MüƏLLİFDƏN


«LƏTƏRKƏBUNNƏ SUNƏNƏ MƏN QƏBLƏKUM» HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR



Yüklə 1,33 Mb.
səhifə22/23
tarix22.10.2017
ölçüsü1,33 Mb.
#11396
1   ...   15   16   17   18   19   20   21   22   23

«LƏTƏRKƏBUNNƏ SUNƏNƏ MƏN QƏBLƏKUM» HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR


Bu hədis «Kənzul-ummal» ilə yanaşı, digər mö᾽təbər mənbələrdə də nəql olunmuşdur.

O cümlədən:

1. «Musnəd» (Əhməd ibni Hənbəl, Vaqedidən nəql edir, 5-ci cild, 218-ci səh) 3-cü cildin 14-cü səhifəsində isə Əbu Səid Xidridən nəql edir.

2. «E᾽tisam» (Buxari) Peyğəmbərin (s) buyurduqları fəsil, 8-ci cild 151-ci səh. Hədisi belə nəql edir: (ərə)

3. «Səhih Müslim» «Elm» (Müslim «Yəhudi və nəsranilərin adət-ən᾽ənələrini davam etmək» fəsli, 8-ci cild 51-ci səh).

4. «Məcməuz-zəvayid» (Hisəmi) 7-ci cild, 261-ci səh. Hədisi İbni Abbasdan nəql edir.


MÜƏLLİFİN BİR YƏHUDİ ALİMİ İLƏ APARDIĞI ELMİ MÜBAHİSƏ


Mən, yəhudi alimlərinin biri ilə «Yəhudi dininin dövranı arxada qaldığı və hal-hazırda heç bir mö᾽cüzəyə malik olmadığı haqda» fikir mübadiləsi apardığım zaman, ona belə bir sual verdim: Şəriət (din) təkcə yəhudilərə aiddir, yoxsa bütün bəşəriyyətə? Əgər yalnız yəhudilərə aiddirsə, onda digər millətlər peyğəmbərlərin göndərilməsinə ehtiyac duyacaqlar və həmən peyğəmbər sizin nəzərinizcə islam peyğəmbərindən (həzrət Məhəmməddən (s)) başqa kim ola bilər? Əgər Musa (ə)-ın gətirdiyi şəriət ümumbəşəri və əbədidirsə, demək o, əbədiliyinə dəlalət edəcək dəlil və sübutlara malik olmalıdır. Bir halda ki, hal-hazırda bunu sübuta yetirəcək heç bir dəlil yoxdur. Çünki, Musa (ə)-ın göstərdiyi mö᾽cüzələr yalnız öz dövrünə aid idi və hal-hazırda onun gətirdiyi dinin həqqaniyyətini sabit edəcək mö᾽cüzələrdən heç bir əsər-əlamət qalmamışdır.

Əgər «Bu mö᾽cüzələr hal-hazırda mövcud olmasa da lakin, nəql olunmuş bir çox mütəvatir rəvayətlərdə onların mövcud olduğu açıq-aşkar bəyan edilmişdir.» desəniz, cavabında deyəcəyik: Əvvəla mö᾽cüzə yalnız o zaman mütəvatir rəvayətlərlə sabit ola bilər ki, nəql edən ravilərin sayı camaat tərəfindən mö᾽təbərliyini isbat edəcək miqdara çatmış olsun. Siz belə mütəvatir rəvayətlərlə Musa (ə)-ın mö᾽cüzələrini bütün əsrlərdə və bütün millətlər üçün sabit edə bilməzsiniz.

