HƏZRƏT MƏHƏMMƏDİN (S) NÜBUVVƏTİ
Həzrət Məhəmməd (s) ilahi peyğəmbərlərin sonuncusu, kitab və şəriət sahibidir; müsəlmanlar ona iman gətirmişlər. Həzrət Məhəmməd (s) hicri qəməri tarixinin başlanmasından 50 il qabaq Hicazın Məkkə şəhərində, Qüreyş qəbiləsinin Bəni-haşim sülaləsində dünyaya gəlmişdir; atasının adı Əbdüllah, anasının adı isə Amənə idi; o həzrət uşaq ikən öz valideynlərini itirmiş və babası Əbdülmüttəlibin himayəsinə keçmişdir. O da tez bir zamanda dünyasını dəyişdiyi üçün əmisi Əbu Talib onu öhdəsinə alaraq öz evinə gətirmişdir. O həzrət həmin ailədə böyüyüb boya-başa çatmış, həddi-büluğa çatmamış-dan qabaq əmisi ilə ticarət üçün Şama səfər etmişdir.
O həzrət heç bir yerdə elm öyrənmədiyi üçün yazıb-oxumağı bacarmırdı. Həddi-büluğa çatdıqdan sonra ağıl, ədəb-ərkan və əmanətdarlıq kimi insani keyfiyətlərlə məşhurluşmışdır. Buna görə də sərvətli Qüreyş qadınlarından biri olan Xədicə öz mal-dövlətini onun ixtiyarında qoymuş və ticarət işlərini ona həvalə etmişdi.
O həzrət ticarət məqsədilə Şama bir daha səfərə getmiş, öz fərasət, iste`dad və bacarığı sayəsində çoxlu qazanc əldə etmişdi. Çox çəkmədən Xədicə Peyğəmbərlə evlənmək təklifi irəli sürdü, həzrət də qəbul etdi və 25 yaşında ikən onunla ailə həyatı qurdu. Bu evlənmədən sonra 40 yaşına qədər həmin halda idi, əql və əmanətdarlıqda şöhrəti hər yerə yayılmışdı. O, heç vaxt bütə pərəstiş etməmişdi; halbuki o zaman ərəblərin rəsmi dini bütpərəstlik idi. O, bə`zən camaatın gözündən yayınaraq xəlvətə çəkilər, Allahla razi-niyaz edərdi. Nəhayət 40 yaşında Həra mağarasında1 raz-niyaza məşğul ikən Allah tərəfindən peyğəmbərliyə seçildi və dinin təbliğ olunmasına əmr olundu. Qur`anın ilk surəsi (“Ələq” surəsi) ona nazil oldu və həmin gün öz evinə qayıtdı. Yolda əmisi oğlu Əli ibni Əbu Talibi gördü. Hadisəni bəyan etdikdən sonra Əli (ə) ona iman gətirdi, evə daxil olduqdan sonra isə həyat yoldaşı Xədicə də iman gətirdi.
