1. MÖVZUNUN ÜMUMİ CƏHƏTİ
Bizim bu söhbətdən məqsədimiz şəxsi məsələləri araşdırmaq, məsələn Pastorun cəhənnəm əhli olub-olmamasını müəyyənləşdirmək deyil. Biz onun həqiqi fikir və inanclarının, mənəviyyatının, ruhi və əxlaqi xüsusiyyətlərinin və hətta zahiri əməllərinin nə olmasını bilə bilmərik. Bizim onunla tanışlığımız onun yalnız elmi xidmətləri səviyyəsindədir.
Bu məsələ təkcə Pastora aid deyil. Ümumiyyətlə insanların müqəddəratı Allahın əlindədir. Heç kəsin, kiminsə cənnət və ya cəhənnəm əhli olub-olmaması barədə qəti fikir söyləmək haqqı yoxdur. Əgər bizdən məsələn, «Şeyx Mürtəza Ənsari o yüksək pərhizkarlıq, təqva, iman və əməli ilə mütləq cənnət əhli olacaq?» deyə soruşsalar, cavabımız budur ki, biz onun barəsində olan məlumatımız çərçivəsində onun elm və əməlində bir pislik eşitməmişik, bildiyimiz şey ancaq yaxşılıq və xeyirdir. Amma onun yüz faizlik cənnət əhli olmasını demək bizim ixtiyarımızda deyil. İnsanların ruh və batinlərindən xəbərdar olan ancaq və ancaq Allahdır və O, insanların bütün gizli sirlərini bilir və varlıqların hesabı da Ona məxsusdur. Yalnız Allah övliyaları tərəfindən son müqəddəratları bildirilmiş şəxslər barəsində fikir söyləmək olar.
Bir də görürsən ki, bəziləri alimlərin ən fəzilətlisi və Allah dərgahına ən yaxınının kim olması barəsində danışırlar. Məsələn, İbni Tavus fəzilətlidir, yoxsa Bəhrul-Ulum və ya Şeyx Ənsari? Bəzən imamzadələrin hansının daha fəzilətli olmasını soruşurlar. Məsələn, Allah yanında həzrət Əbdül-Əzim əzizdir, yoxsa həzrət Məsumə (s)?!
Bir dəfə müctəhidlərin birindən soruşmuşdular ki, həzrət Əbulfəzl üstündür, yoxsa həzrət Əli Əkbər? Sualı elmi şəkildə irəli sürüb müctəhidi cavab vermək məcburiyyətində qoymaq üçün ilə belə yazmışdılar ki, əgər bir nəfər imamzadələrin ən fəzilətlisinə qoyun nəzir edibsə nə etməlidir? Həzrət Əbulfəzl fəzilətlidir, yoxsa həzrət Əli Əkbər?
Bu cür söhbətlərin səhv olması, müctəhid və qeyri-müctəhidin bu qism suallara cavab vermək məsuliyyəti daşımaması məlum məsələdir. Allah bəndələrinin məqamlarını müəyyənləşdirmək bizim öhdəmizdə deyil və bu işi Allaha tapşırmaq lazımdır. Kimin məqamının nə olmasını Ondan başqa heç kəs bilmir və bunu Allah tərəfindən bildirilməsə, heç kəs bilə bilməz.
İslamın ilkin çağlarında müsəlmanların bəziləri müəyyən yerlərdə bu cür yersiz fikirlər bildiriblər və Peyğəbər (s) onların bu işlərinin qarşısını alıb.
Osman ibni Məzun dünyadan köçəndə onun, elə evində yaşadığı və qonağı olduğu kişinin arvadı, ənsardan olan Ummu Əla adlı bir arvad Peyğəmbərin hüzurunda Osmanın cənazəsinə xitab edərək belə dedi: Cənnət sənə halal olsun.
