ÖN SÖZ
Əziz oxucular, qarşınızda olan bu kitab şiəliyin qərb ölkələrində tanıtdırılması məqsədilə yazılan müxtəsər bir əsərdir. Keçən əsrdə qərb alimləri İslamın müxtəlif sahələri, islam mədəniyyəti və məzhəbləri barədə geniş mütaliə və araşdırmalar aparmışlar. Lakin görülən tədbirlərin və yazılan əsərlərin əksəriyyətində son dərəcə təəssübkeşlik və qərəzçilik hissi müşahidə olunur, hər bir sahədə İslamın təhrif olunması istiqamətində məqsədyönlü işlərin aparıldığı nəzərə çarpır.
Avropalıların İslam dini barədə apardıqları tədqiqatların və istifadə etdikləri kitabların demək olar ki, hamısı əhli-sünnət mənbələridir. Onların əsərlərində rast gəldiyimiz Qur`an, hədis, Peyğəmbər sirəsi, fiqh və kəlam məfhumları da bütünlüklə sünni məzhəbinə aiddir. Hətta əhli-sünnət mənbələrindən gətirilən mə`lumatlar da əksər hallarda təhrif olunmuş və qərəzçiliklə yazılmışdır.
Avropa dillərində mövcud olan əsərlərdə şiəlik qeyri-mö`təbər bir firqə kimi tanıtdırılmış, bütün nəzərləri təhrif olunmuş şəkildə göstərilmiş, yaranma səbəbləri ictimai-siyasi çəkişmələrin nəticəsi kimi izah olunmuş və onun meydana gəlməsinin əsas amili olan dini köklərə çox az diqqət yetirilmişdir. Hətta şiəlik barəsində aparılan tədqiqatlarda İsmailiyyə firqəsinin onun əsas və özək hissəsini təşkil etdiyi iddia olunur. On iki imamçılıq əqidəsinə əsaslanan şiəliyə, hətta İsmailiyyə qədər də olsa, əhəmiyyət verilməmişdir!!
Bəlkə də qərb ölkələrinin şiəliyə qarşı tutduqları bu qeyri-obyektivliyin əsas səbəbi onların müsəlmanlarla bağlı olan tarixi keçmişləridir. Qərb ölkələri bu vaxta qədər müsəlmanlarla iki dəfə birbaşa ünsiyyətdə olmuşlar; onlar birinci dəfə (İspaniyada) Andolosda ərəblərlə və ikinci dəfə isə Avropanın şərqində türklərlə qarşı-qarşıya gəlmişlər. Hər iki təmasda onların müşahidə etdiyi İslam sünnilik formasında olmuş və şiəliklə olan əlaqələr nisbətən sirli rabitələrlə məhdud-lanmışdır. Bəlkə də səlib yürüşləri zamanı onların rastlaşdıqları şiə məzhəbi yalnız Fələstində və İspaniyanın mərkəzində olan bə`zi İsmailiyyə hövzələri olmuşdur.
Qərb ölkələri yaxın keçmişə qədər heç vaxt şiə aləmi ilə, xüsusilə İran şiələri ilə təmasda olmamışlar və İran İslam mədəniyyəti ilə də ilk dəfə Hindistanda rastlaşmışlar.
Mümkündür ki, qərblilər İslamın əqli elmlərdə və bu kimi digər məsələlərdə güclü olan məzhəblərini üzə çıxarmamaq, bu dini bütövlükdə təhqir etmək məqsədi ilə bilərəkdən şiəliyə heç vaxt diqqət yetirməmişlər. Bir reallıq kimi onun yüz milyonlarla iranlı, ərəb, hindli, pakistanlı, azərbaycanlı və s. ardıcıllara malik olmasına göz yummuşlar... Bu məktəbin ardıcılları dünyanın bir çox ölkələrində də tanınmaz qalmışdır. Qərb ölkələrində keçən əsrin şiələri İslamı daim təhrif etməyə çalışan şərqşünasların təqdim etdiyi kimi qəbul olunmuşdur və hətta bə`ziləri bu məzhəbin son dövrlərdə İslam düşmənləri tərəfindən ixtira edildiyini də iddia etmişlər. Qeyd olunan bu məsələlərin həqiqətini yoxlamaq üçün şiəliklə əlaqədar, yaxud şiəliyə cüz᾽i işarələr edilmiş bir neçə məşhur kitabı nəzərdən keçirmək kifayət edər.