Digər tərəfdən isə, əgər yalnız mö᾽cüzələrin nəql olunması har hansı bir həqiqəti isbat etməyə kifayət edərsə, bunu təkcə Musa (ə)-ın mö᾽cüzələrinə aid etmək olmaz. Belə ki, siz Musa (ə)-ın mö᾽cüzələrini nəql etdiyiniz halda, məsihilər İsa (ə)-ın mö᾽cüzələrini, müsəlmanlar da öz peyğəmbərlərinin mö᾽cüzələrini nəql edəcəklər. Mö᾽cüzələr haqda nəql olunmuş bu rəvayətlər arasında nə kimi fərq var? Demək, başqalarının öz peyğəmbərlərinin mö᾽cüzələri haqda nəql etdikləri rəvayətlər yox, təkcə sizin Musa (ə)-ın mö᾽cüzələri haqda nəql etdiyiniz rəvayətlər qəbul olunur?! Əgər hər hansı bir peyğəmbərin göstərdiyi mö᾽cüzələr onun həqqaniyyətini sübuta yetirirsə, bəs nə üçün siz, digər peyğəmbərlərin mö᾽cüzələri haqda nəql olunmuş rəvayətləri qəbul etmirsiniz?

Cavabında dedi: Yəhudilərin, Musa (ə)-ın mö᾽cüzələri haqda nəql etdikləri rəvayətləri həm məsihilər, həm də müsəlmanlar təsdiq edir və onların mö᾽təbərliyini e᾽tiraf edirlər. Lakin, digər peyğəmbərlərin mö᾽cüzələri isə hamı tərəfindən qəbul olunmayır. Bu səbəbdən də onların həqqaniyyətini isbat etmək üçün digər dəlillərə ehtiyac vardır.

Cavabında dedim:

Düzdür, Musa (ə)-ın mö᾽cüzələrini müsəlmanlar və məsihilər hamılıqla qəbul edir. Lakin, onlar bu rəvayətləri yəhudilərin mö᾽təbər mənbələrindən deyil, öz peyğəmbərlərinin mö᾽cüzələr haqda verdikləri mə᾽lumatlardan əldə etmişlər. Müsəlmanlar və məsihilər Musa (ə)-ın mö᾽cüzələrini öz peyğəmbərlərinin ilahi mö᾽cüzələri vasitəsilə tanıya bilmişlər. Demək, onlar əgər Məhəmmədin (s) və İsa (ə)-ın peyğəmbərliyini qəbul etməzlərsə, Musa (ə)-ın, peyğəmbər kimi qəbul olunması üçün göstərdiyi mö᾽cüzələri də heç cür təsdiq edə bilməyəcəklər.

Bu irad tək yəhudi dininə deyil, bütün qədim dinlərə aiddir. Əbədi mö᾽cüzəyə malik olan din varsa, o da müqəddəs islam dinidir. Onun mö᾽cüzəsi bütün dövr və millətlərə şamil olunur, qiyamət gününədək bəşəriyyəti haqqa hidayət edəcək və öz əzəmətini itirməyəcəkdir.

Biz bu əbədi mö᾽cüzə [Qur᾽anla] ilə islamı qəbul edib, onun həqqaniyyətini təsdiq etdik. İslamı qəbul edib həqqaniyyətini təsdiq etdikdən sonra, keçmiş peyğəmbərlərin də haqq olaraq Allah-taala tərəfindən bəşəriyyətə göndərildiklərini qəbul etməliyik. Çünki, Qur᾽an və Peyğəmbər (s) onların həqqaniyyətini dəfələrlə təsdiq etmişdir. Belə bir nəticəyə gəlirik ki, Qur᾽an əbədi mö᾽cüzə olduğu üçün, bütün səmavi kitabların və ilahi peyğəmbərlərin həqqaniyyətini təsdiq etmiş və onlara lazımı qiymət vermişdir.