Peyğəmbəri-Əkrəm (s) camaatı ilk dəfə dinə aşkar şəkildə də`vət etdiyi zaman onların çox kəskin əks-əməlləri ilə qarşılaşdı və bundan sonra məcburiyyət qarşısında qalıb gizli fəaliyyət və də`vətə başladı. Yenidən ona əmr olundu ki, ən yaxın qohum-əqrəbalarını dinə də`vət etsin. Lakin bu də`vətin də heç bir müsbət nəticəsi olmadı və Əli ibni Əbu Talibdən başqa heç kəs ona iman gətirmədi. (Əhli-beyt imamlarından nəql olunan hədislərə, eləcə də Əbu Talibin öz şe`rlərinə istinadən şiələr inanırlar ki, Əbu Talib elə ilk vaxtlarda islama iman gətirmişdi. Lakin Peyğəmbəri-Əkrəmin (s) yeganə himayəçisi olduğundan öz imanını camaatdan gizlədirdi ki, Qüreyşin yanında öz zahiri nüfuz və qüvvəsini qoruyub saxlaya bilsin.) Bundan sonra Peyğəmbəri-Əkrəm (s) Allah tərəfindən verilən əmr əsasında aşkar şəkildə təbliğə başladı. Məkkə əhalisi o həzrətə ən ağır əzab-əziyyət və işgəncələr verməyə başladı. Təzə müsəlman olan şəxslərə qarşı Qüreyş tayfasının göstərdiyi işgəncə və təzyiqlər elə həddə çatmışdı ki, müsəlmanlardan bə`ziləri öz ev-eşiklərini tərk edərək Həbəşistana köçməyə məcbur oldular. Peyğəmbər (s) öz əmisi Əbu Talib və Bəni-haşimdən olan qohum-əqrəbası ilə birlikdə Əbu Talib dərəsində (Məkkə dərələrindən birində olan hasar idi) iqtisadi mühasirədə, həm də son dərəcə ağır və acınacaqlı vəziyyətdə yaşayırdılar; heç kəs onlarla qaynayıb-qarışmır və alver də etmirdi; onların oradan çıxmağa da imkanları yox idi.
Məkkə bütpərəstləri Peyğəmbərə (s) rəva gördükləri hər növ təzyiq, işgəncə, həmçinin vurmaq, döymək, təhqir etmək, istehza və məsxərə və işində maneçilik törətmələrinə baxmayaraq, bə`zən də onu məramından və tutduğu yoldan qaytarmaq üçün özlərini zahirdə mehriban göstərir, çoxlu mal-dövlət, rəyasət və`dəsi verirdilər. Lakin o həzrətin nəzərində onların yağlı və`dələri ilə əzab və`dələri eyni səviyyədə idi və bunların hamısının Peyğəmbərin (s) sə`y və fəailyyətlərinin genişlənməsindən, əzminin güclənməsindən başqa bir nəticəsi olmadı. Qüreyş başçıları çox vaxt o həzrətə müraciət edib ona mal-dövlət və rəyasət və`dəsi verirdilər. Bir dəfə o həzrət onlara dedi: “Əgər günəşi sağ əlimə, ayı sol əlimə qoysanız belə, yeganə Allaha itaət etməkdən və öz risalətimi yerinə yetirməkdən əl çəkməyəcəyəm.”
Be`sətin təqribən onuncu ilində o həzrət “Əbu Talib” dərəsindən çıxdıqdan bir müddət sonra yeganə himayəçisi olan əmisi Əbu Talib dünyadan getdi; onun vəfalı həyat yoldaşı da vəfat etdi. Artıq o həzrətin canı heç bir təhlükə qarşısında əmin-amanlıqda deyildi və sığınacaq yeri də yox idi. Nəhayət Məkkə bütpərəstləri gizlin və məkrli bir tədbir töküb onu öldürmək qərarına gəldilər, gecə ikən evini hər tərəfdən mühasirəyə aldılar. Onlar qəfildən həzrətin üstünə tökülüb onu tikə-tikə doğramaq istəyirdilər.
Lakin Allah-taala o həzrəti bu məkrli tədbirdən agah etdi və ona Yəsribə köçmək əmri verildi. Bu zaman həzrət Əlini (ə) öz yatağında yatırdaraq gecə ikən Allahın mühafizəsi ilə öz evindən çıxdı, düşmənlərin içindən keçdi və Məkkənin bir neçə kilometrliyində yerləşən mağaraya sığındı. Düşmənlər üç gün hər yeri axtarıb onu tapmaqdan ümidsiz olduqdan sonra Məkkəyə qayıtdılar. Bu zaman Peyğəmbər (s) mağaradan çıxıb Yəsribə yola düşdü.
Mədinə əhalisi əvvəldən o həzrətə iman gətirib bey`ət etdikləri üçün onu yüksək rəğbətlə qarşıladılar, öz canlarını və mallarını onun ixtiyarında qoydular.
