2.4. Dil
Dil – şifahi, əksər hallarda isə yazılı simvollardan ibarətdir. Adamlar dil vahidlərinin sadə və mürəkkəb mənalarını anlamaqdan ötrü həmin simvolları birləşdirən, birini digərinə bağlayan qaydaları bilməlidir. Mədəniyyətin inkişafı, zənginləşməsi və nəsildən nəslə ötürülməsində dilin rolu əvəzsizdir. Bütün təcrübə və biliklərimizi, mədəni irsimizi məhz dil vasitəsilə nəsillərə ötürürük. Bundan əlavə, dil indini anlamaq, keçmişi hifz etmək və gələcəyi təsəvvür etməyə kömək edir. Ən mürəkkəb plan və proyektləri, ideyaları dilin vasitəsilə formulə edirik. Dil olmasaydı, adamların şüur və ağlı primitiv səviyyədə qalardı.
Bəzi sosioloqlar diqqəti dilin strukturu üzərində cəmləşdirir: müxtəlif dil strukturları necə qurulur, dil elementlərini necə birləşdirmək olar? Məsələn, nitq səslərindən sözlər və sözlərdən mənalı ifadələr və cümlələr necə qurulur? Bu cür təhlil göstərir ki, dilin strukturu mənaların açıqlanmasında son dərəcə önəmli rol oynayır.
Əlbəttə, cümləmizin mənası o zaman anlaşılır ki, həmin cümlə müəyyən qanun və qaydalara tabe olsun. Başqa sözlə, dilin qrammatik və sintaktik qaydalarına riayət edilməlidir. Çox vaxt, sözlər mənalarını əksliklərin strukturlarından alır: “ağ”, “kişi” sözlərinin mənalarını “qara”, “qadın” sözləri ilə müqayisədə anlayırıq. Lakin, sözlər, sadəcə olaraq, predmet və hadisələrin adlarıdır: mənalı ünsiyyətə girmək üçün dilin strukturuna yiyələnmək zəruridir.
Digər sosioloqlar adamların öz sosial fəaliyyətlərini tənzimləmək, qarşılıqlı sosial anlaşmalarını təmin etmək üçün dildən necə istifadə etdiklərini, dilin sosial fəaliyyət proseslərində oynadığı rolu xüsusi vurğulayır. Bu aspektdə bir sıra mühüm nəticələr əldə edilmişdir: sosial kontekstin dəyişməsi ilə nitq forması da dəyişir (və ya dəyişməlidir). Məsələn, ana oğluna bağdakı otları kəsmək üçün birbaşa əmr verə bilər: “Otları kəs!”, lakin ərinə birbaşa əmr verməməli, daha çox nəzakətli nitq forması seçməyi bacarmalıdır, məsələn, “bu gün vaxtın varsa otları kəssən yaxşı olar”. Məhz bu cür nəzakətli nitq forması ailədə eyni statusa malik yaşlılar (ər və arvad) üçün müvafiqdir. Adamlar müxtəlif sosial kontekstlərdə “yeni dildə” necə danışmaq, həmin dilin “mədəni şərtləri”nə necə riayət etmək işində tez-tez yanılırlar. Məsələn, almanlar ingiliscə danışanda daha çox “amiranə”, “hökmran”, hətta “müstəbid” görsənir, çünki alman dilində (ingilis dili ilə müqayisədə) xahiş və şikayətlər daha çox birbaşa əmr və buyuruq formalarında ifadə olunur.
Adamlar hər hansı bir situasiyanı izah edərkən, dilin aspektlərindən istifadə edir. Sosioloqun sözləri ilə desək, onlar dili sosial marker kimi işlədir. Beləliklə, sosial marker ünsiyyətdə olan adamların kimliyini, hansı qrupa mənsubluğunu, konkret situasiyasını necə anladıqlarını göstərən əlamətlərin toplusu, davranış nümunəsidir. Başqa sözlə, fərd və ya qrupun sosial struktura uyğunluğunu müəyyən edir. Məsələn, təsəvvür edin ki, yeni işinizdə bi həftə işləmisiz və sizi kollektivin iclasına dəvət ediblər. İclas haqqında heç bir tədəvvürünüz yoxdur. Təbii ki, həmin iclasa ehtiyatla yanaşır, necə davranacağınızı götür-qoy edirsiniz. Bu “hazırlıq işi” dil örnəklərini də əhatə edəcəkdir: iclas iştirakçılarının dili rəsmi yoxsa qeyri-rəsmidir? Çıxışların formatı (kim birinci və neçə dəqiqə danışacaq?), qarşılıqlı fəaliyyət daha çox rəsmi, yoxsa adi fəaliyyət olacaq? və s. Nitq tələffüzü, sözlərin seçilməsi, səs tonu, qrammatika və s. amillər sizi iclasdakı adamların statusuna yaxınlaşdıracaq, vəziyyətin sabitləşməsinə yardım edəcək. Səlahiyyətli şəxs daha çox inamla və qətiyyətlə danışır. Tabelikdə olan şəxs isə nitqində və danışıq üslubunda “modallığa”, “ehtiyatkarlığa” və s. meyl edir (“mənə elə gəlir ki, ...” və s.).
