BİRİNCİ FƏSİL İNSANİ VƏ İLAHİ ƏDALƏT
Biz insanlar başqasına qarşı pis niyyətdə olmayan, onların hüquqlarını pozmayan, insanlar arasında heç bir ayrı-seçkilik salmayan, idarəçiliyi çərçivəsində tam bitərəfliklə davranaraq hamıya bir gözlə baxan, başqalarının münaqişə və ixtilaflarında məzlumun tərəfində olaraq zalımla düşmən olan şəxsi, bir növ kamal sahibi hesab edib ədalətli sayırıq.
Bunun müqabilində başqalarının hüquqlarını pozan, bacardığı qədər insanlar arasında ayrı-seçkilik salan, zalımların tərəfini saxlayaraq zəif və acizlərlə düşmən olan və ya zalımlarla məzlumların münaqişəsinə etinasız yanaşan şəxsi isə zalım adlandırır və onun tutduğu yolu pisləyirik.
Bu məsələ Allah-taala barəsində necədir? Əvvvəla, sual budur ki, insanlar barəsində ədalət kamal, zülm isə naqislik sayıldığı kimi, Allahın zatı barəsində də ədalət kamal, zülm isə naqislik sayılırmı? Yoxsa, ədalət və zülm yalnız əxlaqi məfhumlar olub insanlara aiddir, necə deyərlər, onlar şərti məfhumlardır, «nəzəri hikmət» deyil, əməli hikmət»ə aid olan işlərdən sayılır və buna görə də bəşər həyatı çərçivəsindən kənara çıxmır və onun ixtiyari əməlləri dairəsindədir?
İkincisi, əgər ədalət və zülmün Allah-taala barəsində də həmin insani və əxlaqi mənada işlədilməsini fərz etsək, yəni əxlaqi ədalət Allah barəsində də kamal, zülm isə naqislik sayılsa, bu sual meydana çıxır ki, zülm Allah-taala barəsində əməli olaraq gerçəkliyə çevrilə bilərmi? Əlbəttə bu, Allah-taalanın zülm etməsinin qeyri-mümkünlüyü və Əşərilərin dedikləri cəhətlər, yəni «işlərin yaxşı və pisliyi, ədalət və zülmün əqli deyil, şəri olması» baxımından nəzərdə tutulmur. Bu iki cəhət, digər bir mətləbdir ki, biz sonralar onların barəsində söhbət edəcəyik. Bəli, sual Allah-taalanın zülm edib-etməməsinin mümkün olub-olmamasını nəzərə almadan və işlərin yaxşı və pisliklərinin zati olmasını, ədalət və zülmün həqiqi və gerçək məfhumlar olmalarını qəbul etmək fərzi ilə, ədalətin başqalarının hüququna riayət etmək, zülmün isə kiminsə haqqını tapdamaq olması, yəni arada hansısa haqq məsələsi olanda və kimsə ona nisbətdə sahiblik hüququna malik olanda, başqası tərəfindən həmin haqqa olan təcavüzün, haqq sahibinə nisbətdə bir növ zülm olması baxımından irəli sürülür.
Aydındır ki, məxluqlar arasındakı əlaqələrdə onların bəzi şeylərdə bir-birlərindən üstün olmaları və ya nəyəsə sahib olub-olmamaları müəyyən bir məna verir. Məsələn Əli, öz həyat və azadlığı, həmçinin qazandığı sərvətə sahiblik və onlardan istifadə baxımından digərlərindən üstündür. Vəli də öz həyat, azadlıq və qazancı baxımından belədir. Buna görə də onlardan hər hansı birinin digərinin sahibkarlıq və azadlıq dairəsinə təcavüz etməsi zülmdür.
İndi sual budur ki, bu məsələ Xaliqlə məxluq arasında necədir? Məxluqun hər bir şeyi Xaliqdəndir və onun bir şeydən istifadə və ona sahib olmaq haqqı Xaliqin sahibkarlıq və istifadə üstünlüyünün şaquli və yüksələn xətt boyunca, yəni Xaliqin sahibkarlıq haqqının sahibkarlıq olması, istifadədə üstünlük haqqının üfüqi xətt boyunda isə heç bir üstünlük haqqının olmamasıdır. Məsələnin aydınlaşması üçün Allahla insanın sahibliyini ata ilə oğulun mülkiyyətinə bənzətmək lazımdır. Ata oğullarının hər biri üçün ayrı-ayrı oyuncaqlar alır. Uşaqlar atalarının onlara aldığı oyuncağa nisbətdə özlərinə sahiblik və istifadə haqqı qail olurlar. Onların hər biri digərinin onun oyuncaqlarına əl vurmasını öz hüquqlarına təcavüz hesab edir. Amma görəsən uşağın həmin sahiblik və istifadə haqqı, atanın sahiblik və istifadə haqqına mane ola bilərmi? Yoxsa, həmin sahiblik elə bu sahibliyin yüksələn xətt boyunca yerləşir, onlar arasında heç bir ziddiyyət yoxdur və atanın onlardan istifadə etməsi onun öz malından istifadəsi deməkdir?
Allah-taala mütləq sahib və malikdir və Onun öz mülkündə heç bir şəriki yoxdur. Doğrudan da heç bir şəkk-şübhəyə yol vermədən Onun barəsində belə demək lazımdır: «Göylərin və yerin hökmü Onun əlindədir. Bütün işlər axırda ancaq Allaha qayıdacaqdır.» Buna görə də Allah-taalanın dünyada etdiyi hər bir şey Onun öz malında olan istifadəsidir. Heç kəs onun müqabilində heç bir haqq, sahiblik və üstünlüyə malik deyil. Deməli, Allah-taala barəsində zülm məsələsi aradan qalxır. Amma bunun səbəbi Allahın, onu qəbih və pis olduğu üçün etməməsi və ya «işlərin yaxşılıq və pisliyi»nin Allah barəsində mənasız olması deyildir. Əsas səbəb budur ki, biz zülmün qəbahət və pisliyinin zati olmasını, işlərin yaxşılıq və pisliyinin zati olmasının, insanların işlərinə hakim olduğu kimi Allahın işlərinə də hakim olmasını fərz etsək də belə, bu məsələ əməldə Allah-taala barəsində gerçəkləşmir. Çünki heç kəs Allah müqabilində heç bir şeyə sahib olmadığı üçün burada zülm baş vermir. Deyirlər ədəbiyyatdan başı çıxan və həmişə ədəbiyyatşünasları ətrafına toplayan Seyfud-dövlə Həmədani bir gün böyük söz ustadı və Əhli-beyt şairi Əbu Fərrasın da iştirak etdiyi ədəbi məclisdə deyir: Bir beyt şer söyləmişəm, mənə elə gəlir ki, onun ikinci beytini Əbu Fərrasdan başqa bir kimsə deyə bilməz. O şerin məzmunu belədir:
Cism sənindir və sən, dayanmadan onu incidirsən, amma qanımı birdəfəlik tökmürsən.
Əbu Fərras fikirləşmədən belə deyir:
Məhbub və sevgili dedi ki, əgər mən sənin sahibinəmsə, bütün ixtiyarlar mənə aiddir və mütləq malik müqabilində «niyə-nə üçün?» etmək mənasızdır.
Şübhə yoxdur ki, biz ədalət və zülmü, işlərin yaxşılıq və pisliyinin əqli və əxlaqi olmasına əsaslanan geniş mənada nəzərdə tutsaq və Allah-taalanın işlərini da həmin yaxşı-pis çərçivəsində yozsaq və eləcə də Haqqın işlərini «başqalarının hüqüqlarına riayət etmək» baxımından ölçmək istəsək, deməliyik ki, Allah-taala bu mənada nə adil və nə də zalımdır. Çünki hər hansı bir şeydən istifadədə, ondan üstün və haqlı bir şey yoxdur ki, onun hüquqlarının riayət edilməsi ədalət, pozulması isə zülm sayılsın.
