22
2. QURANIN EVLƏRDƏ OXUNMASI
Bu məzmunda da bir neçə hədis və rəvayət nəql olunmuşdur.
Hədislərin məzmununa diqqət yetirdikdə, müsəlmanların evlərdə
Quran tilavət etmələrinə sövq olunmalarının bir neçə səbəbinin və
onun bir neçə müsbət təsirinin şahidi oluruq.
1. Quranın evlərdə tilavət olunması, haqq kəlməsinin (islam
hökmləri və əxlaq normalarının) ev sakinləri tərəfindən dinlənərək
qəbul olunmasına səbəb olur. Belə ki, ev sahibi vaxtaşırı Quran
oxuyarsa, digər ev sakinləri də onun təsiri altına düşərək bu gözəl
adətə meyl edər və nəticədə Quran oxuyan şəxslərin sayı birə on
artar. Əgər müsəlmanlar Quran tilavət etmək üçün müəyyən zaman
və yer təyin edərlərsə, təbiidir ki, hamının eyni zamanda həmin
yerdə Quran oxuması mümkün olmayacaqdır. Bu səbəbdən də
Quranın evlərdə oxunması islam hökmlərinin hamı tərəfindən
rəğbətlə qəbul olunmasına səbəb olur.
2. Evlərdə Quran oxunarsa, səhər-axşam oradan Quran səsi
ucalar və onu dinləyən şəxslərin qəlbləri bununla təskinlik tapar.
3. Quranın evlərdə oxunması, həmən evin daha da bərəkətli
olmasına səbəb olur. Mələklər bu evlərə nazil olar, şeytanlar isə
qorxuya düşərək oradan uzaq olmaq istəyərlər. Ulduzlar yer üzünü
işıqlandırdıqları kimi, Quran oxunan evlər də səma əhlinə nur
saçar. Quran oxunmayan evlərdə bərəkət olmaz, mələklər bu evlərə
gəlməkdən çəkinər və oralar şeytanların daimi gediş-gəliş yerinə
çevrilər.
Dostları ilə paylaş: