XÜSUSİ HİDAYƏT
Aydındır ki, insan növü də bu ümumi və külli qaydalardan istisna olunmur, yaradılış növlərinin hər birinə hakim kəsilən ilkin və təkvini hidayət ona da hakim olacaqdır. Belə ki, hər bir növ özünə məxsus olan müəyyən qanunauyğunluqla öz kamalına doğru hərəkət edir və hidayət yolunu tapır. İnsan da təkvini hidayət yolu ilə öz həqiqi kamalına doğru hidayət yolunu tapır. İnsanın sair canlılarla bir çox xüsusiyyətlərdə şərik olması ilə eyni zamanda onu başqa varlıqlardan seçən xüsusi bir məziyyəti də vardır ki, ona əql (ağıl) deyilir.
İnsan məhz əqlin vasitəsilə təfəkkür edir, mümkün vasitələrdən öz xeyrinə istifadə edir, asimanın sonsuz fəzasına yüksəlir, dəryaların dərinliklərinə baş vurur, yerin üstündə növbənöv əşyaları, bitkiləri, heyvanları istismar edir, hətta insan növlərindən də bacardığı qədər faydalanır.
İnsan ilkin təbiətinə uyğun olaraq, öz kamal və səadətini mütləq azadlıqda görür; lakin onun vücudu ictimai və ehtiyacları saysız-hesabsız olduğundan heç vaxt təklikdə onları tə`min edə bilmir. O, öz insan növləri ilə qarşılıqlı əlaqələr yaradaraq həmkarlıq edir, ictimai şəkildə yaşadıqda məcburi şəkildə bir çox azadlıqlarını bu yolda əldən verir; başqalarından əldə etdiyi qazanc müqabilində onlara da müəyyən qədər qazanc verir, başqalarının əziyyətinə mə`ruz qaldığı qədər digərlərini zəhmətə salır, başqa sözlə məcburiyyət üzündən ictimai həmkarlığı qəbul edir.
Bu həqiqət körpələrin və uşaqların barəsində daha aydındır. Onlar ilk əvvəllər öz istəklərinə çatmaq üçün inadkarlıq və ağlamaqdan başqa heç bir üsuldan istifadə etmir, həmçinin heç bir qayda-qanuna tabe olmaq istəmirlər. Lakin fikirlərinin tədricən inkişaf etməsi nəticəsində başa düşürlər ki, inadkarlıq və zorakılıqla yaşamaq olmaz; yavaş-yavaş ictimai fərdlərin ümumi tələblərinə uyğunlaşmağa başlayırlar; nəhayət kamil təfəkkürə malik olan ictimai yetkinlik yaşlarında öz mühitində mövcud olan ictimai qayda-qanunlar qarşısında əyilir. İctimai həmkarlığı qəbul etməyin ardınca qayda-qanunların varlığı zəruri hesab olunur; bu qanunlar cəmiyyətdə tətbiq edilərək ayrı-ayrı fərdlərin hər birinin vəzifəsini müəyyən edir və ictimai asayişi pozanları öz cəzasına çatdırır. İnsan elə bir qanun istəyir ki, onun əməli olaraq icra olunması ilə cəmiyyət fərdlərindən hər biri özünün həqiqi xoşbəxtliyinə çatsın, onun ictimai dəyərinə bərabər olan səadətə nail olsun.
Bəşər övladı yarandığı ilk gündən bu ümumi miqyaslı, hər tərəfli və əməli qanunlara məftun olmuş, həmişə onu öz arzularının sərlövhəsi seçmiş və onun həyata keçməsinə çalışmışdır. Aydındır ki, əgər belə bir şey mümkün olmasaydı və bəşərin taleyinə yazılmasaydı onun həmişəlik istəyi olmazdı.1 Allah-taala bu ümumbəşəri və ictimai qanunauyğunluqların həqiqətinə işarə edərək buyurur:
“Biz insanların məişət və həyatını onların arasında bölüşdürdük (hər şəxs onun bir qismini öhdəsinə alır; onlardan bə`zilərinə üstünlük verdik ki, bə`ziləri digərlərini öz ixtiyarlarına keçirsin.”1 (Necə ki, fəhlə və sahibkarın hər biri məxsus vaxtlarda biri digərini müəyyən işlərə cəlb edir; rəislə onun əli altında işləyənlər, icarəçi ilə icarənişin, alıcı və müştəri də bu qayda ilədir.).
İnsanın özünüsevmək və inhisarçılığı barədə isə belə buyurulur:
“İnsan çox həris yaradılmışdır. Ona xoşagəlməz bir hadisə baş verdikdə ah-nalə edir, xeyir çatanda başqalarını ondan məhrum edir.”2
Dostları ilə paylaş: |