Sosioloq, bu cür nitq örnəklərinə görə adamları bu və ya digər kateqoriyaya daxil edir. Beləliklə, fərdlərin sosial müəyyənliyini işlətdikləri dil örnəklərinə görə təyin etmək mümkün olur.
2.5. Bilik
Bilik adamların zaman-zaman əldə etdikləri faktların, inamların və praktik bacarıq və vərdişlərin toplusudur. Bilik qismən prosedur xarakterli məlumatlardan (məsələn, maşını necə idarə etmək, komputerdən necə istifadə etmək qaydalarından) ibarətdir. Predmet və hadisələr haqqında biliklərimizi həmişə yoxlaya və ya sınaqdan keçirməsək də, onları “həqiqətlər” kimi qəbul edirik. Belə həqiqətlərdən biri, məsələn, atom enerjisindən cəmiyyətdə dinc məqsədlər üçün istifadə edilməsidir. “Mikrob – xəstəliyin səbəbidir”, bu da bir həqiqətdir. Lakin, birinin “həqiqi” biliyi başqa birisinin “sadəcə” inamı ola bilər. Dünyanın yaranması haqda dini hekəyatlərə, insanın mənşəyi haqqında təkamül nəzəriyyəsinə insanlar inanır. Bu növdən olan biliklər və inamlar mədəniyyətimizin və elmi irsimizin tərkib hissəsidir.
Müasir cəmiyyətimizdə biliklərin inkişafı və toplanması fantastik dərəcədə sürətlə gedir. Faktların yığılması və saxlanması müasir metodlara əsaslanmasaydı, elmi biliklərin kəmiyyəti son dərəcə məhdud olardı. Müasir kitablar, mikrofilmlər, maqnitafon, komputer diskləri və s. vasitələr son dərəcə geniş məlumatları uzun müddət yaddaşımızda saxlamağa imkan verir. Müxtəlif ərazilərdə, ölkələrdə yaşayan adamlar həmin məlumatları almaq imkanı əldə edir. Bəzi sosioloqların fikrincə, bu cür toplanmış biliklər üzərində nəzarət, müasir informasiya cəmiyyətimiz üçün son dərəcə əhəmiyyətli və mərkəzi bir problemdir.
Lakin, bütün bilikləri məlumat şəklində yazmaq, formula etmək və s. mümkün deyildir. Praktik biliklərin çoxu “izahatsız” keçinir. Misal olaraq, üzməyi, maşın sürməyi, basketbol oynamağı və s. göstərmək olar. Belə hallarda fizikanı və ya əzələ haqqında nəzəriyyəni bilməyə ehtiyac yoxdur. Ən əla oyunçu və ya üzgüçü etdiklərini başqalarına alnatmaqda çətinlik çəkir. Beləliklə, sosial həyatımızın müxtəlif sahələrində nəzəri biliklə yanaşı praktik bilikləırin əhəmiyyəti son dərəcə böyükdür.
3. Mədəni İnteqrasiya, Mədəni Müxtəliflik və Submədəniyyətlər
Mədəni assimilyasiyanın nəticəsi mədəni inteqrasiyadır. Axırıncı termin ayrı-ayrı hissələrin üzvü vəhdətindən ibarət olan mədəniyyət sisteminin funksional inteqrasiya dərəcəsini göstərir.
Digər səviyyələrdə, mədəniyyətin elementləri cəmiyyətin müxtəlif aspektləri ilə, məsələn, sosial struktur və hakimiyyət münasibətləri iləı funksional cəhətdən sıx-sıx bağlı olur. Mədəniyyəti daha çox inteqrasiya olunmuş cəmiyyətin düşüncə və fəaliyyət tərzində ziddiyyətlər də az olur. Belə cəmiyyətin dini, iqtisadiyyatı, ailə-məişət həyatı bütövləşmiş cəmiyyətin ayrılmaz hissələridir. Sadəcə, mövcud adət-ənənələrə riayət etməklə, adamlar münaqişələri minimum həddə endirə bilər. Lakin, antropoloq R. Linton sübut etmişdir ki, yüksək dərəcədə inteqrasiya olunmuş cəmiyyətin özü çox zəifdir.
Adət-ənənələr, inamlar, dəyərlər və texnologiya qarşılıqlı surətdə biri-digərindən asılıdır: bir sahədə baş verən dəyişiklik nəinki digər sahələrə təsir göstərir, hətta bütöv sistemi (cəmiyyəti) tarazlıqdan çıxara bilər. Məsələn, Avropa missionerləri Madaqaskarın yerli əhalisini xristianlığa çevirəndə, oğurluq adi bir hala çevrilmişdi. Evlərin, kəndlərin qayğısına qalmaq əhəmiyyətsiz bir şey oldu. Bunun səbəbi, Lintonun fikrincə, yeni qəbul olunmuş Avropa dəyərlərinin oğruluğa, quldurluğa qarşı əski Madaqaskar qadağalarını əvəz etməsində idi. Linton yazır: “Cəhənnəm və polis qorxusu hər şeyi bilən və törədilən bəd əməlləri yer üzündə ciddi cəzalandıran və axirət aləmində pis adamları dədə-baba yurdundan çıxaran uluların ruhu qarşısında qorxu hissini əvəz edən yoxsul anlayışlar idi”.
Eyni ilə, metalın tətbiqi Avstraliyanın yüksək dərəcədə inteqrasiya olunmuş Daş Dövrü mədəniyyətini tədricən dağıtdı. Keçmiş SSRİ dağılandan sonra, Azərbaycanda yetərincə inteqrasiya olunmuş şəhər mədəniyyəti tədricən dağıldı. Misalları bir qədər açıqlayaq. Avropalılar üçün polad baltalar sadəcə alət idi və texniki cəhətdən daş alətlərlə müqayisədə üstünlüklərə malik idi. Avstraliya aborigenləri üçün isə balta sadəcə bir alət deyildi: ailə, qəbilə və tayfalar arasında münasibətlər əsrlərin sınağından keçmiş daş işlərinin formal-ənənəvi, “seremonial” mübadiləsinə əsaslanırdı. Beləliklə, daş alətlərdən metaldan düzəldilmiş alətlərə keçid yerli aborigenlərin nümunəvi mübadilə formasını əhəmiyyətsiz etmişdir. Müasir cəmiyyətlərin əksəriyyəti müxtəlif irq və etnosların nümayəndələrindən ibarətdir. Son dərəcə iri və müxtəlif elementlərdən ibarət müasir cəmiyyətlər ənənəvi cəmiyyətlə müqayisədə, çox zəif inteqrasiya olunmuşdur. Məsələn, Amerika cəmiyyətinin inteqrasiya dərəcəsi yapon cəmiyyəti ilə müqayisədə zəifdir. Mütəxəssislər bunu belə izah edir ki, yapon cəmiyyəti minillər boyu qapalı bir cəmiyyət olmuşdur. Bütün dünyü ilə iqtisadi əlaqələri olsa da, yapon cəmiyyəti ənənələrini qoruyub saxlamır, hər vəchlə, immiqrasiyanın qarşısını almağa çalışır. İngiltərə cəmiyyətinin mədəni inteqrasiya səviyyəsi ortadadır. Yaponiya ilə müqayisədə İngiltərədə mədəni müxtəliflik yüksəkdir. Lakin, Amerika ilə müqayisədə İngiltərə cəmiyyətində immiqrasiyanın miqyası nisbətən kiçik olduğundan, İngiltərədə mədəni müxtəliflik Amerikaya nisbətən zəifdir. Əlbəttə, immiqrasiya müxtəlifliyin yeganə mənbəyi deyildir. Həmçinin, eyni etnik mənsubiyyətli adamlar müxtəlif həyat tərzlərini seçə bilər. müxtəlifliyə baxmayaraq, bir sıra ümumi dəyərlər, inam və etiqadlar adamları birləşdirə bilər. Deməli, mədəni inteqrasiyada həmişə dərəcə (sıxlıq) problemi vardır. Belə ki, mədəni inteqrasiya hər hansı bir cəmiyyətin tarix boyunca nə dərəcədə müstəlif və yaxud homogen olmağından asılıdır.
Yüksək dərəcədə heterogen bə zəif inteqrasiya olunmuş mədəniyyət daxili ziddiyyətlərə malikdir. Şəxsiyyətlər kimi, mədəniyyət də münaqişə elementləri və məntiqi qeyri-ardıcıllığı ilə səciyyəvidir. Sonucu deyə bilərik ki, müxtəlif mədəni inteqrasiyanı zəiflədə və ya azalda bilər, həmçinin, yaradıcılıq və seçmə azadlığının mənbəyi ola bilər.
Marger Martin “İrq və Etnik Münasibətlər: Amerika və Qlobal Perspektivlər” əsərində cəmiyyətdəki mədəni müxtəlifliyin iki əsas səbəbini göstərir: birincisi – “mədəni azlıqlar” dominant mədəniyyət tərəfindən assimilyasiya olunmaq istəmir: cəmiyyətdə qərarlaşmış dəyərlər, normalar, ənənələr və dünyagörüşü sistemini rədd edir. Əvəzində, öz inam və etiqadlarını, adət-ənənələrini və mədəni müəyyənliyini (identikliyini) müdafiə edir. Məsələn, inkişaf etmiş Qərb və Amerika cəmiyyətlərində “mədəni azlıqlar” (və ya etnik azlıqlar) öz “qrup sərhədlərini” (bu termin Barta məxsusdur) saxlamaqla siyasi və iqtisadi həyatda sərbəst iştirak etmək təminatı alır. Həmin ölkələrin qanunvericilik orqanları, sosial siyasəti azlıqları diskriminasiyadan müdafiə edir.
İkincisi – əksər hallarda mədəni müxtəliflik davam edir, çünki cəmiyyətin dominant qrupları öz hakimiyyət və imtiyazlarını müdafiə etmək məqsədilə azlıqları ayırmağa və bərabərsizlik vəziyyətində saxlamağa çalışır. Məsələn, Cənubi Afrika hökumətinin aparteyid siyasəti uzun illər çoxluq təşkil edən qaraların hüquqlarını pozmuşdur. Əksər hallarda isə, nəticə - cəmiyyətdə abnklavlar təşkil edən mədəni azlıqların siyasi və iqtisadi həyatda bərabər surətdə iştirakını danmaqdan və ya məhdudlaşdırmaqdan ibarət olmuşdur. bu cür hallar daha çox Asiya, Afrika və Yaxın-Orta Şərq ölkələrində qeydə alınmışdır. Mütəxəssislər müxtəlif səbəblər içində Asiya və Afrika ölkələrində demokratiya və hüquqi dövlət sisteminin, siyasi mədəniyyətin aşağı səviyyədə olmağını vurğulayır. Əlbəttə, çox vaxt yuxarıda göstərilən hər iki səbəb mədəni müxtəliflik kontekstində yanaşı mövcud olur: dominant mədəniyyətin üzvləri assimilyasiya imkanlarını məhdudlaşdırır, lakin, eyni zamanda, mədəni azlıqların üzvləri fərqli müəyyənliyini (identikliyini) hifz etməkdən ötrü tam assimilyasiyanın əleyhinədir.
Mədəni azlıqların ümumi bölüşdükləri və dominant mədəniyyətdən özlərini fərqləndirməkdən ötrü istifadə etdikləri fərqli normalar, dəyərlər, bilik, dil və simvolların məcmusuna sub-mədəniyyət deyilir. Sub-mədəniyyətin mövcudluğu, müəyyən dərəcədə, adamların submədəni qrupla identifikasiyası (eyniləşdirilməsi) çox vacibdir (onların digər indentifikasiya formaları da ola bilər). Həmçinin, bilavasitə və dolayısı ünsiyyətin olmağı vacib şərtlərdən biridir. Bu baxımdan sub-mədəniyyətlər simvolik qarşılıqlı fəalyyətin (interaksiyanın) məhsuludur.
Mədəniyyətin quruluşunu onda müxtəlif submədəniyyətlərin olması baxımından nəzərdən keçirmək olar. Submədəniyyətlər hakim mədəniyyətin tərkib hissələri olub, öz normativ quruluşu, dəyərləri, ənənələri ilə bütövlükdə mövcud mədəniyyətdən fərqlənirlər. Onlar sosial birliklərlə - mədəniyyətin daşıyıcıları ilə sıx bağlıdır. Bu halda şəhər və kənd submədəniyyətini, habelə silklərin, təbəqə və siniflərin submədəniyyətini ayırd edirlər (məsələn, mühüm əlamətlərə görə Qərbi Avropada cəngavər mədəniyyəti, sonra zadəgan mədəniyyəti, daha sonar isə burjua mədəniyyəti ayırd edilmişdir). Keçmişdə əkinçi xalqların kəndli mədəniyyəti üçün spesifik həyat tərzi, xüsusi təsərrüfat formaları və əmək ritmi, habelə bədii praktikanın folklor növləri (miflər, nağıllar, atalar sözləri, incəsənətin tətbiqi növləri və s.) səciyyəvi olmuşdur. Hazırda Asiyanın, Cənubi Amerikanın, Afrikanın bir sıra ölkələrində həmin mədəniyyət qalmaqdadır.
