Əbul Qasim Cə`fər ibni Həsən ibni Yəhya Hilli; (H.Q.660) Mühəqqiq adı ilə məşhur olan mərhum Hilli şiə aləminin görkəmli fəqihlərindən, fiqh elmində dərin biliyə malik olan şəxsiyyətlərdəndir. Onun fiqhdə yazdığı şah əsərlərindən “Müxtəsərun-nafe” və “Şəraye” kitablarını qeyd etmək olar. Bu kitablar 700 ildir ki, fəqihlərin arasında istifadə olunur və ona çox əzəmətlə baxılır.
Mühəqqiqdən sonra Şəhidi Əvvəl ləqəbi ilə tanınan Şəmsəddin Məhəmməd ibni Məkkini qeyd etmək olar. O, 786-cı hicri qəməri ilində Dəməşqdə məhz şiə olduğu üçün qətlə yetirildi. Onun fiqhdə yazdığı şah əsərlərindən “Lüm`ətud-Dəməşqiyyə”ni qeyd etmək olar ki, e`damdan qabaq həbsdə olduğu yeddi gün ərzində yazmışdır. Həmçinin 1227-ci ildə vəfat edən Şeyx Cə`fər Kaşiful-Ğita Nəcəfini və onun fiqhdə şah əsəri olan “Kəşful-ğitanı” qeyd etmək olar.
Şeyx Mürtəza Ənsari Şüştəri; (H.Q.1281.)
O, üsuli-fiqh elmini yazmış və üsul elminin ən mühüm hissələri olan üsuli-əməliyyəni qələmə almışdır. Yüz ildən artıqdır ki, onun məktəbi şiə fəqihləri arasında tədris olunur.
Xacə Nəsirəddin Tusi; (H.Q.676.)
O, kəlam elmini klassik şəkildə ixtisaslı formaya salmışdır. Onun şah əsəri sayılan “Tədricul-kəlam” kitabı 700 ildən artıqdır ki, mütəxəssislər arasında öz e`tibarını qoruyub saxlayır. Sünnü və şiə alimlərindən bir çoxu onun şərh və izahında müxtəlif kitablar yazmışlar. Xacə Nəsirəddin Tusi kəlam elmində malik olduğu dərin ixtisasla yanaşı, fəlsəfə və riyaziyyatda da öz əsrinin dahi şəxsiyyəti sayılırdı. Müddəamızın ən mühüm şahidi onun bütün əqli elmlərdə yazdığı əsərlər, eləcə də Marağada tə`sis etdiyi rəsədxanadır.
Sədruddin Məhəmməd Şirazi. (H.Q.979-1050.)
O, əsrlər boyu islamda tədrici və pərakəndə inkişafda olan fəlsəfi məsələləri yenidən işləyərək təkmilləşdirən, eləcə də onları riyazi məsələlər kimi tərtibə salan ilk filosofdur.
Buna görə də əvvəla: Onun elmi nailiyyətləri sayəsində bu vaxta qədər fəlsəfədə işıqlandırılması və həlli mümkün olmayan yüzlərlə məsələnin həll edilməsinə imkanlar yarandı. İkincisi, bir sıra irfani məsələlər çox asan səpgidə həll edildi (o dövrə qədər bu məsələlər əqldən yüksəkdə, onun mə`lumatları idrak olunmayan səviyyədə hesab olunurdu). Üçüncüsü, Əhli-beyt (ə)-ın rəhbərlərinin uzun əsrlər boyu həllolunmaz bir müəmma şəklində qalan, çox hallarda isə mütəşabihlərdən sayılan dərin və mürəkkəb fəlsəfi bəyanlarından və dinin zahiri mə`nalarından çoxu həll edilərək aydınlaşdırıldı. Beləliklə də dinin zahiri mə`naları ilə irfan fəlsəfi arasında tam uyğunluq yaradıldı və onların hər ikisi bir istiqamətdə düşünülməyə başlandı. Mərhum Şirazidən qabaq da Şeyx Söhrəvərdi1 və Şəmsuddin Məhəmməd Türkə2 bu barədə əsaslı irəliləyişlərə nail olmuşlar. Kamil müvəffəqiyyət isə Sədrul-Mütəəllihin Məhəmməd Şiraziyə nəsib olmuşdur.
Sədrul-Mütəəllihin bu üslubu davam etdirərək “cövhəri hərəkət” nəzəriyyəsini isbat etdi, dördüncü yön və nisbiyyət nəzəriyyəsini (əlbəttə zehn və təsəvvür aləmində deyil, tarixdə) kəşf etdi, əlliyə yaxın kitab və risalə yazdı. Onun fəlsəfədə yazdığı şah əsərlərindən biri dörd cildlik “Əsfar” kitabıdır.
Dostları ilə paylaş: |