Ərəb cahiliyyəti dövründə xurafat
Bəşəriyyətin inkişafında, onun cahillik və xurafatdan xilas olmasında İslamın oynadığı rolun daha da aydın olması üçün İslamdan öncə olan xurafi və cahil əqidələrdən qısa nümunələrə işarə edirik:
-Ərəb cahilliyyəti dövründə səfərə çıxan şəxsin arxaya baxmağa haqqı yox idi. Əks təqdirdə, onun üçün problemlər yaranacaqdı.
-Uşağa qalmayan qadın əgər ölmüş kişinin cəsədinə yeddi dəfə ayaq qoysaydı, artıq onun uşağının ölməyəcəyinə e`tiqadlı idilər.
-Ərəbin böyükləri özləri ölməmişdən öncə bir dəvəni öz qəbirlərinin kənarında dəhşətli şəkildə öldürüb basdırardılar ki, Qiyamət günü piyada qalmasınlar.
-Əgər səfərdə olanın qayıtmağını istəməsəydilər, onun üçün ocaq yandırardılar.
-Arzulamadıqları qonağı yola salmağı sevmədikləri üçün xəlvətcə onun arxasına kasa qoyardılar ki, bir daha qayıtmasın.
-Cahiliyyət dövründə yaşayan ərəblər getdikləri yerdə qorxu ilə üzləşsəydilər, yüz dəfə eşşək kimi səs çıxarar və ya tülkü sümüyünü bədənlərindən asardılar.
-Əgər bir şəxs çöllükdə (yolu azıb) itsəydi, divləri qorxutmaq üçün öz köynəyini çevirib tərsinə geyərdi.
-Dəvələrinin sayı yüzə çatsaydı, həsəd aparanın bədnəzərinin qarşısını almaq üçün erkək dəvənin bir gözünü çıxarıb kor edərdilər.
-Dişi inəklər su içməyəndə, buynuzlarının arasında olan cinlər uzaqlaşsın deyə, erkək inəklərin üz-gözünə vurardılar.
-Əgər uşaqlarının dişi düşsəydi, onu iki barmaqla səmaya atıb deyərdilər: “Günəş! Ondan yaxşı diş ver!”
-Yağış yağmasaydı, cahil ərəblər tez alışan çubuqları götürüb inəyin quyruğuna bağlayıb, yandırardılar. Yazıq inək də böyürər, aşağı-yuxarı atılardı. Onlar da bunu göyün gurlaması əlaməti sayıb, yağışın yağacağını güman edərdilər.
-Quş uçan zaman onun hərəkləri ilə fala baxardılar. Əgər quş sağ tərəfə uçsaydı, uğur rəmzi sayardılar, lakin sola uçsaydı, uğursuzluq sayıb, uduzmaq əlaməti hesab edərdilər.
-Qız uşaqlarının diri-diri qəbrə basdırılması, arvadların dəyişdirilməsi, məntiqsiz və ifrat həddində olan şəhvətdən doğan evliliklər və s. adətləri də yuxarıdakı nümunələrə əlavə etmək olar.1
Dostları ilə paylaş: |