QUR᾽ANIN TƏRCÜMƏSİ VƏ TƏRCÜMƏYƏ LAZIM OLAN ŞƏRTLƏr


Allah-taala həzrət Məhəmmədi (s) bəşəriyyətin haqqa hidayət olması üçün peyğəmbərliyə tə᾽yin etmiş, bu müqəddəs hədəfə nail olması üçün onu bütün din və ayinlərin, cəhalət və nadanlığın üzərində qalib etmişdir. Demək, Qur᾽an insanı əbədi səadətə qovuşdurmaqla, onun kamala çatmasında böyük rol oynayır. Allah-taala tərəfindən insanlara bəxş olunan bu böyük ne᾽mət müəyyən millət və qəbiləyə deyil, bütün bəşəriyyətə şamil olunur. Lakin ilahi hikmət, Qur᾽anın peyğəmbərin yaşadığı qəbilənin danışdığı dildə nazil olmasını tələb edir. Orada bəyan olunan ilahi qanunlar isə, bütün millətlərə eyni dərəcədə şamil olunur. Belə isə hamı Qur᾽anı qəbul etməli və haqqa hidayət olmaq üçün ondan lazımınca bəhrələnməklə əbədi səadətə qovuşmalıdır.

Qur᾽anın ümumbəşəri bir kitab olduğunu nəzərə alaraq, şübhəsiz ki, onun bütün millətlərin dillərinə tərcümə olunması vacibdir. Belə ki, ərəb dili ilə tanışlığı olmayan digər millətlər, bütünlüklə hamıya şamil olan ilahi qanunlardan agah olsun.

Lakin, Qur᾽anı hər hansı bir dilə tərcümə edən şəxs, ilk növbədə həm ərəb dilinin, həm də tərcümə edəcəyi dilin incəliklərinə dərindən yiyələnməlidir. Çünki, Qur᾽an başqa dillərə nə qədər səlis tərcümə olunsa da, e᾽cazkarlıq və zinət bəxş edən bəlağətli bəyan etmə tərzi, ərəb dilində olduğu kimi özünü biruzə verə bilməyəcəkdir. Amma bütün bunlara baxmayaraq, mütərcim, ayələrin bəyan etmə üsulunda istifadə olunan incəlikləri nəzərə almalı və öz tərcüməsində onlardan lazımı qaydada istifadə etməlidir. Ayələrdə istifadə olunan kəlmə və ifadələrin əsl mə᾽nasını hamının başa düşə biləcəyi sadə üsullarla bəyan etməlidir. Bu yalnız o zaman mümkün ola bilər ki, mütərcim ayələrin məzmun və məfhumunu yaxşıca dərk etmiş olsun. Həmçinin, aşağıda qeyd edəcəyimiz üç mühüm məsələyə diqqət yetirsin:

1. Ayənin (və ya ayədəki kəlmələrin) zahiri mə᾽naları ilə tanışlıq;

2. İnsanın sağlam əql (düşüncə) və fitrətinin hökm verdiyi mətləblərə diqqət yetirmək;

3. Qur᾽anın təfsirinə dair Əhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətləri nəzərə almalı və onlardan səmərəli istifadə etməlidir.

Mütərcim bu üç mühüm məsələ ilə yaxından tanış olduqdan sonra, ayələrin əsl mə᾽nasına yol tapmaq üçün onlardan istifadə etməli və nəhayət nəzərdə tutulan mətləbi tərcümə edəcəyi dildə çox sadə ifadələrlə bəyan etməlidir.

Lakin, mö᾽təbər hesab olunmayan bir çox müfəssirlərin irəli sürdükləri nəzəriyyələrə tərcümə zamanı istinad etməməlidir. Əgər tərcüməçi qeyd olunan bu üç məsələyə riayət edərsə, tərcümədə heç bir çatışmamazlıq və nöqsana yol verilməyəcəkdir. Beləliklə hər bir qövm və millət, öz dilinə tərcümə olunmuş Qur᾽anı asanlıqla başa düşəcək, həmçinin onun əsl mahiyyətini də olduğu kimi dərk edəcəkdir. Hər bir mütərcimin yuxarıda qeyd olunan şərtlərdən istifadə etməsi labüd və zəruridir. Çünki, Qur᾽an ümumbəşəri bir kitab olduğu üçün, onun mətni tək ərəb dili ilə tanışlığı olan şəxslərə deyil, hər bir adi insana da bəlli olmalıdır.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin