SƏKKİZİNCİ FƏSİL
1. Müsəlman olmayanların xeyir əməlləri;
2. Mövzuya giriş;
3. Mövzunun ümumi cəhəti;
4. İslamdan başqa heç bir din qəbul edilmir;
5. İmansız yerinə yetirilmiş saleh əməl;
6. İki təfəkkür tərzi;
7. Dırnaqarası ziyalılar;
8. İfratçılıq;
9. İmanın dəyəri;
10. Küfrün cəzası;
11. Təslimin dərəcələri;
12. Həqiqi və regional İslam arasındakı fərq;
13. Saf niyyət xeyir işin qəbul edilmə şərtidir;
14. Keyfiyyət yoxsa kəmiyyət?
15. Bəhlulun məscidi;
16. Allah və axirətə iman;
17. Peyğəmbərlik və və imamlığa iman;
18. Zərər-ziyana uğrama;
19. Sıfrdan aşağı;
20. Acizlər, məzlum və zəiflər;
21. İslam filosoflarının nəzərləri;
22. Söhbətin nəticəsi;
23. Müsəlmanın günahları;
24. Təkvini və şərti qaydalar.
GİRİŞ
İlahi ədalət bəhsində araşdırılan mövzulardan biri də müsəlman olmayan şəxslərin gördüyü xeyir əməllər məsələsidir.
Bu gün savadlı və savadsızlığından asılı olmayaraq, müxtəlif təbəqələr arasında belə bir sual irəli sürülür ki, müsəlman olmayan şəxslərin xeyir əməlləri Allah dərgahında qəbul edilir, yoxsa yox? Əgər qəbul edilirsə, onda insanın müsəlman olub-olmamasının nə kimi təsiri vardır? Belə olan surətdə əsas məsələ insanın dünyada xeyir işlər görməsidir. Əgər biri müsəlman olmasa və ya heç bir dinə qulluq etməsə ziyana uğramayıb. Yox, əgər müsəlman olmayanların xeyir əməlləri qəbul edilmirsə və onların bütün əməlləri puç olursa və Allah yanında heç bir savab və mükafat almırlarsa, bu məsələ ilahi ədalətlə bir araya necə sığır?
Bu sual eynilə İslam çərçivəsində, Əhli-beytə tabe olub-olmamaq barəsində də irəli sürülə bilər. Görəsən Əhli-beytə tabe olmayan müsəlmanın əməli Allah dərgahında qəbul edilir, yoxsa yox? Əgər qəbul edilirsə, onda müsəlmanın Əhli-beytə tabe olub-olmamasının fərqi nədir? Çünki, belə olan surətdə əsas məsələ insanın müsəlmançılığında olur və əgər kimsə əhli-beytin vilayətini qəbul etməsə, heç bir ziyana uğramır. Amma əgər Əhli-beytə tabe olmayanın əməli qəbul deyilsə, onda bu məsələ ilahi ədalətlə necə izah edilir?
Əvvəllər ancaq filosoflar arasında və fəlsəfi kitablarda bəhs edilən bu məsələ, indiki zamanda bütün təbəqələrə sirayət edib.
İlahi filosoflar bu məsələ barəsində belə bəhs edirdilər ki, əgər dindən xaric olan insanların hamısı ilahi əzaba düçar olsalar, onda varlıq aləmində şər çoxluq təşkil edər, halbuki əsalət və çoxluğun bədbəxtlik və şərlərlə deyil, xoşbəxtlik və xeyirlərlə olması ən qəti və aydın əsaslardandır.
İnsan varlığın gülüdür və hər şey onun üçün yaradılıb. (Əlbəttə «hər şey onun üçün yaradılıb» sözündən məqsəd, adətən dar fikirli insanların başa düşdükləri şey deyil, filosofların dedikləri düzgün məfhumdur.) İndi birdən bu insanın cəhənnəm üçün yaradılması qərara alınmış olsa, yəni onların əksəriyyətinin son yeri cəhənnəmdirsə, onda Allahın qəzəbinin rəhmətindən çox olmasını etiraf etmək lazım gəlir. Çünki, insanların çoxu haqq dindən uzaqdırlar və hətta haqq dində olanlar da əməl baxımından zəlalət və azğınlıqdadırlar. Bu məsələyə filosoflar bu nöqteyi-nəzərdən yanaşırdılar.
Təqribən yarım əsrdir ki, müsəlman və qeyri-müsəlman xalqlar arasındakı əlaqələrin asanlaşması, əlaqə vasitələrinin çoxalması və xalqların bir-birləri ilə dostluqlarının artması nəticəsində bu məsələ bütün təbəqələr, xüsusilə dırnaqarası ziyalılar arasında sual doğurur ki, görəsən saleh əməllərin Allah dərgahında qəbul olmasının yeganə şərti İslam və imandırmı?