Üçüncüsü, əgər biz ədalət və zülmün bu məşhur mənalarından daşınaraq onları şərti və ictimai əməliyyatlar dairəsinə məxsus etsək, onda görəsən geniş yayılmış həmin mənadan üstün bir məna varmı ki, ədalət və zülmü nəzəri hikmət məfhumları sırasında yerləşdirərək şərti məfhumlar dairəsi olan əməli hikmət sıralarından çıxarsın və nəticədə ədalət elm və qüdrət, yaxud heç olmasa yaradıcılıq və ruzi vermək kimi sabit və kamillik sifətlərindən, zülm isə mürəkkəblik, cismiyyət, məhdudluq və bu kimi digər mənfi sifətlərdən sayılsın?
Daha sonra bu məsələ qarşıya çıxır ki, görəsən dünyadakı hadisələr ədalət və zülm baxımından yozulması mümkün olan məfhumlardır, yoxsa biz onları itaətkarcasına qəbul etməliyik?
Dördüncüsü, bunların hamısından əlavə, Qurani-kərim ədalət və zülm məfhumları üzərində çox təkid edib. Görəsən Quranın bu iki məfhumdan məqsədi nədir?
Bunlar özünün dəqiq və düzgün cavablarını tapmalı olan bir sıra suallardır.
Qəti və şübhə edilməyən məsələ budur ki, Allahın «ədalətə əmr edən» və «ədaləti həyata keçirən» kimi tanınması, səmavi dinlərdə bəşəriyyətin Allah ilə əlaqəsinin əsaslandığı ən mühüm agahlıqdır. Məsələn, filosofların təsəvvür etdikləri Allah, o cümlədən Ərəstunun insanların yalnız ağıl və düşüncələrinə aid olub, qəlb və duyğuları ilə heç bir işi olmayan «ilk təkanvericisi» ədalət və zülm baxımından söhbətimizin mövzusu deyil. Peyğəmbərlərin vəsf etdiyi kimi, məntiqi və əqli cəhətlərə malik olmaqla yanaşı qəlb, batin və duyğularla sıx əlaqədə olan, insanın eşq və məhəbbət mübadiləsində olduğu və möhtacla ehtiyacsız əlaqəsində duyulan alim, qadir, mehriban və qayğıkeş Allahın qəti sifətlərindən biri də ədalətdir. Burada həmin ədaləti necə mənalandırmağın zərurətinə baxmalıyıq.
Ədalət, ictimai mənada nübüvvətin hədəfi, fəlsəfi mənada isə məadın əsasıdır. Qurani-kərim peyğəmbərlərin nübüvvət və ilahi vəzifələrinin hədəfini bəyan edərkən belə buyurub:
«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.»1
Məad mövzusu qiyamət gününün hesabı və əməllərə münasib cəza verilməsi barəsində isə belə buyurur:
«Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, hər hansı bir əməli nəzərə alarıq. Haqq-hesab çəkməyə Biz kifayətik.»2
Quranın bir çox ayələrində Allah-taalanın zülm və sitəmdən uzaq olması vurğulanıb. Məsələn bir yerdə deyilir:
«...Allah onlara zülm edən deyildi, lakin onlar özləri özlərinə zülm etdilər.»3
Bəzi ayələrdə adillik və ədalətin bərpası Allah üçün sabit bir sifət kimi zikr edilib. Yəni, Quran təkcə Onun zülmdən uzaq olmasını bildirməklə kifayətlənməyib, ədaləti də Onun üçün birbaşa isbat edib. Məsələn bu ayədə buyurur:
«Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (Haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.»1
Buna görə də islam baxımından ilahi ədalətin gerçək bir həqiqət olmasında və Allahı onunla vəsf etməyimizin zərurətində heç bir şübhə yoxdur.
Dostları ilə paylaş: |