MüƏLLİF: ustad müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: AĞabala mehdiyev kitabın adı: İlahi ədalət Müəllif: Ustad Mürtəza Mütəhhəri



Yüklə 5,32 Mb.
səhifə16/24
tarix02.07.2018
ölçüsü5,32 Mb.
#55517
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

İMANIN DƏYƏRİ


İmanın dəyəri barəsində üç mərhələdə danışmaq lazımdır:

1. Görəsən tövhid, nübüvvət və məad — şiəliyə görə bunlardan əlavə imamət və ədl — kimi dini əsaslara iman və etiqadın olmaması bütün şəraitlərdə (səbəbindən asılı olmayaraq) ilahi əzaba səbəb olacaqmı? Yoxsa bəzi imansızların üzürlü olmaları və imansızlıqlarına görə cəzalandırılmamaları mümkündür?

2. Görəsən iman, yaxşı əməlin qəbul edilməsinin zəruri şərtlərindəndir və heç bir qeyri-müsəlman və hətta qeyri-şiənin xeyir əməli qəbul edilməyəcək?

3. Görəsən Allahı inkar etmək əməllərin məhv olaraq aradan getməsinə səbəb olur?

Gələn bəhslərdə bu üç mərhələnin araşdıracağıq.

KÜFRÜN CƏZASI


Küfrün iki növ, yəni birinin inadkarlıq, digərinin isə nadanlıq və həqiqətlə tanış olmamaq ucbatından olmasında heç bir şəkk-şübhə yoxdur. Qəti əqli və nəqli dəlillərdə bildirilir ki, haqqa qarşı bilərəkdən inadkarlıq edən və onu başa düşərək inkar edən şəxs əzaba layiqdir. Amma ikinci növ küfr barəsində demək lazımdır ki, əgər həmin nadanlıq və cahillik təqsir və səhlənkarlıq üzündən olmasa, həmin şəxs Allahın əfv və bağışlamasına nail olacaq.

Bu məsələni izah etmək üçün bir az təslim və inadkarlıq barəsində danışmaq lazımdır. Qurani-kərim buyurur:



«O gün ki nə mal-dövlət, nə də övlad bir fayda verər!

Ancaq sağlam, təmiz (daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!...»1

TƏSLİMİN DƏRƏCƏLƏRİ


Qəlbin sağlamlıq və saflığının əsas şərti onun həqiqət müqabilində təslim olmasıdır. Təslimin üç mərhələsi - bədənin, əqlin və qəlbin təslim olma mərhələləri vardır.

İki rəqib bir-biri ilə döyüşəndə onlardan məğlub olacağını hiss edənin təslim olması mümkündür. Belə hallarda adətən məğlub olan tərəf əllərini təslim əlaməti olaraq yuxarı qaldırır, döyüşdən əl çəkir və qarşı tərəfə tabe olur, yəni onun göstəriş verdiyi kimi hərəkət edir.

Təslimin bu növündə insanın cism və bədəni təslim olur, amma fikir və düşüncəsi təslim olmur və hətta, fikrində bir daha döyüşdüyü tərəfə qalib gəlməyin yolları barəsində fikirləşir. Onun əql və fikrinin vəziyyəti belə olur. O, daxili hiss və duyğuları baxımından da həmişə düşmənə nifrin edir. Təslimin, daha doğrusu bədənin təslimi olan bu növü gücün ələ ala bildiyi ən son nöqtədir.

Təslimin digər mərhələsi, əql və fikrin təslim olmasıdır. Əqli təslim edə bilən qüdrət və güc, məntiq və deduksiya qüdrətidir. Burada fiziki güc heç bir rol ifa etmir. Heç vaxt şagirdi döyməklə ona riyazi tənlikləri başa salmaq olmaz. Riyazi məsələləri ancaq deduksiya yolu ilə başa salmaq lazımdır və onun başqa yolu yoxdur. Əql və düşüncəni də fikir və deduksiya ilə fəth edərək ələ almaq olar. Əgər kifayət qədər dəlil mövcud olsa və onlar əqlə təqdim edilsə və o, həmin dəlilləri başa düşsə, dünyanın bütün güc və qüdrətləri onun təslim olmamasını tapşırsalar belə, təslim olacaq.

Deyirlər ki, Qalileyə yer kürəsinin hərəkəti və günəşin mərkəz olması fikrinə görə işgəncə verəndə, yandırılmaq qorxusundan öz elmi nəzəriyyəsindən tövbə edib və həmin halda yerə nə isə yazıb. Baxıb görüblər ki, o, yerə bu cümləni yazıb: «Qalileyin tövbəsi ilə yer kürəsi öz hərəkətini dayandırmayacaq.»

Güc insanı dildə öz sözündən dönməyə vadar edə bilər, amma insanın fikri, məntiq və dəlil gücü ilə qarşılaşmayınca təslim olmur.



«...De ki: (Ey müşriklər!) Əgər (Allah barəsindəki iddialarınızda) haqlısınızsa, dəlilininzi gətirin!»1

Təslimin üçüncü mərhələsi qəlbin təslim olmasıdır. İmanın həqiqəti də məhz, qəlbin təslim olmasıdır. Əgər dil və fikrin təslimi qəlbin təslimi ilə birgə olmasa, ona iman deyilməz. Qəlbin təslim olması insanın bütün vücudunun təslim olması və hər bir inadkarlıq və inkarın rədd edilməsidir.

Ola bilər ki, bir nəfər müəyyən fikir müqabilində hətta əqli və məntiqi baxımdan təslim olsun, amma onun ruhu təslim olmasın. İnsan təəssübkeşlik ucbatından inadkarlıq edəndə və ya şəxsi mənafeyinə görə həqiqətə təslim olmayanda onun əql, fikir və düşüncəsi təslim olur, amma ruhu inadkar olaraq qalır və təslim olmur. Buna görə də onun imanı olmur, çünki imanın həqiqəti qəlb və ruhun təslim olmasıdır.

Allah-taala Bəqərə surəsinin 208-ci ayəsində belə buyurur:



«Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin....»

Yəni ruhunuz əqlinizlə müharibə etməsin, duyğularınız dərkinizlə vuruşmasın!

Şeytanın, Quranda nəql edilmiş əhvalatı qəlbin küfrü, əqlin isə təslim olmasına bir nümunədir. Şeytan Allahı tanıyır, qiyamətə etiqad bəsləyir, peyğəmbərlər və onların vəsilərini tamamilə qəbul edir və onların məqamlarını etiraf edirdi, amma bütün bunlara baxmayaraq, Allah-taala onu kafir adlandıraraq belə buyurub:

«...(Yalnız) o (Şeytan) lovğalanaraq imtina etdi və kafirlərdən oldu.»2

Quran baxımından şeytanın Allahı tanımasının dəlili, bu ilahi kitabda aşkarcasına onun, Allahın Xaliq olmasını etiraf etməsidir:



«....Sən məni oddan, onu isə palçıqdan yaratdın!..»1

Qiyamətə etiqad bəsləməsinin dəlili isə budur:



«...Mənə qiyamətə kimi möhlət ver!»2

Şeytanın peyğəmbərlər və məsumları tanımasının dəlili isə onun belə deməsidir:



«(İblis) dedi: Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;

Yalnız Sənin sadiq bəndələrindən başqa!»3

Təkcə əməlləri deyil, hətta bütün vücudları Allahdan başqasından pak və azad olan sadiq bəndələrdən məqsəd, Allah övliyaları və günahlardan pak olanlardırlar. Şeytan, onları tanıyır və onların günahlardan pak olmalarına etiqad bəsləyirdi.

Quran, şeytanı bütün bunları tanıyan bir varlıq kimi təqdim etdikdən sonra onu kafir adlandırır. Deməli, buradan belə məlum olur ki, təkcə tanımaq və agah olmaq kifayət etmir, yəni hər hansı bir varlığın mömin kimi tanınması üçün onun fikir və idrakının təslim olması yetərli deyil. Bunun üçün başqa bir şey lazımdır.

Quran məntiqi baxımından şeytanın bütün bu agahlıqlarına baxmayaraq, kafir hesab edilməsinin səbəbi nədir?

Cavab məlumdur. Çünki şeytanın dərk etmə qüvvəsinin həqiqəti qəbul etməsinə baxmayaraq, onun hiss və duyğuları döyüşə qalxdı, qəlbi əqlinin dərki müqabilində üsyan etdi və həqiqəti qəbul etməkdən imtina edərək təkəbbürlük göstərdi. Bəli onun qəlbi təslim olmadı.


Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin