40 Hədis
İmam Nəvəvi
40 Hədis
İmam Nəvəvi
Müəllif: Yəhya ibn Şərəf ən-Nəvəvi
Tərcüməçi: Ramil Həsənov
Tərtib edən: Zeyd Sələfi
"Hər bir elm tələbəsi “Qırx hədis” kitabını əzbərləməli, mənasını başa düşməli və tələblərinə uyğun əməl etməlidir.
(Muhəmməd əs-Saleh)
__________________________________________________________________
BİRİNCİ HƏDİS
(Əməllər niyyətlərə görədir)
Möminlərin əmiri Əbu Həfsə Ömər ibn əl-Xattab (radiyallahu anhu) demişdir: Peyğəmbərin (sallallahu aleyhi va salləm) belə buyurduğunu eşitdim: "Həqiqətən əməllər niyyətlərə görədir. Hər bir insana onun niyyət etdiyi verilər. Kimin hicrəti Allah və onun Peyğəmbərinə tərəfdirsə, onun hicrəti Allah və Onun Peyğəmbərinə tərəf olar. Kimin də hicrəti dünya, onun əldə edilməsi və ya qadınla nikahlanmaqdırsa, o hicrət etdiyinə tərəf yönələr".
Rəvayəti iki hədis alimi Əbu Abdulla Muhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Muğira ibn Bərdizbəh əl-Buxari və Əbul Hüseyn Müslim ibn əl-Həccac ibn Müslim əl-Quşeyri ən-Neysəburi öz "Səhih" adlı əsərlərində nəql etmişlər. Həmin əsərlər ən mötəbər kitablar sayılır.
[əl-Buxari: "Vəhyin başlanması" fəsli, "Peyğəmbərə vəhy gəlməsi necə başlamışdır" bölmü, 1-ci hədisdə;
Müslim: "Əmirlik" fəsli, "Peyğəmbərin ``Həqiqətən də əməllər niyyətlədir`` kəlamı və bu hədisin döyüş və s. əməlləri şamil etməsi" bölümü, 155 və 1907 rəqəmli hədislərdə rəvayət etmişdir.]
__________________________________________________________________
İKİNCİ HƏDİS
(İslam, İman və İhsan)
Həmçinin Ömərdən (radiyallahu anhu) rəvayət edilir ki, o belə demişdir: "Bir gün biz Peyğəmbərin (sallallahu aleyhi va salləm) hüzurunda oturmuşduq. Yanımıza düm ağ paltarlı, zil qara saçlı bir kişi gəldi. Üst-başında səfər nişanələri yox idi. Onu bizlərdən heç kəs tanımırdı. O, Peyğəmbərin (sallallahu aleyhi va salləm) qarşısında oturub dizlərini onun dizinə söykədi və əllərini budunun üzərinə qoyub dedi: "Ey Muhamməd! Mənə İslam barəsində xəbər ver". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət etmən, namaz qılman, zəkat vermən, Ramazan orucunu tutman və yola çıxmağa gücün çatırsa, Evə həcc etməndir". Kişi dedi: “Doğru söylədin”. Biz onun sual verib sonra da təsdiqləməsinə çox təəccübləndik. Kişi yenidən dedi: "Mənə iman barəsində xəbər ver". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərin xeyrinə və şərinə iman gətirməyindir". Kişi dedi: "Doğru söylədin. Mənə ihsan barəsində xəbər ver". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Allaha Onu görürmüş kimi ibadət etməyindir. Sən onu görməsən də bil ki, O, səni görür." Kişi dedi: "Mənə Qiyamət saatı barəsində xəbər ver". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Bu barədə soruşulan soruşandan çox bilmir." Həmin adam dedi: "Elə isə mənə onun əlamətləri barədə xəbər ver". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Kəniz öz xanımını doğacaq. Ayağı yalın, çılpaq və kasıb qoyun otaranların uca bina tikməkdə yarışacaqlarını görəcəksən." Sonra o adam getdi. Mən bir müddət dayandım. Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Ey Ömər, sual verənin kim olduğunu bilirsənmi?" Mən dedim: "Allah və Onun Rəsulu daha yaxşı bilir". O buyurdu: "Şübhəsiz ki, o, Cəbrail idi. Yanınıza gəlmişdi ki, sizə dininizi öyrətsin." Müslim rəvayət edib.
__________________________________________________________________
ÜÇÜNCÜ HƏDİS
(İslamın əsasları)
Əbu Abdurrahman Abdulla ibn Ömər ibn əl-Xattab (radiyallahu anhu) demişdir: "Mən eşitdim ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) belə buyurdu: "İslam beş əsasın üzərində qurulmuşdur: “Lə iləhə illallah və Muhəmmədən rasulullah” şəhadəti, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq." əl-Buxari və Müslim rəvayət etmişlər.
[əl-Buxari: "İman" kitabı, "Sizin duanız imanınızdır. Çünki Allah buyurur: (Ey Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa Rəbbimin yanında nə qədir-qiymətiniz olar?" bölümü, Nº 8;
Müslim: "İman" kitabi, "İslamın əsaslarının bəyanı" bölümü, Nº 16, Nº 21.]