Lakin müasir cəmiyyətdə sosial meyarlara görə ayırd edilən bir sıra submədəniyyətlər inkişaf etməkdədir. Məsələn, tədqiqatçılar elitar mədəniyyəti - cəmiyyətin imtiyazlı qruplarının submədəniyyətini, yoxsulluq mədəniyyətini - ən yoxsul qrupların elitar mədəniyyətə əks qütbdə inkişaf edən mədəniyyətini, gənclər submədəniyyətini - müasir şəhər mühitində formalaşan və gəncləri əhatə edən mədəniyyəti, etnik-milli submədəniyyətləri (xüsusən milli-etnik tərkibi rəngarəng olan ölkələrdə), habelə ərazi (regional) submədəniyyətlərini ayırd edirlər.
Qarşılıqlı təsir və fəaliyyət prosesində sub-mədəniyyətlərin üzvləri yalnız öz qrupları ilə deyil, həmçinin, dominant mədəniyyətlə eyniləşir (dominant mədəniyyət burada kəmiyyət çoxluğu baxımından deyil, reak hakimiyyət və təsirə malik qrupu bildirir). Məsələn, ateistlərə görə - din, Afrikalı-Amerikalılara görə -Qərbi Avropanın ağ adamları, işsiz və evsizin gözündə - orta sinif və əla maddi imkanlara malik adamların mədəniyyəti dominantdır. Azərbaycanda dominant mədəniyyət klan və ya tayfa üzvlərinə, regional dəstəyə, qan qohumluğu əlaqələri olan qruplara, dövlət və hökumət məmurlarına və s. aiddir. Burada etnik mənsubiyyət və yaxud dini müəyyənlik sadəcə olaraq ideoloji və partiya texnologiyasıdır: kasıblıq həddindən aşağı yaşayanların içində müxtəlif etnosların nümayəndələri mövcuddur. Bu çox aktual bir məsələdir, çünki cəmiyyətimizdə mövcud ədalətsizliyin səbəblərini açıqlamağa imkan verir: etnos, din, region və s. kimi, nə demokratiya, nə də ki, bazar münasibətləri kasıbçılıq “istehsal etmir”. Əsl istehsalçılar pərdə arxasında gizlənmiş dövlət və hökumət məmurlarımız, onlarla yanaşı möhtəkirlərimiz, rüşvətxorlarımız və s. və .i.
Beləliklə, dominant mədəniyyət müxtəlif elementlərin qarışığından ibarət ola bildiyi kim, “xalis” və ya “təmiz” etnik elementdən də təşkil oluna bilər. Bu səbəbdən, etnik sub-mədəniyyətlər sosiologiyada xüsusi maraq doğurur. Amerikada etniklik submədəni identifikasiyanın - əsas mənbələrindən biridir. Çinli, yəhudu, afrikalı, ispan – amerikalıların hamısı özlərinin fərqli adət-ənənələrinə, dilinə, inamına və dəyərlərə malik olduqlarını və mədəniyyətlərinin dominant mədəniyyətdən müxtəlif cəhətdən fərqləndiyini düşünürlər. Məsələn, ispan əsilli amerikalılar 1990-cı ilin hesablamalarına görə, Amerika əhalisinin 9%-ini təşkil etmişdir. İspan termini yalnız bir xalqa aid deyil, Qərb Yarımkürəsinin ispandilli hissələrindən Amerikaya müxtəlif zamanlarda köçmuş müxtəlif qruplara aiddir. Belə ki, bəzi qruplar 1848-ci il Meksika-Amerika müharibəsindən, yəni ABŞ-ın həmin əraziləri işğal etməzdən xeyli əvvəl 1500-cü illərdə ölkənin Cənub-Qərbindən məskunlaşmış ispanlardan törəmişdi. Digər qrup – Meksikadan köçmuş immiqrant fermerlərdir. Daha bir qrup – siyasi təqib və ya iqtisadi kasıblığı güclü hiss etmir, sadəcə, özləri və övladları üçün daha yaxşı həyat qurmağa çalışır. Onların mədəni kökləri Meksika, Kuba, Puerto-Riko, Mərkəzi və Cənubi Amerika ilə bağlıdır. Lakin, bu müxtəlif mədəniyyətləri İngilis-Amerika mədəniyyəti ilə qovuşduran ümumi cəhətlər də çoxdur. Qeyd etmək lazımdır ki, etnik və dini qruplar sub-mədəniyyətlərin yeganə mənbəyi