ON İKİ İMAMÇI ŞİƏLƏR VƏ ONLARIN ZEYDİYYƏ VƏ İSMAİLİYYƏ İLƏ OLAN FƏRQLƏRİ
Azlıq təşkil edən və adları qeyd olunan firqələrin ayrılmasından sonra əksəriyyət təşkil edən şiələr “imamiyyə”, yaxud “on iki imamçı şiələr” adlandırıldı. Qeyd olunduğu kimi, onlar yarandığı ilk dövrlərdə islamın iki əsas məsələsinə e`tiraz və tənqidlə yanaşmışdılar. Onların Peyğəmbəri-Əkrəmin (s) tə`limləri və o həzrətin müasirləri olan müsəlmanlar arasında mövcud olan dini əqidələr barəsində heç bir e`tirazları yox idi; amma onlar iki mühüm məsələni - “islami hökuməti” və “elmi mərcəiyyət”i Əhli-beytin (ə) qanuni haqqı hesab edirdilər.
Şiələr deyirdilər:
İslami xilafət Əli (ə) və onun övladlarına məxsusdur. Əlbəttə, batini vilayət və mə`nəvi rəhbərlik bunun ayrılmaz hissəsidir. Belə ki, Peyğəmbəri-Əkrəmin (s) özünün və sair Əhli-beyt imamlarının aşkar şəkildə buyurduğuna əsasən, imamların sayı 12 nəfərdir. Onlar deyirdilər ki, şəriət qanunlarından və hökmlərindən ibarət olan və eyni halda kamil mə`nəvi həyata da şamil olan Qur`anın zahiri tə`limatları qiyamətə qədər əsalət və e`tibara malikdir; onun heç bir qanunu qüvvədən düşməyəcəkdir; bu hökm və qanunları yalnız Əhli-beyt (ə)-ın vasitəsilə əldə etmək lazımdır.
Buradan on iki imamçı şiələrlə zeydiyyə şiələri arasında mövcud olan ümumi fərq aydın olur. Əsas fərq bundan ibarətdir ki, zeydiyyə şiələri imamətin Əhli-beytə məxsus olduğunu qəbul etmir, imamların sayının qəti olaraq on iki olunduğuna inanmır və Əhli-beyt fiqhinə tabe olmurlar. Amma on iki imamçı şiələr bunların tam əksinədir.
On iki imamçı şiələrlə ismailiyyə şiələri arasında da ümumi və əsaslı fərqlər mövcuddur; ismaililərin inancına görə imamət yeddi rəqəmi üzərində dövr edir, nübüvvət həzrət Məhəmmədlə (s) xətm olunmur. Həmçinin, şəriət hökmlərində müəyyən dəyişikliklər edilməsi, hətta xüsusi şər`i təkliflərin özünün ləğv edilməsi belə, batiniyyəçilərin nəzərində maneəsizdir! Amma on iki imamçı şiələr həzrət Məhəmmədi (s) peyğəmbərlərin sonuncusu hesab edir və onun üçün on iki canişin olduğuna inanırlar; şəriətin zahirinin mö`təbər və dəyişməz olduğuna əqidə bəsləyir, Qur`ani-Kərimin həm zahiri, həm də batini mə`nalara malik olduğunu təsdiq edirlər.
* * *
Son iki əsrdə on iki imamçı şiələrin arasında şeyxiyyə və kərimxaniyyə cərəyanları da yaranmışdır. Onların başqaları ilə olan ixtilafı məsələlərin əslinin isbat və ya inkar olunmasında deyil, bir sıra nəzəri məsələlərdədir; buna görə də onları şiələrdən ayrılan xüsusi bir firqə hesab etmirik.
Həmçinin “ğülat” adlandırılan və on iki imamçı şiələrdən ayrılan, batiniyyə və ismailiyyə şiəsi kimi yalnız batinə inanan və buna görə də düzgün bir məntiqi olmayan Əliyyullah firqəsini də müstəqil cərəyan hesab etmirik.
Dostları ilə paylaş: |