Peyğəmbər (s) Osman ibni Məzunun görkəmli şəxsiyyət olması, o həzrətin özü onun ölümündə bərk ağlaması və onun cənazəsini öpməsinə baxmayaraq, həmin arvadın bu yersiz fikir söyləməsindən qəzəbləndi və qəzəbli baxışlarla ona baxaraq belə buyurdu: Hardan bilirsən? Nə üçün bilməyə-bilməyə hökm çıxarırsan? Məgər sənə vəhy olub? Məgər sən Allah bəndələrinin hesabından xəbərdarsan? Arvad deyir ki, ey Allahın Peyğəmbəri o, sizin səhabəniz və mücahid döyüşçülərinizdən olub. Peyğəmbər (s) onun cavabında diqqət edilməsi lazım olan bir cümlə buyurur:
«Mən Allahın elçisiyəm, amma mənimlə necə rəftar ediləcəyini bilmirəm.»
Bu cümlə eyni ilə, Quran ayələrinin birinin məzmunudur ki, buyurur:
«De ki: Mən peyğəmbərlərin birincisi deyiləm. Rəbbimin mənimlə və sizinlə nə edəcəyini bilmirəm....»1
(Burada zehnlərdə belə bir sual yarana bilər ki, bu ayə müsəlmanlar arasında qəti və inkaredilməz olan bir şey, yəni o həzrətin qiyamətdə bəzi günahkarların bağışlanmaları üçün özünün yüksək məqamından istifadə edərək onlara şəfaət edəcəyini xəbər verməsi ilə ziddir. Hətta Quranın «Həqiqətən Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan! və ya «Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq....» və bu kimi bəzi ayələri ilə də müxalifdir.
Bu iradın cavabı budur ki, yuxarıdakı hədisin məzmunundan məlum olduğu kimi, ayənin mənası heç kəsin müqəddərat və aqibətinin nə olacağı və hara gedib çıxacağı heç kəsə qəti surətdə məlum deyil. İşlərin qəti aqibətlərini ancaq Allah bilir və əgər bunları başqası da bilirsə o, ilahi vəhy vasitəsi ilədir. Bəs son müqəddəratın bilinməsini rədd edən ayə, Peyğəmbər və ya hər hansı bir digər şəxsin özünə və öz əməlinə arxalanaraq müqəddəratı barəsində xəbər verməsini nəzərdə tutur. Amma Peyğəmbərin özü və ya başqalarının aqibətinin bilməsini göstərən ayələr ilahi vəhy vasitəsi ilədir.)
Buna bənzər hadisənin Səd ibni Məazın ölümündə də baş verməsi nəql edilib. Həmin vaxt Sədin anası onun yatağının yanında ona bənzər bir cümlə deyəndə, Peyğəmbər (s) buyurur ki, sakit ol, öz başından Allaha aid işlər barəsində hökm çıxarma.
2. İSLAMDAN BAŞQA HEÇ BİR DİN QƏBUL DEYİL
Əsas mövzumuza girişməzdən əvvəl, aydınlaşması lazım olan digər bir məsələ isə budur ki, qeyri-müsəlmanların xeyirli işləri barəsində iki cür danışmaq olar. Bu əslində iki sualdır. Onlardan biri budur ki, İslamdan başqa digər bir din qəbul edilir, yoxsa Allah dərgahında qəbul edilən yeganə din ancaq İslam dinidir? Başqa sözlə desək, insan hər hansı bir dinə və səma elçilərinin hər hansı birinə mənsub olmalıdır və bunun hansı səma dini olması fərq etmir, məsələn müsəlman, yəhudi və ya xristian və hətta zərdüşt olmaq kifayət edir, yoxsa bütün zamanlarda haqq din ancaq və ancaq bir dindir?
Digər bir məsələ isə budur ki, biz haqq dinin həmişə ancaq bir din olmasını qəbul etdikdən sonra, haqq dində olmaya-olmaya doğrudan da yaxşı olan və haqq dinin təsdiqlədiyi bir əməli yerinə yetirən şəxsin dediyimiz əməlinin mükafatlandırıb-mükafatlandırılmayacağı barəsindəki sualla qarşılaşırıq. Başqa sözlə desək, görəsən saleh əməllərin mükafatlandırılmalarının şərti, haqq dinə iman bəsləməkdir, ya yox?
Burada söhbət ikinci məsələdən gedir.
