Müəllim: Elgün Məhəmmədəli oğlu Aslanov Azərbaycan Dövlət Aqrar Universiteti Ictimai elmlər və multikulturalizm kafedrası


Azərbaycan Respublikasınınin multikulturalizm siyasəti və ölkənin



Yüklə 1,44 Mb.
səhifə8/13
tarix27.04.2018
ölçüsü1,44 Mb.
#49270
1   ...   5   6   7   8   9   10   11   12   13

Azərbaycan Respublikasınınin multikulturalizm siyasəti və ölkənin

sosial- iqtisadi inkişaf

Plan

  1. Siyasətlə iqtisadiyyatın qarşılıqlı münasibəti konsepsiyası.

  2. tolerantlıq durumunun onun sosial- iqtisadi inkişafına təsiri.

  3. Dövlətin sosial- iqtisadi inkişafı cəmiyyətdə multikultural, tolerant əhval -ruhiyyənin bərqərar olmasının mühüm səbəbi kimi.


Ədəbiyyat:

1.http://www.gumilev-center.az/az-rbaycanda-milli-v-dini-azliqlarin-sosial-m-d-ni-inkisafi/

2.http://www.azadinform.az/news/a-43973.html

3. http://www.anl.az/el/a/ariobkmqt.pdf

4.“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci lllər)” Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Sərəncamı,

5.“Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2005-ci il tarixli Sərəncamı,

6.“Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2006-cı il tarixli Sərəncamı,

7.“Azərbaycan Respublikası regionlarının, o cümlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2005-ci il tarixli Sərəncamı,

8.Mehdiyev R.Ə. Gələcəyin strategiyasını müəyyənləşdirərkən : modernləşmə xətti. Bakı, 2008

9.Wilson G. Ilham. Portrait of a President. London, Media Prima, 2011, pp. 417-432

10. http://files.preslib.az/projects/republic/az/azr2_4.pdf

11. http://www.president.az/articles/12149

Azərbaycan çoxmillətli ölkədir, müxtəlif millətlərin və xalqların qarşılıqlı anlaşma şəraitində yaşadığı və fəaliyyət göstərdiyi dövlətdir.Müasir müstəqil Azərbaycan dövləti və onun yaradıcısı Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkəmizdə yaşayan azsaylı xalqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə diqqətlə yanaşdı, qayğı göstərdi. Belə ki, 1993-cü ildən etibarən keçmiş ittifaq respublikalarından fərqli olaraq Azərbaycanda vəziyyət tamamən fərqli istiqamətdə inkişaf etməyə başladı. Bu proses Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların və etnik azlıqların ictimai-siyasi, sosial-mədəni inkişafına stimul verdi. 

Müstəqilliyin ilk günlərindən başlayaraq Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər olan zaman kəsiyində Azərbaycanda milli azlıqlarla bağlı yetərli iş görülmürdü. 1993-cü ildən sonra isə milli məsələlərdə irəliyə doğru dönüş yarandı. Hidayət Orucov “Heydər Əliyev və Azərbaycanda milli siyasət” (Bakı, 2001) kitabında yazır: “1993-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrildi”.

Tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərin həlli artıq Kremlin barmaq silkələməsinə görə deyildi. Ölkəmizin müstəqillik illərində keçdiyi inkişaf yolu, o cümlədən müstəqilliyin ilk illərində vətəndaş müharibəsi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, Ermənistanın işğalı və sair çoxsaylı problemlərlə üz-üzə qalan Azərbaycan ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində bütün çətinlikləri qısa müddətdə arxada qoydu və hərtərəfli inkişafa başladı .1994-cü ildən sonra bu siyasət Prezident Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilirdi. Heydər  Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin və s. qorunub saxlanmasına,  inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olundular. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitablarının, qəzetlərinin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfesiyaların sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi.

Heydər Əliyev milli məsələlərlə bağlı fəaliyyətində beynəlmiləlçilik ruhunu və milli azlıqlara diqqəti müdafiə edirdi. Məhz buna görə də Azərbaycanda etnomühit bütün dövrlərdə sabit olub. Bu istər yuxarıların, istərsə də aşağıların biri-digərinə olan münasibətinin birmənalı olaraq davam etməsinin göstəricisidir. Yəni topluma daxil olan həm türkə, həm də qeyri-türkə ictimai mühitdə yanaşma tərzi eyni olub, etniklə, qeyri-etnik arasında fərq qoyulmayıb.

Akademik Ramiz Mehdiyev “XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” məqaləsində  (25.06.2012) yazır:  “Polietnik cəmiyyətdə vətəndaş millətçiliyi daxili birliyə malik olmuş Azərbaycan cəmiyyətinin ətraf mühiti qavraması üsuludur. Mədəni və etnik birliyə nail olmayan dövlət tolerantlıq olmadan sabitliyini təmin edə və normal inkişaf edə bilməz...” 

1995-ci ildə bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Azərbaycan Konstitusiyası da mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Konstitusiyanın 25-ci maddəsinə əsasən, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın 44-cü maddəsinə əsasən, “hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. 

Heydər Əliyevin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsi idi. Bu məqsədlə, az sonralar, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərdi. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradıldı.

Heydər Əliyevin milli azlıqlara qarşı münasibəti təkcə rəsmi sənədlər və görüşlərlə təsdiq olunmur. Ümummilli lider milli azlıqların yaşadığı bölgələrə səfərlər edir, onlarla görüşlər keçirirdi. Qəbələ rayonunda yaşayan azsaylı udin xalqının nümayəndələri ümummilli liderlə görüşlərini belə xatırlayırlar: “Tanrı özü dualarımızı eşidərək Heydər Əliyevi bizə göndərmişdir. İndi biz özümüzü azad və sərbəst hiss edirik”. 

Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində deyirdi: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar…” Və yaxud da ümummilli lider milli azlıqlarla keçirdiyi görüşləri belə xarakterizə edirdi: “…Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşüdür…”  

Göründüyü kimi, Heydər Əliyevə  həm Azərbaycanda normal həyatı bərqərar etmək, sosial-iqtisadi inkişafı təmin etmək, həm də millətlərarası sülhə nail olmaq, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Buna görə də xalq ona Dahi Beynəlmiləlçi, müsəlman dünyasının lideri, “Qafqazın Atası” adını verdi.  

Bu gün də ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın da artmasına şərait yaradır. İnsan hüquqlarının müdafiəsi, müxtəlif etnos və etnik qrupların saxlanılması yalnız sosial - mədəni deyil, həmçinin siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir.

Qeyd etmək lazımdır ki,əsrlər boyu Azərbaycanda bütün xalqlara və milli azlıqlara tolerant münasibət bəslənir. Tarixən ölkəmizdə müxtəlif millətlərin nümayəndələri dinc yaşayır və bu ənənə indi də uğurla davam etdirilir və nümunəvi xarakter daşıyır. Milli azlıqlar üçün ölkəmizdə reallaşdırılan layihələr xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi üçün ardıcıl siyasət həyata keçirir.

Bu gün ölkəmiz müstəqil siyasət yürüdür, xalqla iqtidarın birliyinə nail olunmuşdur.Azərbaycanın dövlət siyasətində insan amili başlıca yer tutur.Respublikamızda əhalinin güzəranı durmadan yaxşılaşır, qısa müddətdə yoxsulluq 49 faizdən 11 faizə enib və böyük miqdarda yeni iş yerləri yaradılıb. Məqsədyönlü siyasət nəticəsində ölkəmizin paytaxtı, eləcə də regionlar tanınmaz dərəcədə dəyişib və müasirləşib. Ölkə prezidentinin də qeyd etdiyi kimi bu gün Azərbaycanın regionda lider dövlətə çevrilib. Dünyada qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə də ölkəmizdə bütün sahələrdə inkişaf təmin olunur. Azərbaycan son illərdə sıçrayışlı sosial-iqtisadi inkişafa nail olmuşdur və hazırda dünyanın inkişaf etmiş ölkələri sırasında yerini tutmaq üçün səylərini daha da gücləndirir.