Onlar son əsrdə yaşamış və müsəlman olmamış, amma bəşəriyyətə çox dəyərli xidmət göstərmiş ixtiraçıların həyatlarını oxuyaraq həmin alimləri mükafata layiq hesab edir, digər tərəfdən isə əvvəllər qeyri-müsəlmanın əməllərinin puça çıxmasını fikirləşdikləri üçün çox nigaran olurlar. Beləliklə, illərlə ancaq fəlsəfə dairəsində olan bir mövzu ümumi kütlə arasına qədəm qoyur və ilahi ədalətə varid edilan irad şəklində irəli sürülür.
Əlbəttə, bu irad ilahi ədalətlə birbaşa əlaqəli deyil. O, İslamın insan və onun əməlləri barəsindəki baxışına bağlıdır. Dediyimiz bu irad ilahi ədalətə belə aid olur ki, deyəsən insan, onun əməlləri və Allahın onunla bu cür rəftar etməsi barəsindəki bu nəzər və fikir, ilahi ədalət meyarlarına ziddir.
Mən gənc tələbələrlə olan əlaqələrimdə bu sualın irəli sürülməsi ilə çox rastlaşmışam. Bəzən soruşurlar ki, dünyanın böyük ixtiraçıları bəşəriyyətə olan bu qədər böyük xidmətlərinə baxmayaraq cəhənnəmə gedəcəklər? Məsələn, Pastor, Edison və bu kimi ixtiraçılar cəhənnəmə, ömürlərini məscidin bir küncündə keçirən bekar zahidlər isə cənnətə gedəcəklər? Allah cənnəti ancaq bizim üçün yaradıb?
Yadımdadır ki, bir gün mənim çox mömin və dindar yerlilərimdən biri Tehrana gəlmişdi və mənimlə görüşəndə həmin məsələni soruşdu.
Həmin kişi Məşhəddə olan dəri-zöhrəvi xəstəxanasına baş vurmuşdu və orada xəstələrə səmimi qəlbdən qulluq edən xristian tibb bacılarını görəndə həyəcanlanaraq təsirlənmişdi. Elə oradaca zehninə bu sual gəlmiş və şəkkə düşmüşdü.
Bilirsiniz ki, dəri-zöhrəvi xəstəliklərinə tutulmuş şəxslərə qulluq etmək çox çətin, ağır və ürpəşdirici bir işdir. Məşhəddə həmin xəstəxana yaradılanda çox az həkim orada işləməyə razı oldu. Orada xəstələrə qulluq etəməyə də heç kəs razı deyildi. Qəzetlərdə həmin xəstəxanada tibb bacısı işləmək üçün qüvvə lazım olması barədə elanlar verildi və bütün İranda bu işə müsbət cavab verən bir nəfər belə tapılmadı. Fransadan bir neçə nəfər «tərkidünya» xristian qız gəldi və həmin xəstələrə qulluq etməyi öz öhdəsinə götürdü.
Bu qızların, hətta ata-anaları tərəfindən atılmış xəstələrə qarşı humanist rəftar və səmimi qulluqlarını görmüş həmin şəxs, çox güclü şəkildə onların təsiri altına düşmüşdü.
O danışırdı ki, həmin xristian tibb bacıları uzun və geniş paltarlar geyinmişdilər və əllərində bəlkə də min dənəsi olan uzun bir təsbeh var idi, işləri qurtaran kimi zikr deməyə başlayırdılar.
Həmin kişi pərişan və narahat halda soruşurdu ki, müsəlmandan başqa heç kəsin cənnət girməyəcəyi düzdürmü?
Əlbəttə biz indi həmin xristian qızların bura hansı məqsədlərlə gəlmələrini və doğrudan da ancaq və ancaq Allaha görə və Allah yolunda qulluq etmək və ya digər məqsədlərə malik olmalarını araşdırmaq istəmirik. Bu işə çox nikbin olmadığımız kimi, bədbin də olmaq istəmirik.Məqsədimiz budur ki, bu kimi hadisələr bizim adamlarımızı ciddi bir sualla üzləşdirir.
Mən neçə il bundan əvvəl bir cəmiyyətdə söhbət etməyə dəvət olunmuşdum. Həmin cəmiyyətdə onların öz adətləri üzrə, iştirakçılara deyildi ki, əgər sualları varsa yazsınlar, münasib bir vaxtda onlara cavab verilsin. Orada sualları bir dəftərə yazmışdılar və həmin dəftəri mənə verdilər ki, söhbətimin mözusunu onların əsasında hazırlayım. Mən gördüm ki, ən çox təkrar olunan sual budur ki, görəsən Allah müsəlman olmayan bütün insanları chənnəmə aparacaq? Pastor, Edison və Kex əzab əhli olacaqlar?
Mən ondan sonra bu məsələnin, camaatın fikrini özünə cəlb etmək baxımından əhəmiyyətli olmasını başa düşdüm.
Biz indi bu kitabın bu fəslində Allahın köməyi ilə bu məsələnin araşdırılmasına başlayacağıq. Amma həmin mövzuya daxil olmamışdan əvvəl, həmin mövzunun aydınlaşması üçün iki məsələni izah etməyimiz lazımdır.
Dostları ilə paylaş: |