Birinci məsələ barəsində xülasə olaraq bunu deyirik ki, bütün zamanlarda haqq din ancaq bir dindir və hamı həmin dinə tabe olmalıdır.
Ziyalılıq iddiasında olan bəzi şəxslər tərəfindən son zamanlar yayılan «bütün səma dinləri mötəbər olmaları baxımından bütün zamanlarda bərabərdirlər» fikri səhv bir fikirdir.
Əlbəttə, Allah peyğəmbərləri arasında heç bir ixtilaf və ziddiyyətin olmaması fikri tamamilə düzdür. Allah peyğəmbərlərinin hamısı bəşəriyyəti bir hədəf və bir Allaha doğru çağırıblar və onlar insanlar arasında ziddiyyətli firqə və qruplar yaratmağa gəlməyiblər.
Amma bu o demək deyil ki, bütün zamanlarda bir neçə haqq din var və insan bütün zamanlarda onlardan istədiyini qəbul edə bilər. Əksinə, həmin sözün mənası budur ki, insan bütün peyğəmbərləri qəbul etməli və əvvəlki peyğəmbərin ondan sonra gələn peyğəmbər, xüsusilə onların ən fəzilətli və sonuncusu olan İslam Peyğəmbərinin müjdəsini verməsini və sonrakı peyğəmbərlərin özlərindən əvvəlki peyğəmbərləri təsdiqləmələrini bilməlidir. Deməli, bütün peyğəmbərlərə iman bəsləmək, hər bir dövrdə zəmanə peyğəmbərinə tabe olmağımızı tələb edir və bizim peyğəmbərlərin sona çatdığı zamanda Allah tərəfindən son peyğəmbər vasitəsi ilə gətirilən son hökmlərə əməl etməyimiz zəruridir. Bu, İslam deməkdir, yəni Allaha təslim olmaq və Onun elçilərinin peyğəmbərliklərini qəbul etməyin zərurətlərindəndir.
Müasir insanların əksəriyyəti belə bir fikrin tərəfdarıdırlar ki, insanın Allaha ibadət edərək Onun tərəfindən göndərilmiş dinlərdən birinə mənsub olması və Onun göstərişlərini həyata keçirməsi kifayətdir, amma həmin göstərişlərin formaları o qədər də əhəmiyyət daşımır. Həzrət İsa (ə) da, həzrət Məhəmməd (s) də peyğəmbərdirlər, bizim xristianlıq dininə əsasən həftədə bir dəfə kilsəyə getməyimiz də düzdür, həzrət Məhəmmədin (s) dininə uyğun əməl edərək gündə beş dəfə namaz qılmağımız da! Bunlar deyirlər ki, əsas məsələ insanın Allaha imanının olması və ilahi proqramların birinə uyğun əməl etməsidir.
«Əl-imam Əli» kitabının müəllifi Corc Cordaq və məşhur livanlı yazıçı Cobran Xəlil və bu kimi digər şəxslər belə ideyaya malikdirlər. Bu iki yazıçı Həzrət Peyğəmbər (s) və Əmirəl-möminin (ə), xüsusilə Əli (ə) barəsində onlara iman gətirmiş bir şəxs kimi danışırlar.
(Corc Cordaqın danışığından belə məlum olur ki, o, həzrət Peyğəmbərin (s) peyğəmbərliyi və ona vəhy gəlməsinə iman bəsləyirmiş və həmçinin Əlinin (ə) tamamilə ilahi bir şəxsiyyət olmasına inanırmış. O, həzrət Əlini Həzrət İsa (ə) ilə bir sırada tuturmuş. Amma bütün bunlara baxmayaraq o, xristianlıq dinindən əl çəkməyib. Cobran Xəlil, Əli (ə) barəsində belə deyir: «Mənim fikrimcə Əli ibni Əbu Talib dünyanın ümumi ruhu ilə əlaqədə olaraq onunla söhbət etmiş ilk ərəbdir». O, həzrət Əliyə həzrət Peyğəmbərdən (s) də çox məhəbbət bəsləyirmiş. Onun Əli (ə) barəsində çox maraqlı cümlələri var. Bu cümlə də onundur: «Əli dodaqları namaz zikr etdiyi halda öldü.» O həmçinin belə deyib: «Əli öz zamanından qabaqda olub. Mən bu sirdən baş aça bilmirəm ki, ruzigar nə üçün bəzilərini öz zamanlarından qabaq yaradır.»