deyildir. Peşə, sosial-iqtisadi, yaş, cins və s. qruplar submədəniyyətdə fəal iştirak edir. Məsələn, cavablar müsiqi sub-mədəniyyətinin yaranmasında daha fəal çalışır. Eyni ilə, tibb sahəsində çalışanlar ümumi təcrübə, məqsəd və problemləri bölüşür. Sub-mədəniyyətlər o zaman yaranır ki, adamların bir qismi müəyyən şəraitdə dünyadan təcrid olunur. Təcrid olunma ya fiziki (həbsdə əskərlərin vəziyyəti, ya bir məhəllədə, mikrorayonda, kvartalda yaşayan kasıbların), ya da mental (davranış ya da düşüncə tərzinə görə) olur. Gərginlik, çox zaman, sub-mədəniyyətlərin dominant mədəniyyətin norma və prinsiplərini rədd etdiyi üçün meydana gəlir. Dominant qrup sub-mədəniyyətləri deviant mədəniyyət, yəni dominant norma və dəyərlərdən sapınmış qruplar adlandırır. Misal olaraq, narkomanlar, homoseksual və cinayətkar qrupların sub-mədəniyyətlərini göstərmək olar. Qeyd etmək lazımdır ki, bu qruplar öz növbəsində heç də özlərini deviant hesab etmir, sadəcə, dominant mədəniyyətdən kənarda mövcuddur.
Bəzən, sub-mədəniyyətlər dominant mədəniyyətdən fərqlənmək üçün yox, şüurlu surətdə dominant mədəniyyətin norma və dəyərlərinə qarşı yönəlmiş olur. Sosial elmlərdə bu hadisə kontur-mədəniyyətlər, yəni dominant mədəniyyətin aksi adlanır. Məsələn, İslamda – Sufizm, Hinduizmdə - Krişnaizm, Qərbdə və Amerikada nasist qrupları kontur-mədəniyyətə şamil edilir. Lakin, kontur-mədəniyyətlər dominant mədəniyyəti dəyişdirə bilən yeganə vasitə deyildir. Məsələn, Tako və Pitsa Amerika mədəniyyətinə etnik azlıqların mədəniyyətindən daxil olmuşdur. Bu gün, Azərbaycan “mətbəx mədəniyyətinə” türk dönəri ilə yanaşı, Koko-kola, viski, pitsa və s. daxil olmaqdadır. Müasir musiqi mədəniyyətimiz Avropa estrada elementlərini klassik muğam müsiqimizlə məharətlə sintez edir. Deməli, sub-mədəniyyətlər dominant mədəniyyəti “sülh yolu” ilə dəyişdirməyə qadirdir. Ekstremizm, terror, radikalizm, zorakılıq, dözümsüzlük kimi neqativ, mahiyyətcə ifrat, davranış normaları heç vaxt problemin yeganə həlli ola bilmə.
Müasir açıq və demokratik, plyuralist cəmiyyətlər sub və kontr mədəniyyətlərə qarşı dözümlülkü göstərməlidir. Dominant qruplar onları tapdalayırsa, deməli insan haqları və azadlıqlarını – demokratiyanın fundamental prinsipini pozmuş olur.
4. Etnosentrizm və Mədəni Relyativizm (nisbilik)
Tez-tez dominant mədəniyyətin üzvləri sub-mədəniyyətlərə şübhə ilə yanaşır. Bu səbəbdən, onlara qarşı qərəzli mövqe tutmağa, onları təcrid və ya assimilyasiya etməyə çalışırlar. Hətta sub-mədəniyyətləri cəmiyyətin gözündən salmaq məqsədi ilə təbliğat maşınını işə salır, ləyaqətinə toxunan söyləmələr, anekdot və rəvayətlər düzəldirlər. 1990-92-ci illərdə Azərbaycanda azsaylı etnoslara qarşı bu metoddan gen-bol istifadə edilirdi. Əksər ingilis amerikalılar ispanların ailə qarşısında borc və vəzifələrini, geniş loyallığını fərdi azadlığın həyata keçməsi yolunda ciddi maneə kimi qiymətləndirir. İspanlar isə, əksinə, təcrid olunmuş anqlo-amerika ailələrini geniş qohum-əqraba əlaqələrindən, onlara qarşı olan hörmət və məhəbbətdən məhrum edən “tənha institu” adlandırır. Beləlik, öz mədəni nümunələrini “yaxşı”, “doğru”, özgə mədəniyyətləri isə “qəribə”, “əxlaqsız” və buna bənzər meyllər etnosentrizm adlanır.
Avropalıların qara Afrika ilə ilk əlaqələri etnosentrizmin mənşəyini öyrənmək baxımından zəngin material verir. 15-16-cı əsrlərin kitab, jurnal, gəzetləırində avropalı tacirlər və missionerlər qaraları “vəhşi”, “əcayib”, “insest” kimi təsvir edirdi. Afrikalılar xristian olmadığından “bütpərəst”, qanunları Avropa qanunlarına bənzəmədiyindən – “qanunsuz”, nigah və ailə quruluşu Avropadan fərqli olduğu üçün – “vəhşi” və “barbar” adlanırdı. Avropalılar afrikalılara sonsuz nifrət bəsləyirdi: Avropa etnosentrizmi böyük Afrika çarlıqlarını, məsələn, Qanado Sonniki sülaləsinin (eramızın II əsri) əldə etdiyi mədəni nailiyyətləri heçə endirdi. Bir tipik Avropa nümunəsini burada göstərmək yerinə düşərdi: “Onların (afrikalıların) əksəriyyəti... tamamilə vəhşidir və vəhşi heyvana məxsus təbiətini nüyamiş etdirirlər...bir-birinə münasibətlərində, mümkün qədər, insana məxsus xeyirxahlıqdan xeyli uzaqdırlar, çox kobud və kəsici səslə danışır, bəşəriyyətin yerdə qalan hissəsinə məxsus sivil həyat təcrübələrinin heç birisini inkişaf etdirmir, bizim (avropalıların) adət-ənənələrimizin işığında onların təqdim etdikləri hər şey kökündən ziddiyyətlidir. Göründüyü kimi, bu sitat afrikalıların davranışından daha çox avropalıların qərəzli mövqeyindən xəbər verir. Avropalılar öz adət-ənənələrini, inam və dəyərlərini, bütövlükdə, mədəni normalarını “bəşər təbiətinin” ayrılmaz tərkib hissəsi hesab edir. Həm də, bəşəriyyət üçün yeganə məqbul və pozitiv bir mədəniyyət olmağını xüsusi vurğulayır. Başqa sözlə, Avropa mədəniyyəti cəmiyyətin təşkilinin universal modeli, sosial tərəqqinin yeganə forması kimi təqdim edilir. Zənnimizcə, Avropa mədəni modelinin öncüllüyü, liderliyi, yüksək tərəqqi örnəyi olmağı şübhəsizdir. Bunu müasir sosial inkişaf prosesi özü də təsdiqləyir. Avropa mədəniyyətinin mayası – demokratiya, insan haqlarına və azadlıqlarına ehtiram, vətəndaş hüquqlarına hörmət, qanunların aliliyi və s. humanist paradiqmalardan ibarətdir. Bu baxımdan, Qərb mədəniyyətinin Asiya, Afrika, Şərqlə müqayisədə üstünlüyü danılmaz faktdır. Buraya müasir elm və texnologiyanın yüksək inkişafını da əlavə etmək lazımdır. Bu nöqteyi-nəzərdən, Avropa etnosentrizmi Avropa inkişaf dialektikasının pozitiv müqəddəm şərtlərindən biridir, zira həmin etnosentrizm Avropa cəmiyyətində qrup həmrəyliyi və loyallığı, əxlaqın təkmilləşməsinə, komformizmin həvəsləndirilməsinə, millətçilik və vətənpərvərliyin inkişafı üçün güclü stimul yaradır.
Mənfi cəhət isə ondan ibarətdir ki, etnosentrik sentimentlər “kənardakılara” qarşı ədavət və düşmənçiliyi artırır, qruplar arasında münaqişələrin inkişafına zəmin hazırlayır, irqçilik törədir və sosial dəyişikliklərə qarşı müqaviməti intensivləşdirir.
Beləlik, etnosentrizmin qruplar arasında birlik və stabilliyin mənbəyi olmağına baxmayaraq, o, həm də, qruplar arasında anlaşılmazlığınvə parçalanmağın mənbəyidir.