__________________________________________________________________
DÖRDÜNCÜ HƏDİS
(İnsanın yaradılışı və aqibəti)
Abdulla ibn Məsuddan (radiyallahu anhu) rəvayət olunur ki, doğru danışan və doğruluğu təsdiqlənən Peyğəmbər (sallallahu aleyhi va salləm) bizə danışdı ki: "Sizlərdən hər biriniz ana bətnində yığılıb yaradılarkən qırx gün nütfə halında, sonra o vaxt qədər laxta qan halında, sonra həmin vaxt qədər dişlənilmiş ət parçası halında olur. Daha sonra ona ruh üfürəcək bir mələk göndərilir. Mələyə dörd kəlmə əmr verilir: ‘‘(İnsanın) ruzisini, əcəlini, əməlini, bədbəxt yoxsa xoşbəxt olacağını yazmaq.’’ Özündən başqa (haqq) ilah olmayan Allah and olsun, sizlərdən biri Cənnət əhlinin əməlini edər. Nəhayət onunla Cənnət arasında bir dirsək qədər məsafə qaldıqda kitab onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlini edərək ora daxil olar. Həmçinin sizlərədən biri də Cəhənnəm əhlinin əməlini edər. Nəhayət onunla Cəhənnəm arasında bir dirsək qədər məsafə qaldıqda kitab onu qabaqlayar və o, Cənnət əhlinin əməlini edərək ora daxil olar." əl-Buxari və Müslim rəvayət etmişlər.
[əl-Buxari: ‘‘Vəhyin başlanması’’ kitabı, ‘‘Mələklərin zikri’’ bölümü, Nº 3208;
Müslim: ‘‘Qədər’’ kitabı, ‘‘İnsanın necə yaradılması’’ bölümü, Nº 2643.]
__________________________________________________________________
BEŞİNCİ HƏDİS
(Bidətlərin rədd edilməsi)
Möminlərin anası ummu Abdulla (künyəli) Aişə (radiyallahu anhə) demişdir: Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Kim bizim bu işimizə ondan olmayan bir yenilik gətirərsə, o rədd olunar."* əl-Buxari və Müslim rəvayət etmişdir. Müslimin rəvayətində deyilir: "Kim bizim etmədiyimiz bir əməli edərsə, o rədd olunar."**
[* əl-Buxari: "əs-Sulh" kitabı, "İzə istalahu..." bölümü, Nº 2697;
Müslim: "əl-Əqdiyə" kitabı, "Nəqd əl-əhkəm əl-bətilə" bölmü, Nº 1718.
** Müslim, "Hökümlər" kitabı, "Saxta hökümlərin pozulması və bidət əməllərin rədd edilməsi" bölümü, 1718-ci hədis.]
__________________________________________________________________
ALTINCI HƏDİS
(Halal və haram)
Əbu Abdulla Numan ibn Bəşir (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəmbərin (sallallahu aleyhi va salləm) belə dediyini eşitdim: "Həqiqətən halal da bəllidir, haram da. Onların arasında (halal və ya haramlığı bəlli olmayan) şübhəli şeylər vardır ki, bir çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim ki, şübhəli şeylərə düşərsə, harama düşmüş sayılar. Onun halı qoruğun ətrafında sürüsünü otaran çobana bənzəyir ki, az qala (sürü) qoruğa girsin. Bilin ki, hər bir hökmdarın qadağa bölgəsi (qoruğu) vardır. Allahın qoruğu isə Onun qoyduğu qadağalardır (haramlardır). Bunu da bilin ki, bədəndə bir ət parçası vardır. Əgər o sağlam olarsa, bütün bədən də sağlam olar. Yox əgər o fəsada uğrayarsa, bütün bədən də fəsada uğrayar. Diqqət edin, o (ət parçası) qəlbdir." əl-Buxari və Müslim rəvayət etmişlər.
[ əl-Buxari: "İman" kitabı, "Dinini qoruyanın fəziləti" bölümü, Nº 52;
Müslim: "əl-Məsəqa" kitabı, "Halalı götürmək və şübhələri tərk etmək" bölümü, Nº 1599.]
__________________________________________________________________
YEDDİNCİ HƏDİS
(Din nəsihətdir)
Əbu Ruqeyyə Təmim ibn Əus əd-Dəridən (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi va salləm) belə buyurduğu nəql edilir: "Din nəsihətdir." Biz dedik: "Kimin üçün, ey Allahın Elçisi?" O (sallallahu aleyhi va salləm) buyurdu: "Allah üçün, Kitabı üçün, Peyğəmbəri üçün, müsəlmanların imamları (başçıları) və rəiyyətləri üçün." Müslim rəvayət etmişdir.
__________________________________________________________________
SƏKKİZİNCİ HƏDİS
(Müsəlmanın haqları)
İbn Ömərdən (radiyallahu anhu) rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) demişdir: "Mənə insanlar "Lə iləhə illəllah və Muhəmmədən rasulullah" şəhadətini deyənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaq əmr olunmuşdur. Əgər bunu etsələr canlarını və mallarını məndən qorumuş olarlar. Yalnız İslamın haqqı müstəsnadır. Onların sorğu-sualı Allah təaləyə aiddir." Buxari və Müslim rəvayət etmişlər.
__________________________________________________________________
DOQQUZUNCU HƏDİS
(Hər insan gücü çatan qədər mükəlləfdir)
Əbu Hüreyrə (künyəli) Abdurrahman ibn Saxr (radiyallahu anhu) demişdir: Mən eşitdim ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) belə buyurdu: "Mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin. Nəyi sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin. Həqiqətən də sizdən əvvəlkiləri çox sual vermələri və peyğəmbərləri ilə mübahisə etmələri həlak etdi." əl-Buxari və Müslim rəvayət etmişdir.
[əl-Buxari: "Kitab və Sünnədən yapışmaq" kitabı, "Peyğəmbərin (sallallahu aleyhi va salləm) sünnələri ilə getmək" bölümü, Nº 6777;
Müslim: "Fəzilətlər" kitabı, "Peyğəmbəri (sallallahu aleyhi va salləm) uca tutmaq" bölümü, Nº 1337.]
