MÜQƏDDİMƏ
“İslamda şiəlik” adlı bu kitab islamın iki böyük məzhəbindən biri olan şiəliyin həqiqi və real mahiyyətini, onun necə yaranıb inkişaf etməsini, təfəkkür tərzini və islam maarifi haqda olan baxışlarını bəyan edir.
1. Din: Şübhəsiz, hər bir şəxs öz fərdi həyatında təbii olaraq başqa insanlarla ünsiyyətdə olur, cəmiyyətin digər üzvləri ilə müəyyən işləri yerinə yetirir. Onlar zahirdə bir-birlərindən ayrı olsalar da, yemək-içmək, yatıb-durmaq, danışmaq, eşitmək, oturmaq, yol getmək, qaynayıb-qarışmaq və s. işlərdə sıx əlaqədədirlər; heç bir şəxsə icazə verilmir ki, hər bir yerdə ürəyi istədiyi işi azad şəkildə yerinə yetisin. Bütün cəmiyyətlərdə müəyyən qanunauyğunluqlar vardır və hamı onlara tabe olmağa məcburdur.
Deməli, insanın öz həyat və məişətində gördüyü işlər labüd bir sistem çərçivəsində baş verir və bunlar həqiqətdə müəyyən bir nöqtədən qaynaqlanır. O da bundan ibarətdir ki, insan həmişə ideal bir həyata nail olmaq istəyir, öz arzu və məramlarına çatmağa çalışır. Başqa sözlə, öz vücudunu qoruyub saxlamaq üçün mümkün yollardan istifadə edir, ehtiyaclarını tam şəkildə tə`min edib aradan qaldırmaq istəyir.
Buna görə də insan daimi olaraq, əməl və rəftarlarını ürəyi istədiyi tərzdə, yaxud başqalarından qəbul etdiyi qayda-qanunlarla uyğunlaşdırmağa çalışır, məqsədə çatmaq üçün həyatda müəyyən yollar axtarır, lazım olan vəsait və avadanlıqları əldə etmək üçün işləyir. O, həyat vasaitlərinin əldə olunmasını bu qayda-qanunların biri hesab edir; maddi ne`mətlərdən faydalanmaq, aclıq və susuzluğunu aradan qaldırmaq üçün yemək yeyir, su içir, çünki yemək və içməyi öz həyatının davamı üçün lazım və zəruri hesab edir və s.
İnsan həyatına hakim olan qayda-qanunlar əsaslı bir e`tiqad üzərində qurulmuşdur ki, insan öz həyatında ona arxalanır. O da elə bir təsəvvürdür ki, insan, o xəyalı özünün də bir üzvü olduğu varlıq aləmindən yaratmışdır; bu, məhz onun həqiqətində yürütdüyü bir mühakimədir. Bu məsələ insanların dünyanın həqiqəti barədə olan müxtəlif fikirlərinə diqqət yetirməklə aydın olur. Varlıq aləmini, o cümlədən insanı tam mə`nada maddi bir varlıq hesab edən şəxslərin həyatdakı mövqeyi müvəqqəti və ötəri ləzzətlərini tə`min etməkdən, bütün sə`y və bacarıqlarını öz maddi ehtiyaclarını ödəməyə, nəfsani istəklərini doyurmağa sərf etməkdən ibarətdir.
Bütpərəstlər kimi təbiət aləmini, ondan yüksəkdə olan allahın yaratdığı hesab edənlər, yə`ni, allahın dünyanı, xüsusilə insanı yaradan, onun yaxşılıq və ehsanlarından lazımi şəkildə istifadə etmələri üçün onları müxtəlif ne`mətlərdən bəhrələndirən bir qüvvə olmasına inananlar həyat proqramlarını ilahi razılığı qazanmaq və onun qəzəbinə səbəb olan işlər görməmək əsasında tənzim etmişlər.
Onlar deyirlər ki, allahı razı sala bilsək öz ne`mətlərini bizim üçün artıracaq, əksinə, onu qəzəbləndirməklə mövcud ne`mətlərdən də məhrum olacağıq.
Məcusilər, yəhudilər, xristianlar və müsəlmanlar kimi allaha imandan əlavə, əbədi bir həyatın olmasına inananlar, onu öz yaxşı və pis əməllərinin məhsulu hesab edərək qiyamət gününü isbat edənlər həyatda elə bir yol seçmək istəyirlər ki, onda bu e`tiqad prinsipinə riayət olunmaqla həm dünya, həm də axirət xoşbəxtliyinə nail olsunlar.
Bu e`tiqadlar məcmuəsi və ona münasib olan qayda-qanunlar din, dində yaranan ayrı-ayrı şö`bələr isə məzhəb adlandırılır. İslamda mövcud olan sünnü və şiə, eləcə də xristianlıqda yaranmış məzhəbləri buna misal göstərmək olar.
Qeyd olunanlara əsasən, insan həmişə müəyyən bir dinə ehtiyac hiss edir; deməli, din insanların öz hədəf və məqsədlərinə çatması üçün seçdikləri bir həyat yolu və onun ayrılmaz bir hissəsidir.
Qur`ani-Kərimdə buyurulur ki, insanlar üçün hökmən bir din olmalıdır; bu, Allah-taalanın bəşəriyyət üçün tə`yin etdiyi bir yoldur ki, insan yalnız onu ötüb keçməklə öz Rəbbinə qovuşa bilər. Lakin bu yolu haqq dini qəbul edən şəxslər həqiqi mə`nada başa vura bilərlər; onu qəbul etməyənlər isə yollarını azmış və zəlalətə düçar olmuş şəxslərdir.1
2. İslam:
İslam kəlməsi lüğətdə “təslim olmaq”, “boyun əymək” mə`nasınadır. Qur`ani-Kərimdə insanların də`vət olunduğu haqq din ona görə islam adlandırılmışdır ki, onun bütün proqramları insanın Allaha təslim olmasından ibarətdir;2 insan bu təslim olma nəticəsində yalnız yeganə Allaha sitayiş etməli, Onun əmr və fərmanlarından başqa heç bir şeyə itaətkarlıq göstərməməlidir. Qur`ani-Kərimdə buyurulur ki, bu dini islam və onun ardıcıllarını müsəlman adlan-dıran ilk şəxs həzrət İbrahim (ə) olmuşdur.3
3. Şiə:
Lüğətdə “ardıcıl” mə`nasında olan şiə sözü Peyğəmbərin (s) canişininliyinin yalnız o həzrətin ailəsinə məxsus olmasına e`tiqad bəsləyən və islam maarifində Əhli-beyt ardıcılları olan şəxslərə deyilir.1
BİRİNCİ BÖLMƏ ŞİƏLİYİN YARANMASI VƏ İNKİŞAF ETMƏSİ
*Şiəliyin yaranması;
*Azlıq təşkil edən şiələrin çoxluqda olan sünnülərdən ayrılması və ixtilafın səbəbləri;
*İki məsələ: Canişinlik və elmi mərcəiyyət;
*Seçki yolu ilə olan xilafət məsələsi və onun şiəlik nəzəriyyəsi ilə zidd olması;
*Xilafətin Əli (ə)-a verilməsi və o həzrətin bu barədə mövqeyi;
*Əli (ə)-ın beş illik xilafət dövründə şiələrin əldə etdiyi nailiyyətlər;
*Xilafətin Müaviyənin əlinə keçməsi və onun padşahlıq və varislik üslubuna çevrilməsi;
*Şiələrin ən ağır günləri;
*Bəni-üməyyə sülaləsinin hakimiyyəti;
*Şiəlik - 2-ci hicri əsrində;
*Şiəlik - 3-cü hicri əsrində;
*Şiəlik - 4-cü hicri əsrində;
*Şiəlik - 5-ci hicri əsrində;
*Şiəlik - 7-11-ci əsrlərdə;
*Şiəlik - 12-14-cü əsrlərdə;
*Şiələrin firqələrə bölünməsi;
*Firqələrə parçalanma və bə`zi cərəyanların aradan getməsi;
*Zeydiyyə şiələri;
*İsmailiyyə firqəsi və onun parçalanması;
*Nəzariyyə, müstə`liyyə, dəruziyyə və muqniə;
*On iki imamçı şiələr, onun zeydiyyə və ismailiyyə ilə olan fərqləri;
*On iki imamçı şiələrin tarixi.
Dostları ilə paylaş: |