Maraqlı burasıdır ki, bu cümlə, həzrət Əlinin özünün bir cümləsinin məzmunudur. O həzrət «Nəhcül-bəlağə»nin 149-cu xütbəsində belə buyurub: «Sabah mənim günlərimi xatırlayacaqsınız və mənim fikirlərim sizə aydınlaşacaq; məni yerim boşaldıqdan və orada başqası durduqdan sonra tanıyacaqsınız.»
Bəziləri soruşurlar ki, bu iki yazıçı Peyğəmbərə (s) və Əmirəl-mömininə (ə) belə inam bəsləyə-bəsləyə yenə də necə xristian qalıblar? Onlar əgər düz desəydilər müsəlman olardılar, bəs müsəlman olmayıblarsa, deməli burada nə isə var və Peyğəmbərə (s) və Əliyə (ə) inam bəsləmələri barəsindəki sözlərində düzlük yoxdur.
Bu iradı tutanların cavabı budur ki, onlar Peyğəmbərə (s) və Əliyə (ə) məhəbbət bəsləmələrini bildirməkdə yalan danışmırlar. Amma onlar dinlərə bağlılıq barəsində xüsusi təfəkkür tərzinə malikdirlər. Həmin şəxslər belə fikirləşirlər ki, insanlar müəyyən bir dinə bağlanmaq zərurətində deyildirlər və onların hər hansı bir dinə malik olmaları kifayətdir. Buna görə də onlar xristian olmalarına baxmayaraq,özlərini Əlinin (ə) tərəfdar və aşiqi hesab edir və belə fikirləşirlər ki, o həzrət də onların əqidəsində olub. Corc Cordaq belə deyir: «Əli ibni Əbu Talib camaatı müəyyən bir dini qəbul etməyə məcbur etməkdən çəkinir.»
Amma biz bu ideyanı batil və puç hesab edirik. Dində icbar və məcburiyyətin olmaması tamamilə düzdür: «Dində məcburiyyət (zorakılıq) yoxdur.»
Amma bu ayənin mənası bütün zamanlarda Allahın bir neçə dininin olması və bizim istədiyimizi seçmək haqqına malik olmağımız demək deyil. Hər bir zamanda ancaq və ancaq bir haqq din var. Allah tərəfindən nə vaxt şəriət sahibi olan Peyğəmbər gəlibsə, camaat onun hidayətindən istifadə etmək və ibadətlə bağlı olan və olmayan qanun və hökmləri ondan öyrənmək vəzifəsi daşıyıblar. Bu məsələ, peyğəmbərlərin sonuncusuna kimi belə olub. İndiki zamanda da, kim Allaha tərəf yol axtarmaq istəyirsə, o həzrətin dininin qanun və göstərişlərindən istifadə etməlidir.
Qurani-kərim bu barədə belə buyurur:
«Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!»1
Burda deyilə bilər ki, ayədəki «İslam» kələməsindən məqsəd bizim dinimiz deyil, Allaha təslim olmaqdır.
Bu etiraza cavab olaraq demək lazımdır ki, İslamın təslim olmaq mənasında olması düzdür və İslam dini təslim dinidir. Amma hər bir zamanda təslim olmağın bir forması olub və indiki zamanda təslim forması, Həzrət Məhəmmədin (s) vasitəsilə zühur etmiş həmin dinə tabe olmaqdır və İslam kəlməsi də naçar olaraq ancaq onda gerçəkləşir.
Başqa sözlə desək, Allaha təslim olmağın zərurəti Onun göstərişlərini qəbul etməkdir və məlumdur ki, həmişə Allahın son göstərişinə əməl etmək lazımdır və Allahın son göstərişləri son ilahi peyğəmbərin gətirdikləridir.
Dostları ilə paylaş: |