinə yetirirlər. Ehram – Hacılara kəfəni və Qiyamət gününü xatırladır. Sanki Allah xəbərdarlıq edir: “Ey insan ! Özünü başqalarından üstün tutma! Eqoist olma! Bu dünyada hər kim olsan da, son mənzilin qəbir evidir. Ölümü yadından çıxarma! Qiyamətdə hamı kimi sən də hüzurumda kəfənlə durub dünyada etdiyin əməllərə görə cavab verəcəksən.”
Ehram - yəni “haram etmək”! Hacılara ehram halında bir neçə şey haramdır və bunların da hikmət və fəlsəfəsi vardır. Misal olaraq:
1. Güzgüyə baxma! – yə`ni, bununla da özünü yaddan çıxar.
2. Ətir vurma! – yə`ni, burnuna dəyən xoş ətir həyatı yadına sala bilər. Burada fəza başqa bir ətirlə doludur. Allahın eşqini qoxula, məst ol!
3. Kimsəyə göstəriş vermə! – yə`ni, qardaşlığı, bərabərliyi dirilt!
4. Heç bir heyvanı incitmə, hətta həşəratları öldürmə. Hətta zorla uzaqlaşdırma! – yə`ni, bu bir neçə günü həzrət Məsih kimi yaşa!
5. Yerdən ot qoparma, sındırma! – yə`ni, təbiətlə sülhdə yaşamağı öyrən. Təcavüz ruhunu özündə boğ!
6. Ov etmə! – yə`ni, qəlbində bərkliyi öldür!
7. Cinsi yaxınlıq qadağandır. Hətta həvəslə baxma! – yə`ni, qoy İlahi eşq, könlünü və qəlbini başdan-başa bürüsün! Və s...
Həcc - ümumi cəhətdən götürülərsə, insan vücudunun Allaha doğru hərəkətidir. Həcc - insanın yaranışının, İslam məktəbinin simvolunun nümayişidir və bu yaradıcı Həcc -insanın öz qaranlıq və dar yuvasından Allahın nura qərq olmuş Kə`bə evinə səfəridir.
Dostları ilə paylaş: |