Azərbaycanda bütün xalqlara, milli azlıqlara daim yaxşı münasibət bəslənilir. Azərbaycan müxtəlif dinlərin və millətlərin dostluq şəraitində birgə yaşamaları baxımından nümunə rolunu oynayır.

Hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi – azərbaycanlılarla (Azərbaycan türkləri) yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar da çiyin-çiyinə yaşayırlar. Azərbaycanda yaşayan əhalinin 90,6%-ni azərbaycanlılar, 9,4%-ni isə milli azlıqlar və etnik qruplar, o cümlədən ləzgilər – 2,2%, ruslar – 1,8%, talışlar – 1,0%, avarlar – 0,6%, türklər – 0,5%, tatarlar – 0,4%, ermənilər – 1,5%, gürcülər – 0,2%, kürdlər – 0,2%, ukraynalılar- 0,4%, yəhudilər – 0,2% və başqa xalqlar təşkil edir. Bu gün Azərbaycan ərazisində kompakt halında yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar, Orta Asiya yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlar, yunanlar, koreyalılar və kubalılar da yaşayır. Onların bir çoxu başqa millətlərdən olduqları kimi, digər səmavi dinlərin də daşıyıcısıdırlar.

Bu gün ölkədə yürüdülən iqtisadi, siyasi, sosial, milli və s. siyasətin xarakteri və effektivliyi də xüsusi vurğulanmalıdır. Azərbaycan özünün müsbət və pozitiv iqtisadi inkişaf meyllərini-iqtisadiyyatının liberallaşdırılmasını, Qərblə iqtisadi əlaqələrini və bazar iqtisadiyyatı mexanizmlərini inkişaf etdirilməklə yanaşı, həm də ölkə daxilində sabit vətəndaş birliyinin yaradılması istiqamətində mühüm nailiyyətlər qazanmışdır. Ölkədə həyata keçirilən düzgün və fəal siyasət onun daxili ictimai-siyasi mühitini nəzərəçarpacaq dərəcədə modernləşdirmiş, dövlət və cəmiyyət həyatını demokratikləşdirmiş, sosial-mənəvi sahələri yeniləşdirmiş, vətəndaş cəmiyyəti təsisatlarını formalaşdırmış və müasir dövrün tələblərinə uyğunlaşdırmışdır. Avropa dəyərlərinə, dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük verməsi, vətəndaşlarının təhsil, mədəni və intellektual səviyyəsini yüksəltməsi və s. amillər ölkənin dünyəvi geosiyasi əhəmiyyətini və planetar imicini xeyli artırmış və geosiyasi xarakteristikasına müsbət təsir göstərmişdir. Hazırda Azərbaycan öz ictimai-siyasi və sosial-mənəvi vəziyyəti, yekdil milli-dini-vətəndaş birliyi, tolerant daxili vəziyyəti və s. ilə Cənubi Qafqazın ən sabit və lider ölkəsi hesab olunur. Azərbaycan Cənubi Qafqazda həm də xristianlıqla islamın sərhədlərinin bitdiyi və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada inkişaf etdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan olaraq, öz multikulturalist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilir. Bu istiqamətdə ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət ölkənin regionda geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Bütün bunlar da Azərbaycanın xarici aləmlə geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən əsas amil hesab olunur.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin regionların inkişafı ilə bağlı sərəncamlarını da xüsusi qiymətləndirmək lazımdır. Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan respublikası Prezidentinin sərəncamları nəticəsində Balakən rayonunun Katex kəndində Beretbinə əsas məktəbi, Zaqatala rayonunun Makov ,Qınır kəndlərində məktəblər tikilmiş,Mamrux kəndində uşaq baxçası inşa olunmuşdur.

2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.  