O həzrət Yəsrib şəhərində ilk dəfə olaraq kiçik islami cəmiyyət təşkil etdi, şəhərdə və onun ətraf məntəqələrində olan yəhudi tayfaları və o nahiyədə yerləşən güclü ərəb qəbilələri ilə də müqavilə bağlayıb islam dinini yaymağa başladı. Bundan sonra Yəsrib şəhəri Mədinətur-Rəsul adı ilə tanındı.
İslam dini günbəgün genişlənib yayılırdı. Məkkədə Qüreyş zalımlarının əlində əsir olan müsəlmanlar tədrici olaraq öz ev-eşiklərini buraxaraq Mədinəyə köçüb pərvanə kimi Peyğəmbərin (s) ətrafına yığışırdılar. Onlara “mühacirlər”, Peyğəmbərin (s) Yəsribdə olan yerli köməkçilərinə isə “ənsar” deyilirdi.
İslam dininin çox sür`ətlə inkişaf edib yayılmasına baxmayaraq, Qüreyş bütpərəstləri və Hicazdakı yəhudi tayfaları bacardıqları qədər maneçilik törədir, müsəlmanların içərisində olan və batində heç bir əmrə tabe olmayan münafiqlərin əli ilə hər gün müsəlmanlar üçün yeni-yeni müsibətlər, çətinliklər yaradırdılar. Nəhayət iş müharibə ilə nəticələndi. Müsəlmanlarla ərəb bütpərəstləri və yəhudilər arasında çoxlu müharibələr baş verdi ki, onların əksəriyyətində islam ordusu qələbə çaldı. Bu müharibələrin sayı 80-a çatır. Bədr, Ühüd, Xəndək, Xeybər və s. böyük müharibələrin hamısında Peyğəmbər (s) şəxsən iştirak edirdi. Böyük müharibələrin hamısında, eləcə də kiçik müharibələrin əksəriyyətində qələbə Əli (ə)-ın əli ilə baş verirdi. O həzrət müharibələrin heç birində bir addım olsun belə geri çəkilmirdi. Hicrətdən sonrakı on il ərzində baş verən bütün müharibələrdə müsəlmanlardan 200 nəfərdən az, kafirlərdən isə 1000 nəfərə qədər öldürüldü. O həzrətin fəaliyyətləri, həmçinin mühacir və ənsarın göstərdiyi on illik sə`ylər nəticəsində islam dini Ərəbistan yarmadasının hər yerini bürüdü. İran, Roma, Misir, Həbəşistan və s. ölkə başçılarının islama də`vət olunması üçün məktublar yazılırdı.
O həzrət fəqirlər kimi yaşayır, maddi cəhətdən aşağı sinfə mənsub olması ilə fəxr edir1 və öz vaxtını bir an olsun belə, boş və əbəs işlərə sərf etmirdi. O həzrət vaxtını üç yerə bölmüşdü: bir hissəsində Allahla raz-niyaz edir, ibadətlə məşğul olur, Allahı yad edirdi; bir hissəsini ailəsinə və əhl-əyalına sərf edir, mənzil üçün lazım olan avadanlıqları tə`min edirdi; digər bir hissəsini isə camaat üçün ayırmışdı ki, bu vaxtda dini tə`limlərin və maarifin yayılması, islam cəmiyyətinin idarə olunması, mövcud çatışmazlıqları, əxlaqi və qanun pozuntularını aradan qaldırmaq, müsəlmanların ehtiyaclarını tə`min etmək, daxili və xarici rabitələri möhkəmləndirmək və s. işlərlə məşğul olurdu. O həzrət Mədinədə on il qaldıqdan sonra yəhudi qadının yeməyinə qatdığı zəhər nəticəsində ağır xəstəliyə düçar oldu və bir neçə gün əziyyət çəkdikdən sonra vəfat etdi. Rəvayətdə qeyd olunduğu kimi, o həzrətin dilindən eşidilən son söz qullar və qadınlar barəsində söylədiyi tövsiyələr olmuşdur.
Dostları ilə paylaş: |