Sosial elm sahəsində çalışan alimlər əksəri etnosentrizmi tənqid edir. Çıxış yolunu hər bir mədəniyyətiə konkret yanaşma metod və metodikasında görür: hər bir mədəniyyəti tam anlamaq üçün həmin mədəniyyətin öz xüsusi anlayış və terminlərini, inkişaf etdiyi sosial mühiti, mədəniyyətin daşıyıcılarına sosial qüvvələrin göstərdiyi təsirləri, mədəniyyəti yaradan və ondan bəhrələnən adamların psixologiyasını mütləq nəzərə almaq lazımdır.
Bu konsepsiya – mədəni relyativizm adlanır. Mədəni relyativizmə görə, mədəniyyətin bu və ya digər elementi konkret zaman, məkan və şərait daxilində məna kəsb edir. Bu şəraitdən kənarda mədəniyyətin elementləri təhrif oluna bilər. Məsələn, qərblilərin nəzərində hindlilərin inəyi kəsməyi və ətini yeməyi qadağan etməsi (xüsusilə, Hindistanda çoxlarının aclıqdan korluq çəkdiyini nəzərə alsaq) absurd görünür. Qərblilərin bu cür münasibəti inəyin hindlilər üçün dini mənasını nəinki inkar edir, hətta inəyə göstərilən ehtiramın hind həyatının digər asperktləri və maddi mənfəətlə bağlı funksional inteqrasiyasını heçə endirir. Əslində, “canlı inək ya öküz” hindlinin həyatına daha çox xeyir verir: insanın yemədiyi qidalarla qidalanır. Öküz, xışı çəkir, yeri şumlayır, meşədən odun daşıyır, və s. İnək sud, süzmə, qatıq, pendir və s. verir. Mal peyini – qübrə və yanacaq üçün əlverişlidir. Deməli, hind sosial kontekstində “inəyin müqəddəsliyi” xüsusi məna kəsb etdiyi halda, qərbli üçün – sadəcə “absurddur”. Başqa bir misal. Ərəb-müsəlman muğamlarını dinləyən avropalılar özlərini gülməkdən güclə saxlayır. Hətta, avropalı professor muğamın “canını” (mədəni kontekstini) axıradək “dərk etmir”. Muğamı anlamaq azdır, onu yaşamaq isə “cəbrdir”. Ağ amerikalının gözündə mürəkkəb çin etiketləri gülünc görünür və s.
Deməli, mədəni relyativizm bir metodologiya olaraq fərqli mədəniyyətləri anlamaq və öyrənmək üçün önəmlidir. Lakin, mədəni-relyativizm yalnız anlamaq üçündür, bəyənmək və ya bəyənməmək həmin anlayışın məzmununa daxil deyildir. Elə bu səbəbdən, özgə mədəniyyəti anlamağımızı həmin mədəniyyəti necə qiymətləndirməyimizdən fərqləndirməyi bacarmalıyıq. Digər tərəfdən, mədəni relyativizm və etnosentrizm arasında gərginlik mədəni assimilyasiya və mədəni müxtəliflik arasında gərginliklə çox bağlıdır. Belə ki, mədəni relyativizm müxtəlif sub-mədəniyyətlərə qarşı dözümlülük (tolerantlıq) göstərməklə, mədəni müxtəliflik üçün zəmin hazırlayır. Öz növbəsində, etnosentrizm dominant qrupları öz norma və dəyərlərini başqalarına qəbul etdirməyə həvəsləndirməklə mədəni assimilyasiyanın inkişafına təkan verir.
Əlbəttə, əgər qruplar arasında əlaqələr minimuma enərsə, etnosentrizm assimilyasiya ilə deyil, ayrışma (separasiya) ilə nəticələnə bilər. Assimilyasiya və müxtəliflik, mədəni relyativizm və etnosentrizm arasında gərginliyin həlli “ortaq bir məxrəcin” tapılmasını tələb edir. Mədəni cəhətdən çox az heterogen cəmiyyət tapılır ki, bütün submədəni fərqlərə qarşı ya tam etnosentrik, yaxud tam tolerant mövqedə dursun. Müxtəlifliyə qarşı dözümlülük kifayət dərəcədə mədəni inteqrasiya üçün zəmin yaradan ümumi mədəni elementlərlə (hamının bölüşdüyü mədəni norma və dəyərlərlə) yanaşı mövcud olmalıdır.
Dostları ilə paylaş: |