Əvvəldə qeyd olunduğu kimi, dünyanı idarə etmək istəyən və ya dünya xalqları üzərində nəzarəti gücləndirməyə çalışan böyük dövlətlər ayrı-ayrı ölkə xalqlarının e`tiqad bəslədiyi din və məzhəbləri, adət-ən`ənələri və ümumi psixologiyanı yenidən araşdırmaq zərurətində idilər. Bu siyasətin davamı olaraq, qərb ölkələrində, xüsusilə ingilisdilli ölkələrdə tədrici olaraq İslam və şiəlik barəsində bir sıra əsaslı tədqiqatlar və elmi axtarışlar hərəkatı başlanmışdı.
Böyük dünya müharibəsindən sonra Amerikada, daha sonra isə İngiltərədə belə bir məsələ qarşıya çıxmışdı ki, hər hansı bir din və ya məzhəb barədə o əqidənin ardıcılı olmayan və ya ona ürəkdən e`tiqad bəsləməyən şəxslərin apardığı araşdırmalar, mülahizələr və yazılan kitablar yetərli deyildir. Bu vaxta qədər hər hansı bir əqidə üçün əcnəbilərin yazdıqları əsərləri heç bir vəchlə əsaslı hesab etmək olmaz.
Qərb ölkələrində dinə qarşı aparılan uzun müddətli mübarizələr nəticəsində çox qorxunc bir mə᾽nəvi boşluq yarandığından Amerika və Avropa ölkələri çarə fikrinə düşmüş, həmin ölkələrdə dinlər barəsində əsaslı tədqiqat aparmaq məqsədilə müəyyən mərkəzlər tə᾽sis edilmişdi. Bu proseslərdə mümkün qədər hər bir dinin öz mənbələrindən və alimlərindən istifadə etməyə çalışır, məqsədə çatmaqda bu yolu daha məqsədəuyğun hesab edirdilər. Əlbəttə, belə bir cərəyanda İslam dini ümumi şəkildə və şiəlik xüsusi şəkildə diqqət mərkəzində idi və ümumi tədbirlər silsiləsindən istisna oluna bilməzdi.
Bu hərəkatda ilk addım atan şəxslərdən biri də professor Kenneth Morgan idi. Colgate unversitetinin professoru, amerikalı alim Morgan ömrünün müəyyən bir hissəsini şərq ölkələrində keçirmiş, şərq dinlərinin tanınmış alim, ustad və şəxsiyyətləri ilə birbaşa əlaqə yarada bilmişdir.
İslam dünyasında əsas e᾽tibarı ilə «İslam sirati müstəqim» kitabının tərtibatçısı kimi məşhurlaşan bu alim1 bir neçə il bundan qabaq Colgate unversitetində dünyanın məşhur dinlərinin nümayəndələrini bir yerə toplamaq məqsədi ilə bir mərkəz tə᾽sis etmişdi. Kenneth Morgan bu mərkəzdə geniş tədqiqat işləri aparmaq məqsədi ilə müxtəlif sahələr üzrə, alim və tələbələrdən təşkil olunmuş ayrı-ayrı qruplar yaratmış, onların işlərinə nəzarəti şəxsən öz öhdəsinə götürmüşdü. O, son dərəcə mühüm hesab edilən şərq dini mənbələrini çap etdirərək onları qərb xalqlarına təqdim etmiş, bununla da həmin dinlərin həqiqi mahiyyətini çatdırmağa çalışmışdır.