__________________________________________________________________
ONUNCU HƏDİS
(Halal qazanc va duaların qəbulu)
Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Həqiqətən də Allah təalə Tayyibdir (pakdır) və yalnız təmiz olanı qəbul edir. Şübhəsiz ki, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmiş və buyurmuşdur: "Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!" (əl-Muminun, 51). Başqa ayədə buyurur: "Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!" (əl-Bəqərə, 172). Sonra o, uzun müddət səfərdə olan saçı dağınıq, üstü toz-torpaqlı bir kişini xatırlatdı. Həmin kişi əllərini göyə açaraq: “Ey Rəbbim, ey Rəbbim” deyirdi. Onun yediyi də haram, içdiyi də haramdır. O, haramla bəslənibdir. Haradan duası qəbul olunsun?" Müslim rəvayət etmişdir.
[Müslim, "Zəkat" kitabı, "Təmiz (halal) qazancdan olan sədəqənin qəbul olunması" bölümü, 1015-ci hədisdə rəvayət etmişdir.]
__________________________________________________________________
ON BİRİNCİ HƏDİS
(Şübhələrdən uzaq durmaq)
Peyğəmbərin (sallallahu aleyhi va salləm) nəvəsi və onun reyhanı Əbu Muhamməd Həsən ibn Əli ibn Əbu Talib (radiyallahu anhu) demişdir: Mən, Peyğəmbərdən (sallallahu aleyhi va salləm) əzbərlədim ki: "Səni şübhələndirən işi tərk et, şübhələndirməyəni götür." ət-Tirmizi və ən-Nəsai rəvayət etmişlər. ət-Tirmizi demişdir: Hədis həsən səhihdir.
__________________________________________________________________
ON İKİNCİ HƏDİS
(Faydasız şeyləri tərk etmək)
Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "İnsanın İslamının gözəlliyi, ona aid olmayan işləri tərk etməsidir." Həsən hədisdir. Tirmizi və başqaları bu cür rəvayət etmişlər.
[ət-Tirmizi, "Zühd" kitabı, "Aidiyyəti olmayan sözləri danışan haqqında" bölümü, 2318-ci hədisdə;
İbn Məcə, "Fitnələr" kitabı, "Fitnələr zamanı dili qorumaq" bölümü, 3976-cı hədisdə rəvayət etmişdir.]
__________________________________________________________________
ON ÜÇÜNCÜ HƏDİS
(İslam qardaşlığı)
Peyğəmbərin (sallallahu aleyhi va salləm) xidmətində dayanan Əbu Həmzə Ənəs ibn Məlik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Sizlərdən biri özünə istədiyini qardaşına istəməyincə, iman gətirmiş sayılmaz." Buxari və Müslim.
[Buxari: Nº 13; Müslim: Nº 71.]
__________________________________________________________________
ON DÖRDÜNCÜ HƏDİS
(Müsəlmanın toxunulmazlığı)
İbn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Müsəlmanın qanı halal sayılmır. Yalnız üç hal müstəsnadır: Evli zinakar, cana can (qisası) və dinini tərk edib camaatdan ayrılan." əl-Buxari və Müslim rəvayət etmişdir.
[əl-Buxari: "Qanbahası" kitabı, "Allahın ayəsi: “qulaq qulağa, diş...” bölümü, Nº 6484;
Müslim: "əl-Qasamə" kitabı, Nº 1676]
__________________________________________________________________
ON BEŞİNCİ HƏDİS
(Gözəl söz danışmaq, qonşunun və qonağın haqqını qorumaq)
Əbu Hüreyrə (radiyallaru anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) belə buyurmuşdur: "Kim Allaha və axirət gününə iman gətiribsə, ya xeyir danışsın, ya da sussun. Kim Allaha və axirət gününə iman gətiribsə, qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman gətiribsə, qonağına yaxşılıq etsin." əl-Buxari və Müslim rəvayət etmişlər.
[Buxari: Nº 6110; Müslim: Nº 74.]
__________________________________________________________________
ON ALTINCI HƏDİS
(Qəzəblənməmək)
Əbu Hüreyrə (radiyallaru anhu) rəvayət etmişdir ki, bir kişi Peyğəmbərin (sallallahu aleyhi va salləm) yanına gəlib dedi: "Mənə nəsihət et!" Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Qəzəblənmə!" Həmin kişi dediyini dəfələrlə təkrarladı. Peyğəmbər (sallallahu aleyhi va salləm) yenə: "Qəzəblənmə!" --- deyə cavab verdi." əl-Buxari və Müslim rəvayət etmişlər.
[Buxari: Nº 5765. Müslim: Nº 2449.]
__________________________________________________________________
ON YEDDİNCİ HƏDİS
(Hər işdə yaxşı və gözəl davranmaq)
Əbu Yalə Şəddəd ibn Əus (radiyallahu anhu) rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Allah hər şeyə yaxşılıq etməyi vacib etmişdir. (Düşməni) öldürdükdə yaxşı öldürün, heyvanı kəsdikdə yaxşı kəsin. Bıçağınızı yaxşı itiləyib kəsdiyiniz heyvanı rahat edin". Müslim rəvayət etmişdir.
[Hədis səhihdir. əl-İrva: Nº 2540; Müslim: 3/ 1548/ Nº 1955; Tirmizi: 2/ 431/ Nº 1430; Əbu Davud: 8/ 10/ Nº 2797; Nəsai: 7/ 227; İbn Məcə: 2/ 1058/ Nº 3170.]
__________________________________________________________________
ON SƏKKİZİNCİ HƏDİS
(Təqva və gözəl əxlaq)
Əbu Zər Cundəb ibn Cunədə (radiyallahu anhu) və Əbu Əbdürrəhman Muaz ibn Cəbəl (radiyallahu anhu) rəvayət etmişlər ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdu: "Harada olsan Allahdan qorx. Pislik etdikdən sonra yaxşılıq et ki, onu silsin. İnsanlarla gözəl əxlaqla davran." ət-Tirmizi rəvayət etmiş və demişdir: "Həsən hədisdir." Bəzi nüsxələrdə demişdir: "Həsəndir səhihdir."
[ət-Tirmizi, "Yaxşılıq" kitabı, "İnsanlarla ünsiyyətdə olmaq" bölümü, 1987-ci hədisdə rəvayət etmişdir.]
__________________________________________________________________
ON DOQQUZUNCU HƏDİS
(Allahın hüdudlarını aşmamaq)
Əbul Abbas Abdulla ibn Abbas (radiyallahu anhu) demişdir: Bir gün mən Peyğəmbərin (sallallahu aleyhi va salləm) arxasında idim. O (sallallahu aleyhi va salləm) dedi: "Ay uşaq, mən sənə bir neçə kəlmə öyrədəcəyəm: Allahı qoru ki, O da səni qorusun. Allahı qoru ki, Onu önündə görəsən. Bir şey istəyəndə Allahdan istə. Kömək dilədikdə Allahdan dilə. Bil ki, əgər ümmət birləşib sənə xeyir vermək istəsə, yalnız Allahın yazdığı qədər xeyir verə bilərlər. Əgər toplaşıb sənə zərər vermək istəsələr, yalnız Allahın yazdığı qədər zərər verə bilərlər. Qələmlər qaldırılıb, vərəqlər quruyubdur."* ət-Tirmizi rəvayət etmiş və demişdir: "Həsən-səhih hədisdir."
Ət-Tirmizidən başqalarının rəvayətində deyilir: "Allahı qoru, Onu qarşında görərsən. Rahatlıq vaxtı Allaha tanışlıq ver ki, çətin anda səni tanısın. Bil ki, başına gəlməyəcək işin olması mümkün deyildir. Başına gələndən isə, qaça bilməzdin. Bil ki, qələbə səbirlədir. Şübhəsiz ki, sevinc də kədərlədir. Hər çətinlikdən sonra asanlıq gəlir."**
[*ət-Tirmizi: "Qiyamətin necəliyi" kitabı, Nº 2516.
**İmam Əhməd: (1/307); Hakim: "əl-Müstədrək" əsəri (3/624).]
__________________________________________________________________
İYİRMİNCİ HƏDİS
(Həya imandandır)
Əbu Məsud Uqbə ibn Amr əl-Ənsari əl-Bədri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Əvvəlki peyğəmbərlikdən insanlara çatan söz belədir: Əgər utanmırsansa, istədiyini et." əl-Buxari rəvayət etmişdir.
[Buxari: Nº 5769.]
__________________________________________________________________
İYİRMİ BİRİNCİ HƏDİS
(Allaha iman gətir və doğru yolu tut)
Əbu Amr (yaxud da bəzilərinin dediyinə görə) Əbu Amratə Süfyan ibn Abdulla (radiyallahu anhu) demişdir: "Ey Peyğəmbər (sallallahu aleyhi va salləm), mənə İslamda elə bir söz söylə ki, o haqda səndən sonra heç kimdən soruşmayım." Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Allaha iman gətirdim de, sonra düz ol."
[Müslim: "İman" kitabı, "İslamın bütün vəsfləri" bölümü, Nº 38]
__________________________________________________________________
İYİRMİ İKİNCİ HƏDİS
(Cənnətə aparan yol)
Əbu Abdulla Cabir ibn Abdulla əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəmbərə (sallallahu aleyhi va salləm) sual verərək dedi: "Necə bilirsən, mən vacib namazları qılsam, Ramazan orucu tutsam, halalı halal, haramı haram saysam və buna heç nə əlavə etməsəm Cənnətə girərəm?" Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Bəli". Hədisi Müslim rəvayət etmişdir.
"Haramı haram saysam" yəni, ondan çəkinsəm. "Halalı halal" yəni, onun halal olduğunu etiqad edərək yerinə yetirsəm.
[Müslim: "İman" kitabı, "İmanın bəyanı" bölümü, Nº 18.]
__________________________________________________________________
İYİRMİ ÜÇÜNCÜ HƏDİS
(Hər xeyirli əməl sədəqədir)
Əbu Məlik əl-Haris ibn Asim əl-Əşari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh* tərəzini doldurur. Sübhənallah** və əlhəmdulilləh (zikirlərini demək) göylə yer arasını doldururlar - və ya doldurur. Namaz nurdur. Sədəqə sübutdur. Səbir işıqdır. Quran ya leyhinə ya da əleyhinə dəlildir. Bütün insanlar səhər erkən çıxır və nəfsini sataraq ya onu azad edir, ya da tələf edirlər."*** Müslim rəvayət etmişdir.
[* Zikirdir. Mənası: "Həmd Allaha məxsusdur."
