PEYĞƏMBƏRLƏR, NÜBUVVƏT VƏ VƏHYİN HÖCCƏTİ
Vəhy və nübuvvət barəsində tədqiqat aparan müasir alimlərdən çoxu vəhy, nübuvvət və eləcə də onlarla əlaqədar olan sair məsələləri ictimai-psixoloji qaydalar əsasında izah edərək deyirlər: İlahi peyğəmbərlər pak fitrətli, böyük himmətli və bəşəriyyəti sevən insanlar olmuşlar. Buna görə də onlar maddi və mə`nəvi cəhətdən inkişaf edərək, ictimaiyyətdəki fəsad və eybəcərlikləri islah etmək üçün müəyyən qayda-qanunlar tənzim etmiş və xalqı ona doğru də`vət etmişlər. O dövrdə insanlar əql və məntiqi qəbul etmədiklərindən, camaatı bu qanunlara tabe etdirmək məqsədi ilə özünü və öz fikirlərini qeyri-maddi (mücərrəd) aləmlə əlaqələndirir, öz pak ruhlarını Ruhul-Qüdüs hesab edir, ondan yaranan fikirləri (vəhy və nübüvvəti), ondan nəticə kimi alınan vəzifələri (asimani şəriəti) və onları özündə əhatə edən bəyanları “asimani kitab” adlandırırdılar.
Hər kəs asimani kitablara diqqətlə baxsa, xüsusilə Qur`ani-Kərimə və peyğəmbərlərin şəriətinə nəzər salsa, heç bir şəkk-şübhə olmadan yuxarıdakı nəzəriyyənin düzgün olmadığını başa düşəcəkdir. İlahi peyğəmbərlər siyasətbaz deyil, haqq insanlar olmuşlar; onların bütün vücudları doğruçuluq, səfa-səmimiyyətlə birgə yoğrulmuşdur. Dərk etdikləri şeyi artırıb-azaltmadan deyir, dediklərinə də əməl edirdilər; onların iddia etdikləri məsələlər qeyb aləmindən onlara bəxş olunan rəmzli bir şüur idi; onlar məhz bu yolla xalqın e`tiqadi və əməli vəzifələrini Allahdan alıb camaata çatdırırdılar.
Buradan aydın olur ki, nübuvvət iddiasını isbat etmək üçün güclü dəlil və höccət lazımdır. Peyğəmbərin şəriətinin sadəcə olaraq “əql ilə uyğun olduğunu” demək, peyğəmbərlik iddiasının doğru olmasının isbat edilməsində kifayət deyildir. Çünki peyğəmbərçilik iddiası edən hər bir şəxs öz şəriətinin doğruluğu ilə yanaşı, başqa bir şeyi də iddia edir; o, maddi aləmin fövqündə dayanan başqa bir aləmlə vəhy və nübuvvət rabitəsinə malik olduğunu və Allah tərəfindən (risalətə) mə`mur olunduğunu deyir. Bu da öz növbəsində dəlil-sübut tələb edir. Məhz buna görə də (Qur`anın xəbər verdiyi kimi) insanlar həmişə özlərinin sadə zehnləri ilə ilahi peyğəmbərlərdən öz iddialarını isbat etmək üçün mö`cüzə istəyirdilər.
Bu düzgün və sadə məntiqin mə`nası bundan ibarətdir ki, ilahi peyğəmbər başqa insanlarda mövcud olmayan bir şeyi iddia edir. Bunun üçün də hökmən qeybi bir qüvvə olmalıdır. Allah-taala onu xariqül-adə surətdə Öz peyğəmbərinə verməlidir ki, onun vasitəsilə Allahın kəlamını eşidərək müəyyən göstəriş və tapşırıqlar əsasında camaata çatdırsın. Bu halda peyğəmbər, xalq onun nübuvvətinin doğruluğuna inansın deyə, öz Allahından başqa bir xariqül-adə iş yaratmasını istəyəcəkdir.
Aydındır ki, peyğəmbərdən mö`cüzə istənilməsi məntiqi qanunlara uyğundur; öz nübuvvətini başlanğıcda və ya camaatın istəyinə əsasən isbat etmək istəyən peyğəmbərə mö`cüzə göstərmək vacibdir. Qur`ani-Kərim də bu məntiqi təsdiqləyərək bir çox peyğəmbərlərin öz risalətlərinin əvvəllərində, yaxud camaatın istəyi ilə sonradan mö`cüzə göstərmələrini nəql etmişdir.
Əlbəttə, tədqiqatçıların bir çoxu mö`cüzənin gerçəkləşməsini inkar etmişlər; lakin onların sözləri e`tina olunacaq dərəcədə əsaslı deyildir. İndiyə qədər təcrübə, yaxud axtarış yolu ilə hadisələr üçün gəlib çatan səbəblər arasında onların daimi olmasına heç bir dəlilimiz yoxdur və heç bir hadisə öz adi səbəb və amillərindən başqa bir şeylə gerçəkləşmir; ilahi peyğəmbərlərə mənsub edilən mö`cüzələr də qeyri-mümkün və (üç ədədinin cüt olması kimi) əqlin xilafına deyildir; sadəcə olaraq qeyri-adidir. Qeyri-adi işlər ruhi məşğələlərlə məşğul olan şəxslərdən (yoqlardan) də müşahidə olunmuş və eşidilmişdir.
Dostları ilə paylaş: |