Mən həmin mərkəzlə ilk dəfə səkkiz il bundan qabaq yaxından tanış olmuşam. O zaman həmin mərkəzin elmi hey`əti şiəlik barəsində araşdırmalar aparmaq üçün mütəxəssis kadrların çatışmazlığından söhbət açdı və bu sahədə əsaslı tədbirlər görməyi məsləhət bildilər. Əlbəttə, professor Henri Korbəni Sorben unversitetində şiə təfəkkürünün tanıtdırılması sahəsində dəyərli xidmətlər göstərmişdir. Lakin əvvəla, onun əsərləri ümumi oxucu kütləsinin qavraya bilməyəcəyi bir yüksək səviyyədə və fransız dilində yazıl-mışdır. İkincisi isə bu əsər şiəliyin ümumi mahiyyətini deyil, onun irfan, hikmət və bu kimi xüsusi yönlərini aydınlaşdırır. İngilis dilində mövcud olan bir neçə kitab və risalələr də uzun illər boyu şiəliyə arxadan zərbə vurub onu tamamilə məhv etmək üçün çalışan xristian misiyonerlərinin əsərləridir.
Təsadüfən bir-iki il sonra 1964-cü ilin yayında professor Morgan İrana gəldi. Artıq o zaman, əziz ustadım Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbainin tələbəsi olmaq kimi böyük şərəfə nail olmuşdum. Həftədə bir neçə dəfə ustadın Dərəkədə yerləşən bağ evinə gedir və onun elm dəryasından öz məhdud iste᾽dadım qədərində bə᾽zi şeyləri əxz edirdim.
Bir gün cənab Morqanla birlikdə Əllamə Təbatəbainin hüzuruna getdik. Professor ilk anlardan ustadın mə᾽nəvi və ruhani şəxsiyyətinə məftun oldu və hiss etdi ki, elm və hikməti fikir və düşüncə mərhələsindən əməl mərhələsinə çatdırmış və öz elminin həqiqi mahiyyətinə varmış bir insanın hüzurundadır. O, Dərəkənin dar və torpaq yolları ilə geri qayıdarkən Əllamə Təbatəbainin qərb ölkələrində yaşayan insanlar üçün şiəlik barədə bir kitab yazmasını xahiş etdi. Bir müddətdən sonra əməli proqramlar hazırlandı. Ustad üç il ərzində iki dəyərli kitab yazdı ki, onlardan biri qarşınızda olan “İslamda şiəlik”, digəri isə “Şiəlik nəzərindən Qur`an” adlı əsərlərdir. Bu iş doğrudan da İslam maarifinə yüksək bir xidmət oldu.
Mən bu kitabı ingilis dilinə tərcümə etdim və o, bir müddət Amerikanın ali məktəblərində tədris edildi. Bu praktiki mərhələ başa çatdıqdan və tələbələrin böyük islam aliminin qələmi ilə yazdığı mətləblərin necə düşünülməsi ilə əlaqədar aparılan tədqiqatın nticələri mə`lum olduqdan sonra onun yekun çapı nəşr olunacaqdır.
Qur`an barəsində olan kitabın ikinci cildinin tərcüməsi də başlanmışdır. Dünyada şiəliyin tanıtdırılması məqsədi ilə yazılan üçüncü kitab da çapa hazırlanır; bu əsər şiə imamlarının kəlamlarından toplanmış və bu vaxta qədər sirli bir xəzinə kimi tanınmaz qalmış bir məcmuə olacaqdır.
Qeyd olunduğu kimi, “İslamda şiəlik” adlı kitab yeni məqsədlə yazılmış tədqiqat əsəridir. Bu kitabda əsas məqsəd şiəliyi tanıtdırmaq, İslam dünyasında şiəliyin ideoloji əsaslarını açıqlamaq, eləcə də bu məzhəb barədə ümumi və hərtərəfli mə`lumat əldə etmək istəyənlərə yardım etməkdir.
Müəllif bu kitabda əhli-sünnətə azacıq da olsa, hörmətsizlik göstərməmiş, eyni zamanda şiəliyin yaranma səbəblərini mö`təbər sənədlərlə bəyan edərək, onun İslamda köklü bir məzhəb olduğunu göstərməyə çalışmışdır. Bu əsər şiəliyin əsalətini müdafiə etməklə yanaşı, sünnülərlə şiələr arasında təfriqə yaradılmasına yol verməmiş, əksinə İslam dininin iki əsas məzhəbi arasında yarana biləcək anlaşmanı asanlaşdırmışdır. Çünki bu məzhəblər arasındakı həqiqi yaxınlıq yalnız hər iki tərəfin əsalətinin qorunub saxlanması ilə mümkün ola bilər.