** Zikirdir. Mənası: "Allah pak və nöqsansızdır."
*** Müslim: "Təmizlik kitabı, "Dəstəmazın fəziləti" bölümü, Nº 233]
__________________________________________________________________
İYİRMİ DÖRDÜNCÜ HƏDİS
(Zülmün qadağan edilməsi)
Əbu Zər əl-Ğifəri (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi va salləm), o da izzət və cəlal sahibi Rəbbindən rəvayət etmişdir ki, Allah təalə buyurmuşdu: "Ey qullarım! Mən nəfsimə zülmü haram etdim. Onu sizin aranızda da haram etdim. Bir-birinizə zülm etməyin. Ey qullarım! Mənim haqq yola (hidayətə) yönəltdiyim müstəsna olmaqla hamınız zəlalətdəsiniz. Məndən hidayət istəyin, sizi ona yönəldim. Ey qullarım! Mənim yedirtdiyim istisna edilməklə hamınız aclıq içindəsiniz. Məndən sizi yedirtməmi diləyin, sizi yedirdim. Ey qullarım! Mənim geyindirdiyim müstəsna olmaqla hamınız çılpaqsınız. Məndən sizi geyindirməyimi diləyin, sizi geyindirim. Ey qullarım! Siz gecə-gündüz günahlar edirsiniz. Mən bütün günahları bağışlayıram. Məndən bağışlanma diləyin, sizi bağışlayım. Ey qullarım! Siz zərərimə qalib gəlib Mənə zərər verə bilməzsiniz. Siz xeyrimə qalib gəlib Mənə xeyir verə bilməzsiniz. Ey qullarım! Əgər sizin əvvəlinciniz və axrıncınız, insanınız və cininiz aranızdakı ən təqvalı bir kişinin qəlbinə malik olsa belə, bu Mənim mülkümdə heç nə artırmayacaq. Ey qullarım! Əgər sizin əvvəlinciniz və axrıncınız, insanınız və cininiz aranızdakı ən pis əmələ sahib bir kişinin qəlbinə malik olsa belə, bu Mənim mülkümdən heç nə azaltmayacaq. Ey qullarım! Əgər sizin əvvəlinciniz və axrıncınız, insanınız və cininiz bir daşın üzərinə çıxıb Məndən istəsələr onların hər birinə istədiyini verərəm və bu Məndə olanlardan heç nəyi azaltmaz. Yalnız dənizə batırılmış iynənin götürdüyü qədər müstəsnadır. Ey qullarım! Bunlar sizin əməllərinizdir. Mən onları sizin üçün sayıram. Sonra sizə tam şəkildə qaytaracağam. Kim bir xeyir taparsa, Allaha həmd etsin. Kim başqa bir şey taparsa, ancaq özünü qınasın." Müslim rəvayət etmişdir.
[Müslim: "Xeyirxahlıq" kitabı, "Zülmün haramlığı" bölümü, Nº 2577.]
__________________________________________________________________
İYİRMİ BEŞİNCİ HƏDİS
(Uca Allahın lütfü və rəhmətinin genişliyi)
Əbu Zərr (radiyallahu anhu) yenə rəvayət etmişdir ki, Peyğəmbərin (sallallahu aleyhi va salləm) əshabələrindən (radiyallahu anhum) ibarət bir dəstə insan Ona (sallallahu aleyhi va salləm) belə dedi: "Ey Allahın elçisi, imkanlılar savabları apardılar. Onlar bizim qıldığımız kimi namaz qılır, oruc tutduğumuz kimi oruc tuturlar. Mal-mülklərinin artıq qalanından sədəqə verirlər." Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Məgər Allah sizə sədəqə üçün nə isə verməyib? Hər bir “sübhənallah” sədəqədir. Hər bir “Allahu əkbər” sədəqədir. Hər bir “əlhəmdulilləh” sədəqədir. Hər bir “Lə iləhə illəllah” sədəqədir. Sizdən birinizin öz zövcəsi ilə yaxınlığı sədəqədir." Onlar dedilər: "Ey Allahın elçisi, şəhvətin olmasında kiməsə savab var?" Peyğəmbər (sallallahu aleyhi va salləm) buyururdu: "Necə bilirsiniz, əgər onu (şəhvətini) harama yönəltsə, günah yazılar? Eləcə də halala yönəltsə, ona savab yazılar." Müslim rəvayət etmişdir.
[Müslim: "Zəkat" kitabı, "Bütün yaxşı işlərə sədəqə adının verilməsi" bölümü, Nº 1006.]
__________________________________________________________________
İYİRMİ ALTINCI HƏDİS
(İnsanları barışdırmaq, ədalətli və yardımsevər olmaq)
Əbu Hüreyrə (radiyallahu anhu) demişdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "İnsan, günəşin çıxdığı hər bir gün oynaqlarının sədəqəsini verməlidir. İki nəfərin arasında ədalətli olmaq sədəqədir. İnsana miniyində kömək etmək, onu miniyinə əyləşdirmək və yükünü miniyinə qaldırmaq sədəqədir. Gözəl söz sədəqədir. Namaza gedərkən atılan hər bir addım sədəqədir. Yoldan narahatçılıq törədən bir şeyi götürmək sədəqədir." əl-Buxari və Müslim rəvayət etmişlər.
[əl-Buxari: "Sülh" kitabı, "İnsanların arasını düzəltməyin fəziləti" bölümü, Nº 2707;
Müslim: "Zəkat" kitabı, "Sədəqənin adının açıqlanması" bölümü, Nº 1009.]
__________________________________________________________________
İYİRMİ YEDDİNCİ HƏDİS
(Yaxşılıq, gözəl əxlaq və günah)
Ən-Nəvvas ibn Siman (radiyallahu anhu) demişdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Yaxşılıq gözəl əxlaqdır. Günah, nəfsində sıxıntı keçirdiyin və insanların bilməsini xoşlamadığındır."* Müslim rəvayət etmişdir.
Vabisə ibn Məbəd (radiyallahu anhu) demişdir: "Mən Peyğəmbərin (sallallahu aleyhi va salləm) hüzuruna gəldim. O (sallallahu aleyhi va salləm) mənə dedi: "Yaxşılıq və günah haqqında soruşmağa gəldin?" Mən dedim: "Bəli". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Qəlbindən soruş. Yaxşılıq nəfsin qəlbə, qəlbin də nəfsə arxayın olduğudur. Günah nəfsdə keçirilən sıxıntı və qəlbdəki tərəddüddür. İnsanlar sənə nə fitva versələr də bu belədir."** Həsən hədisdir. İmam Əhməd və əd-Dariminin "Müsnəd" əsərində bizə həsən sənədlə rəvayət edilmişdir.
[*Müslim: "Xeyirxahlıq" kitabı, "Xeyirxahlığın və günahın təfsiri" bölümü, Nº 2553.
**İmam Əhməd: "Müsnəd" (4/228); əd-Darimi (2/245-246).]
__________________________________________________________________
İYİRMİ SƏKKİZİNCİ HƏDİS
(Sünnəyə tabeçilik və bidətlərdən uzaqlaşmaq)
Əbu Nəcih əl-İrbəd ibn Səriyə (radiyallahu anhu) demişdir: Peyğəmbər (sallallahu aleyhi va salləm) bizə elə nəsihət etdi ki, bundan dolayı qəlblər titrədi, gözlər doldu. Biz dedik: "Ey Allahın elçisi, bu sanki vidalaşanın nəsihətidir. Bizə öyüd-nəsihət ver." O (sallallahu aleyhi va salləm) buyurdu: "Sizə Allahdan qorxmağı, üzərinizə kölə başçı qoyulsa da, eşidib itaət etməyi tövsiyə edirəm. Sizlərdən uzun ömür yaşayan, çoxlu ixtilaflar görəcək. Sizə Mənim sünnəmlə və doğru yolda olan xəlifələrin sünnəsi ilə getməyi tapşırıram. Ondan azı dişlərinizlə yapışın. Sizi (dində) yeniliklərdən çəkindirirəm. Həqiqətən də hər bir yeni iş bidətdir. Hər bir bidət isə zəlalətdir." Əbu Davud və ət-Tirmizi rəvayət etmişlər. ət-Tirmizi: "Həsən-səhih hədisdir" demişdir.
__________________________________________________________________
İYİRMİ DOQQUZUNCU HƏDİS
(Cənnətə aparan və cəhənnəmdən uzaqlaşdıran səbəblər)
Muaz ibn Cəbəl (radiyallahu anhu) deyir ki, mən dedim: "Ey Allahın elçisi (sallallahu aleyhi va salləm), məni Cənnətə salacaq və Cəhənnəmdən uzaqlaşdıracaq əməl haqqında agah et." O (sallallahu aleyhi va salləm) buyurdu: "Sən çox böyük məsələ haqqında soruşdun. Bunu Allah kimin üçün asanlaşdırıbsa, həmin şəxslərə asandır. Gərək Allaha ibadət edib Ona heç nəyi şərik qoşmayasan. Namaz qılasan, zəkat verəsən, Ramazan orucu tutasan və Evi həcc edəsən."
Sonra (sallallahu aleyhi va salləm) dedi: "Sənə xeyir qapılarını işarə edimmi? Oruc sipərdir. Sədəqə günahları, su odu söndürən kimi söndürür. Kişinin gecə yarı qıldığı namaz da belədir." Sonra Peyğəmbər (sallallahu aleyhi va salləm) (ayə) oxudu: "Onlar ibadət üçün yataqlarından qalxar... " və "heç kəs bilməz!" (əs-Səcdə, 16-17) yerinə çatdı.
Sonra (sallallahu aleyhi va salləm) dedi: "Sənə ən əsas işi, onun sütununun və zirvəsini xəbər verimmi?" Mən dedim: "Bəli, ey Allahın elçisi." O buyurdu: "Ən əsas iş İslamdır. Onun dayağı namazdır. Hürgücünün zirvəsi isə cihaddır." Sonra dedi: "Bütün bunların hamısına malik olan barədə sənə xəbər verimmi?." Mən dedim: "Bəli, ey Allahın elçisi." O (sallallahu aleyhi va salləm) dilini tutaraq dedi: "Buna hakim ol." Mən dedim: "Ey Allahın elçisi, biz danışdıqlarımıza görə sorğu-sual olunacağıq?" Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Anan sənə ağlasın, ey Muaz. Məgər insanlar üzü (və ya burnu) üstə odun içində dillərinin danışdığına görə sürünmürlərmi?" ət-Tirmizi rəvayət etmiş və: "Həsən-səhih hədisdir" demişdir.
[Tirmizi: Nº 2825,]
__________________________________________________________________
OTUZUNCU HƏDİS
(Allahın hədlərinə bağlılıq)
Əbu Sələbə əl-Xuşani Cursum ibn Naşir (radiyallahu anhu) rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) belə buyurmuşdur. "Həqiqətən də, Allah vacib olanları vacib etmişdir, onları tələf etməyin. Hədlər qoymuşdur, onları aşmayın. Müəyyən şeyləri haram etmişdir, onları etməyin. Bəzi işlər barədə unutqanlıqdan deyil, sizə mərhəmət olaraq susmuşdur, onları axtarmayın. "
[əd-Dəraqutni (4/185); əl-Hakim (4/115); əl-Beyhəqi (10/12).]
__________________________________________________________________
OTUZ BİRİNCİ HƏDİS
(Zahidliyin* mahiyyəti və səmərəsi)
Əbul Abbas Səd ibn Səhl əs-Səidi (radiyallahu anhu) rəvayət etmişdir ki, bir kişi Peyğəmbərin (sallallahu aleyhi va salləm) yanına gəlib dedi: "Ey Allahın elçisi, mənə elə bir əməli göstər ki, onu edəndən sonra məni Allah da sevsin, insanlar da sevsin." O (sallallahu aleyhi va salləm) buyurdu: "Dünyada zahidlik et, Allah səni sevsin. İnsanlarda olanlara qarşı zahid ol, insanlar səni sevsin."** Həsən hədisdir. İbn Məcə və qeyriləri həsən sənədlərlə rəvayət etmişlər.
[*Zahidlik: Dünyaya çox bağlanmamaq, dünya malına həris olmamaq.
** İbn Məcə: Nº 4241; Əlbani "Səhih hədislər silsiləsi" Nº 944.]
__________________________________________________________________
OTUZ İKİNCİ HƏDİS
(Qəsdli, yaxud qəsdsiz zərər vurmaq)
Əbu Səid Səd ibn Məlik ibn Sinən əl-Xudri (radiyallahu anhu) rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Zərər toxundurmaq olmaz. Zərər vurmaq da olmaz." Həsən hədisdir. Onu İbn Məcə, əd-Dəraqutni və başqaları müsnəd olaraq, Məlik isə "Muvatta" kitabında mürsəl olaraq Amr ibn Yəhyadan o da atasından o da Peyğəmbərdən (sallallahu aleyhi va salləm) rəvayət etmişdir, lakin Əbu Səidi qeyd etməmişdir. Rəvayətin bir neçə (nəql) yolu var. Onlar bir-birini əsaslandırırlar.
[İbn Məcə: Nº 2340; İbn Əhməd: 1/313; əl-Beyhəqi: 6/7.]
__________________________________________________________________
OTUZ ÜÇÜNCÜ HƏDİS
(İslam hüququnun əsasları)
İbn Abbas (radiyallahu anhu) rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Əgər insanlara iddialarına görə verilsəydi, onlar camaatın malını və canını iddia edərdilər. Lakin dəlil iddiaçı tərəfdə, and içmə isə inkar edən tərəfdədir." Həsən hədisdir. əl-Beyhəqi və başqaları bu cür rəvayət etmişlər. Hədisin bir hissəsi "Səhiheyn" (iki səhih: Buxari və Müslimin) əsərlərindəndir.
[Beyhəqi: Nº 21733.]
__________________________________________________________________
OTUZ DÖRDÜNCÜ HƏDİS
(Pislikdən çəkindirmək imandandır)
Əbu Səid əl-Xudri (radiyallahu anhu) demişdir: Mən Peyğəmbərin (sallallahu aleyhi va salləm) belə buyurduğunu eşitdim: "Sizlərdən kim bir pis əməli görərsə, onu əli ilə, əgər bacarmasa dili ilə, əgər bacarmasa qəlbi ilə dəyişsin. Bu ən zəif iman sayılır."
[Müslim: "İman" kitabı, "Pis əməlin qadağan edilməsi imandandır" bölümü, Nº 49.]
__________________________________________________________________
OTUZ BEŞİNCİ HƏDİS
(İslamda qardaşlıq və müsəlmanın haqları)
Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu
aleyhi va salləm) buyurmuşdur: "Bir-birinizə həsəd aparmayın. Bir-birinizə kələk gəlmək məqsədilə malın qiymətini qaldırmayın. Bir-birinizə nifrət etməyin. Bir-birinizə arxa çevirməyin. Kimsə qardaşının alveri üstündən alver etməsin. Ey Allahın qulları! Qardaş olun (və ya Allahın qardaş etdiyi qullar olun). Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu zəlil etməz, ona yalan danışmaz, onu təhqir etməz. Təqva bax buradadır. (O, üç dəfə sinəsinə işarə etdi.) İnsanın şər etməsi üçün müsəlman qardaşını təhqir etməsi kifayətdir. Hər bir müsəlmanın canı, malı və şərəfi digər müsəlmana haramdır." Müslim rəvayət etmişdir.
[Müslim: "Xeyirxahlıq" kitabı, "Müsəlmana zülm etməyin haramlığı" bölümü, Nº 2564.]
__________________________________________________________________
OTUZ ALTINCI HƏDİS
(Xeyirxahlıq yolları)
Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Kim bir müsəlmanın üzərindən dünya kədərlərindən birini götürərsə, Allah da onun üzərindən Qiyamət gününün kədərlərindən birini götürər. Kim çətinə düşənin işini asanlaşdırarsa, Allah da onun dünya və axirət işini asanlaşdırar. Kim müsəlmanı örtərsə, Allah da onu dünya və axirətdə örtər. İnsan qardaşının köməyində dayanana qədər Allah da onun köməyində dayanar. Kim elm iltimas etmək üçün yola çıxarsa, Allah onun Cənnətə yolunu asanlaşdırar. Allahın evlərindən birinə toplaşıb Onun Kitabını oxuyan və bir-birinə öyrədən camaatın üzərinə sükunət nazil olar. Onları mərhəmət bürüyər və mələklər dövrəyə alar. Allah onları Öz dərgahındakılara xatırladar. Kimin əməli onu gecikdirərsə, nəsli onu tələsdirməz." Müslim bu mətnlə rəvayət etmişdir.
[Müslim: "Zikr" kitabı, "Quran oxumaq və zikr etmək üçün toplanmağın fəziləti" bölümü, Nº 2699.]
