QİYAMƏT GÜNÜ
Asimani kitablar içərisində Qur`an Qiyamət barəsində müfəssəl şəkildə danışan yeganə kitabdır. Tövrat bu gün barəsində əsla söhbət açmamış, İncil isə cüz`i işarədən başqa bir şey bəyan etməmişdir. Qur`anın yüzlərlə ayəsində Qiyamət günü müxtəlif adlarla yad edilmiş, bu gündə dünya və onun əhalisinin malik olduqları tale barəsində bə`zən qısa şəkildə, bə`zən isə geniş şəkildə izahlar verilmişdir.
Qur`an dəfələrlə xatırladır ki, Qiyamət gününə iman Allaha imanla yanaşı olub islamın üçlük təşkil edən e`tiqadi prinsiplərindən biridir ki, ona malik olmayan şəxs (məadı inkar edən şəxs) islam dinindən xaric olub, əbədi həlakətə düçar olanlar sırasındadır.
Həqiqət də məhz belədir. Çünki əgər Allah tərəfindən insanların əməl və işlərinin hesabı, cəza və mükafat məsələsi olmasaydı, Allahın fərman, əmr və nəhylər məcmuəsindən ibarət olan dini də`vət heç bir tə`sirə malik olmazdı; tə`sir baxımından təbliğ və nübuvvətin olub-olmaması eyni səviyyədə olacaq, hətta onun olmaması olmasından daha üstün sayılacaqdı. Çünki dini qəbul edib, şəriət qayda-qanunlarına tabe olmaq hökmən özü ilə müəyyən mükəlləfiyyətlər gətirir və azadlığın alınmasına səbəb olur. Halbuki, əgər dinə tabe olmağın heç bir nəticəsi olmasaydı, camaat onu heç vaxt qəbul etməz və öz təbii azadlıqlarından əl çəkməzdi.
Buradan aydın olur ki, Qiyamət gününün xatırladılmasının əhəmiyyəti dini də`vətin öz əhəmiyyətinə bərabərdir.
Eləcə də aydın olur ki, Qiyamət gününə iman insanın təqvalı olub çirkin və bəyənilməz əxlaqdan, böyük günahlardan çəkinməsinin ən mühüm amilidir. Belə ki, ona imanlı olmamaq və yaxud unutmaq da hər növ günahın mənşəyi sayılır. Allah-taala Öz kitabında belə buyurur:
“Həqiqətən Allah yolundan çıxaraq azğınlığa düşənlər üçün ağır bir əzab vardır, çünki onlar Qiyamət gününü unutmuşlar.”1
Aydın olduğu kimi, bu şərif ayədə Qiyamət gününün unudulması azğınçılıq hesab olunur. İnsan və dünyanın yaradılışında, eləcə də asimani şəriətlərin hədəf və məqsədində dərindən diqqət yetirilməsi ilə belə bir günün (Qiyamət gününün) irəlidə olduğu tamamilə aşkar olur.
Biz yaradılış aləmində gerçəkləşən işlərə diqqətlə yanaşsaq mə`lum olar ki, heç bir iş (belə ki, zəruri olaraq müəyyən qədər hərəkətə də şamil olur) sabit bir hədəf olmadan yerinə yetirilmir; heç vaxt bir işin özü müstəqil şəkildə insanın məqsədi və istədiyi şey deyil, əksinə bunların hamısı müəyyən bir hədəfin müqəddiməsidir və məhz ona görə istənilir. Hətta səthi nəzərlə yanaşdıqda məqsədsiz sayılan müəyyən işlərə, o cümlədən təbii işlərə, uşaq oyunlarına və s. diqqətlə nəzər saldıqda onun növünə uyğun olan məqsəd və hədəflərin olduğu aydınlaşır. Belə ki, ümumi halda hərəkət qəbilindən olan təbii işlərdə hərəkət hansı istiqamətə gedirsə, həmin istiqamət onun məqsədi və hədəfidir. Uşaqlara xas olan oyunlarda isə oyunun növünə münasib olan xəyali bir hədəf vardır ki, oyunda istənilən şey həmin xəyali məqsədə çatmaqdan ibarətdir.
İnsanın və dünyanın yaradılışı Allahın işidir və Allah heç vaxt əbəs və hədəfsiz bir iş görməz. O, yaradılışda sabit bir məqsəd güdmədən və sabit bir hədəfi izləmədən daim yaradıb ruzi verdikdən sonra öldürməsi və yenidən dirildib ruzi verib sonra yenidən öldürməsi, həmçinin bir şeyi düzəldib sonra bir-birinə qarşıdırması və s. işlərdən çox-çox pak və münəzzəhdir.
Deməli, insan və dünyanın yaradılışı üçün hökmən sabit bir hədəf və məqsəd vardır. Əlbəttə, onun faydası hər şeydən ehtiyacsız olan Allaha deyil, yaranmışlara qayıdır. Deməli, insan və dünya sabit bir yaradılışa, daha kamil vücuda doğru irəliləyir ki, onda heç bir fanilik və puçluq yoxdur. Həmçinin dini tərbiyə baxımından camaatın vəziyyətinə diqqətlə yanaşsaq görərik ki, insanlar bu tərbiyə və ilahi hidayət nəticəsində yaxşı və pis əməl sahibləri olaraq iki qrupa bölünürlər. Bununla belə, bu həyat nəş`əsində ayrıseçkilik və imtiyaz yoxdur. Əksinə, əksər hallarda müvəffəqiyyət və inkişaf zalımlara və bəd əməl sahiblərinə nəsib olur, yaxşı əməl sahibləri həmişə giriftarçılıqda, çətin məişətdə, ağır həyat şəraitində yaşayır və cürbəcür məhrumiyyətlərə, zülmlərə düçar olurlar.
Belə olan halda ilahi ədalət tələb edir ki, başqa bir həyat da mövcud olsun; onda qeyd olunan iki dəstədən hər biri öz əməlinin cəzasını və əvəzini görsünlər; hər biri öz halına münasib olaraq həyat sürsün. Allah-taala Öz kitabında bu iki höccətə işarə edərək buyurur:
“Biz asimanları, yeri və onların arasında olanları əbəs yerə yaratmamışıq (onları yalnız haqq əsasında hikmət və məsləhətə uyğun xəlq etmişik), lakin camaatın əksəriyyəti agah deyillər.” (Ağıldan uzaq olan bu ehtimal Allaha qarşı kafir olan şəxslərin etdiyi gümandır, vay olsun bu kafirlərin halına! Onlara və`də verilən atəş...! Məgər Biz iman gətirib yaxşı iş görənləri yer üzündə fitnə-fəsad törədənlər kimi qiymətləndirərikmi? Yaxud pəhrizkarları günah əhli kimi qərar verərikmi?)
Başqa bir ayədə iki höccəti cəm edərək buyurur:
“Yoxsa cinayət törədib pis iş görənlər güman edirlər ki, Biz onları iman gətirib yaxşı iş görənlər kimi qərar verəcəyik ki, onların ölümləri və həyatları bərabər olsun? Onların etdiyi hökm necə də pis hökmdür! Allah asimanları və yeri haqq olaraq yaratdı (əbəs yerə yaratmadı) ki, hər nəfsə öz əməli ilə kəsb etdiyi şeylər əvəz olaraq verilsin və camaata zülm olunmasın.”
Dostları ilə paylaş: |