Müasir dövrün qəribəliklərindən biri də budur ki, bu kitabın ərəb-farscasına (və ya azəri dilinə) olan ehtiyac ingiliscəsinə olan ehtiyacdan heç də az deyildir. Bəlkə də yüz minlərlə şiə cavan hal-hazırda öz din və məzhəbləri barədə mə`lumatsızlığa, cəhalətə düçar olmuşlar və onunla yaxından tanış olmağa kəskin ehtiyac hiss edirlər. Onlar adi dini kitablardan istifadə etməklə kifayətlənmir, İslam maarifi haqda daha elmi mə`lumatlar əldə etmək istəyirlər.
Keçən illərdə cəmiyyətin müxtəlif təbəqələri arasında dini tə`limat məsələsi qəribə bir vəziyyətə düşmüşdü. İranda yaşayan qeyri-müsəlman xalqlar, eləcə də xarici vətəndaşlar ev və ya məktəb şəraitində öz mədəniyyət və dinlərini öyrənmək üçün müəyyən tədbirlər gördükləri halda, İran cəmiyyətinin əksəriyyətini təşkil edən müsəlmanlar arasında dini tə`limlər tamamilə unudulmuşdu. Valideynlər bu məs`uliyyətin öz üzərlərindən götürüldüyünü zənn edərək, məktəblərin bu ağır vəzifəni mö`cüzəli bir şəkildə həyata keçirəcəyini fikirləşirlər. Məktəblər də öz növbəsində adi dərslərin tədrisi üçün müəllim çatışmazlığı ilə üzləşdikləri halda, təbiidir ki, bu “mö`cüzəni” həyata keçirmək imkanında olmayacaqdır. Bu istiqamətdə tədrici olaraq yaranan bir qrupa hər növ vəsait verilmiş, lazım olan imkan yaradılmışdır; onlar necə hərəkət etməyi bacarır, lakin hara getməyi bilmirlər.
İnsan hədəfli, məqsədyönlü bir varlıq olduğundan, ömrünü bütünlüklə ötəri hisslərdə, puç və maddi işlərdə keçirmək səlahiyyətinə malik olmadığından belə bir vəziyyətlə barışa bilmir; bə`ziləri doğrudan da konkret olaraq nə etmək lazım olduğunu bilmədikləri üçün vicdan əzabı çəkir, ruhi narahatlıqlara düçar olurlar. Həqiqətən dini-mə`nəvi tə`limlər axtarışında olan bir çoxları onlara yol göstərə biləcək alim, müəllim və hətta bə`zən bir kitab belə tapa bilmədikləri üçün əcnəbi din və məzhəblərə üz tutur, həqiqəti ayrı bir yerdə arayıbaxtarır.
Bu kitab qərb ölkələrində yaşayan tələbə və tədqiqatçılar üçün nəzərdə alınsa da, müsəlmanlar üçün də mühüm əhəmiyyət kəsb edir və hətta demək olar ki, bu kitab öz növbəsində misilsizdir.
Mərhum Əllamə Təbatəbai sadə qələmlə tarix, hikmət, irfan və sair bölmələrdə şiəliyin təqribən bütün yönlərini izah etmiş və islam maarifinin ən mühüm həqiqətlərini aydınlaşdırmışdır.
Bu kitabın mütaliə edilməsi şiə təfəkkürünün əsasları barədə mə`lumat əldə etmək və ali mətləblərə çatmaq yolunda düzgün istiqamətlənmək üçün kifayət edər. Hal-hazırda bu nəfis əsərin yol göstərməsi ilə şiəliyin mə`nəvi dünyasına yad olan hər bir şəxs geniş bir aləmə qədəm qoymuş olur. Bu mö`təbər yolgöstərənə istinad etməklə yoldan sapmayacağına, “möhkəm ipə” sarılmaqla son məqsədə nail olacağına əmin ola bilər.
Bu kitabda şiəliyin bütün elmi mərhələləri, o cümlədən yaranma tarixi, fiqhi, şəriəti, mə`nəvi həqiqətlərin ən lətif və incə nümunələri o qədər sadə dildə yazılmışdır ki, onun yalnız həqiqi bir ustadın qələminin məhsulu olmasında şübhə etmək olmur.
Dostları ilə paylaş: |