__________________________________________________________________
OTUZ YEDDİNCİ HƏDİS
(Uca Allahın ədaləti, lütfü və qüdrəti)
İbn Abbas (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi va salləm), o da izzət və cəlal sahibi Rəbbindən rəvayət etmişdir ki, Allah təalə buyurmuşdur: "Həqiqətən də Allah savab və günah işləri yazmış, sonra onları açıqlamışdır. Kim bir savab iş görmək istəyib onu etməzsə, Allah ona Öz dərgahında tam bir savab yazar. Onu istəyib icra edərsə, Allah ona Öz dərgahında on savabdan yeddi yüzə qədər və daha çox sayda yazar. Əgər bir günah etmək istəyərsə, amma etməzsə, Allah ona tam bir savab yazar. Əgər istəyib edərsə, Allah ona bir günah yazar." əl-Buxari və Müslim "Səhih" əsərlərində bu sözlərlə rəvayət etmişlər.
[əl-Buxari: "ər-Riqaq" kitabı, "Savab və günah etmək istəyən haqda" bölümü, Nº 6491;
Müslim: "İman" kitabı, "Qul savab etmək istəyərsə yazılar, günah etmək istəyərsə yazılmaz" bölümü, Nº 131.]
__________________________________________________________________
OTUZ SƏKKİZİNCİ HƏDİS
(Uca Allaha yaxın olmağın və sevgisini qazanmağın yolları)
Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) demişdir: "Allah təalə buyurmuşdur: "Kim Mənim dostumla düşmənçilik edərsə, ona müharibə elan edərəm. Qulumun Mənə yaxınlaşmaq üçün etdiyi işlərdən Mənim üçün ən sevimli olanı ona vacib etdiklərimdir. Qulum nafilə ibadətlər etməklə Mənə o qədər yaxınlaşar ki, hətta onu sevərəm. Əgər onu sevdimsə, onun eşidən qulağı, görən gözü, tutan əli və gəzən ayağı olaram. Məndən istəsə, mütləq ona verərəm. Məndən sığınma diləsə, mütləq ona sığınacaq verərəm." əl-Buxari rəvayət etmişdir.
[əl-Buxari: "Qəlbi yumşaldan əməllər" kitabı, "Təvazökarlıq" bölümü, Nº 6502.]
__________________________________________________________________
OTUZ DOQQUZUNCU HƏDİS
(Dində çətinliyin olmaması)
İbn Abbas (radiyallahu anhu) rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Allah mənə görə ümmətimin xata, unutqanlıq və məcbur edildikəri işlərini bağışlamışdır." Həsən hədisdir. İbn Məcə, əl-Beyhəqi və başqaları rəvayət etmişdir. (Hədis zəifdir)
[İbn Məcə: "Talaq" kitabı, "Məcbur edilərək və unutqanlıqla talaq" bölümü, Nº 2045;
əl-Beyhəqi: (7/357); əd-Dəraqutni: (4/170); İbn Hibban "Səhih" əsərində (16/202).]
__________________________________________________________________
QIRXINCI HƏDİS
(Dünya axirətin tarlasıdır)
İbn Ömər (radiyallahu anhu) demişdir: Peyğəmbər (sallallahu aleyhi va salləm) mənim çiyinlərimdən tutaraq buyurdu: "Dünyada bir qərib, yaxud yol keçən adam kimi ol."
İbn Ömər deyərdi: "Axşama çıxdıqda səhəri gözləmə, səhərə çıxdıqda axşamı gözləmə. Səhhətindən xəstəliyin, həyatından ölümün üçün götür." əl-Buxari rəvayət etmişdir.
[əl-Buxari: "Qəlbi yumşaldan əməllər" kitabı, "Peyğəmbərin kəlamı: "Dünyada qərib və ya yol keçən adam kimi yaşa" bölümü, Nº 6416.]
__________________________________________________________________
QIRX BİRİNCİ HƏDİS
(Peyğəmbərə (sallallahu aleyhi va salləm) tabeçiliyin vacibliyi)
Əbu Muhamməd Abdulla ibn Amr ibn əl-As (radiyallahu anhu) demişdir: Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuşdur: "Sizlərdən hər birinizin istəyi Mənim gətirdiyimə tabe olmayınca o, iman gətirmiş sayılmaz." Həsən-səhih hədisdir. Onu "əl-Hüccə" kitabında səhih sənədlə rəvayət etmişik.
[əl-Bəğəvi: "Şərh Sünnə" (1/213) kitabında nəql etmişdir.]
__________________________________________________________________
QIRX İKİNCİ HƏDİS
(Uca Allahın məğfirətinin genişliyi)
Ənəs ibn Malik (radiyallahu anhu) demişdir: Mən eşitdim ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurur: Allah təalə demişdir: "Ey Adəm övladı, sən Mənə nə vaxt dua etdin və Mənə nə vaxt ümid bəslədin, Mən sənin etdikərini heç nəyə əhəmiyyət vermədən bağışladım. Ey Adəm övladı, əgər sənin günahların göyün yüksəkliyinə çatarsa və sonra sən Məndən bağışlanma diləyərsənsə, səni bağışlayaram. Ey Adəm övladı, əgər Mənim yanıma yer boyda günahla gəlsən və sonra Mənə şərik qoşmadan Mənimlə qarşılaşsan, sənin yanına yer boyda məğfirətlə gələrəm." ət-Tirmizi rəvayət etmiş və həsən-səhih olduğunu söyləmişdir.
[ət-Tirmizi: "Dualar" kitabı, "Allah yüz mərhəmət yaratdı" bölümü, Nº 3540.]
Dostları ilə paylaş: |