Avar dilində ümumilikdə 260 sinfi olan 19 məktəb fəaliyyət göstərir və bu məktəblərdə 7 minə yaxın şagird təhsil alır.



2009-cu il ümumölkə əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən talışlar Azərbaycanda yaşayan de-fakto III, de-yuri isə IV azsaylı etnik qrupdur. Azərbaycanda hazırda tədris proqramında talış dili öyrənilən 248 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ibtidai siniflərində həftədə 2 dəfə talış dili tədris edilir. Bu məktəblərdə 1 716 sinif vardır ki, onlardan 248-i ibtidai sinifdir. Məktəblərdə ümumən 29 120 şagird təhsil alır.

1993-cü ildən başlayaraq Azərbaycanda ləzgi dilində dərsliklər çap edilir. Hazırda 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15 000-ə yaxın şagird təhsil alır. Ləzgilərin sıx yaşadığı Quba-Xaçmaz iqtisadi rayonunun sənayesinin əsasını yüngül və yeyinti sənayesi təşkil edir. Başlıca olaraq meyvə-tərəvəz, şərab və süd məhsulları emal edilir. Rayonun kənd yerlərində xalçaçılıq ənənəvi sənətkarlıq növü kimi inkişaf etməkdədir. Qafqazın qədim xalqlarından olan ləzgilər bu bölgənin iqtisadi inkişafında mühüm rol oynayırlar.

Postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında prezident fərmanlar imzalayıb. Azərbaycanda milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar. Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Azərbaycanın milli azlıqların məskunlaşdığı bir sıra rayonlarında ali təhsil müəssisələri və kolleclərin filialları açılmış, ölkənin radio və televiziya kanallarında milli azlıqların dillərində verilişlər yayımlanır. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərir. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunur. Bu mənada Azərbaycan bütün dünyada nümunəvi multikulturalizm məkanı kimi tanınır.

Mövzu 6

Azərbaycan ədəbiyyatında multikulturalizm

Plan:


  1. Plüralizm, tolerantlıq, multikulturalizm terminlərinin qısa izahı və xatırlatmalar.

  2. Azərbaycan xalqının etnik tərkibi - xatırlatma

  3. Ədəbiyyat effektiv təsir vasitəsi kimi

  4. Azərbaycan şifahi ədəbiyyatında multikulturalizm izləri – auditoriya ilə birgə folklora nəzər

  5. Azərbaycan yazılı ədəbiyyatında multikulturalizm izləri - auditoriya ilə birgə yazılı ədəbiyyata nəzər


Ədəbiyyat


  1. Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri – Atalar sözləri, bayatılar, dastanlar və s.

  2. “Kitabi-Dədə Qorqud” dastanı

  3. “Koroğlu” dastanı

  4. Nizami Gəncəvi “Yeddi gözəl” poeması

  5. Cəlil Məmmədquluzadə felyetonları, “Usta Zeynal” hekayəsi, “Kamança” pyesi

  6. Əbdürrəhim bəy Haqverdiyev “Marallarım” silsiləsindən “Qiraət”

  7. Hüseyn Cavid “Şeyx Sənan” və şeirləri

  8. Cəfər Cabbarlı “1905-ci ildə”

  9. Nəriman Nərimanov “Bahadır və Sona”

  1. Plüralizm / Tolerantlıq / Multikulturalizm

ABŞ-ın Kolumbiya Universitetinin professoru Covanni Sartorinin «plüralizm» və onun ayrılmaz hissəsi bildiyi «tolerantlıq» anlayışını necə başa düşdüyünə bir nəzər salaq.

Tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəldi. Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir. 

17-ci əsrə qədər adamlar fərqli mövqelərin, dinlərin və s. mövcudluğun dövlətlərin dağılmasına səbəb olan qeyri-sabitliyə və münaqişələrə gətirəcəyinə inanırdılar. Yekdillik isə dövlətin zəruri şərti sayılırdı. Tədricən əks mövqe bərqərar olmağa başladı, və əksinə, yekdilliyə şübhə ilə yanaşmağa başladılar. Və elə bu yolla gedə-gedə biz bu günkü demokratiyaya çatdıq. Qədim imperiyalar, avtokratiyalar, despotizmlər, köhnə və yeni tiraniyalar — bütün bunlar birrəngli dünyalardır, demokratiya isə çoxrənglidir. Plüralizmdən və plüralist cəmiyyət yaratmaq niyyətindən danışanda, biz püralizmin ayrılmaz hissəsi olan tolerantlığı (özgə fikrə, mövqeyə dözümlük) da nəzərdə tuturuq.

Multikulturalizm” termini siyasi leksikona ilk dəfə 1970-ci ildə – Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir.



Multikulturalizm - bu ilk növbədə, bir ölkədə mədəniyyətlərin qarşılıqlı təsirində müəyyən “keyfiyyət”ə nail olunmasına yönəlmiş demokratik dövlət strategiyasıdır. Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir.

Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır.

Alman filosof və sosioloqu Yurgen Habermasa (1929) görə, multikulturalizmin əsas prinsipi "mədəni həyatın müxtəlif formalarının bərabər hüquqlarla yanaşı mövcud olması", sadə dillə desək, azlıqla çoxluğun bərabər hüquqlara malik olmasıdır. İngilis mənbələrinə və bir sıra Qərb alimlərinin bu mövzuda apardıqları tədqiqatlara əsaslansaq, multikulturalizm özündə hansısa ölkədə, eləcə də bütün dünyada mədəni müxtəlifliyin qorunub saxlanmasına və inkişafına yönəlmiş siyasəti və bu siyasəti əsaslandıran ideologiyanı ehtiva edir.  

  Avropa Birliyi məkanında isə multikulturalizm ötən əsrin 60-cı illərinin sonlarından xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Lakin Birliyin söz sahibi olan ölkələri multikulturalizmi mahiyyətcə liberal dəyərlərin tətbiqi kimi yox, sözügedən məkana işçi miqrantların cəlbini nəzərdə tutan ideologiya olaraq qəbul edirdilər. Avropa Birliyi isə bir təşkilat kimi bu prosesə dəstək verərək, dolayısı ilə multikulturalizm adı altında "açıq qapı" siyasəti yürüdərək daha çox Birliyin iqtisadi mənafeyini qorumaq məqsədi güdürdü. Bir sıra alimlərin fikrincə, qloballaşma dövründə heç bir ölkə multikulturalizmin təsirindən kənarda qala bilməz. Bu qənaəti bölüşənlər qeyd edir ki, günümüzdə multikulturalizmin böhranı və ya süqutu ilə bağlı Qərbdə səslənən fikirlər heç də birmənalı qəbul edilmir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Multikulturalizm Azərbaycanda həyat tərzidir.

İnsanlar minillər boyu yaşadıqları çoxmədəniyyətli həyatı bir zənginlik kimi qəbul edirlər. Multikultural dəyərləri müxtəlif mədəniyyətlərə, dinlərə, sivilizasiyalara tolerant münasibət şərtləndirir. 



Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır.

Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də  liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir.

Multikuliuralizm – təkcə adamların hakim etnik qrupu tərəfindən deyil, həm də milli azlıqlar və ölkəyə yeni daxil olanlar tərəfindən dəstəklənən mədəni müxtəlifliyə münasibətdə fərqli reaksiyaların rəngarəngliyidir.

Multikulturalizm – pozitiv sosial təzahürdür. O, cəmiyyətin inkişafı üçün münbit şərait yaradır; etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir;

Demokratiya multikultural cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biridir;

  1. Azərbaycan xalqının etnik tərkibi

Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək görərik ki, əhalinin 90%-ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişlər. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir. Onların arasında

Altay ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahısqa türkləri,

hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər),

qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar),

slavyan (ruslar, malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır.

1992-ci ildə imzalanmış “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” fərmana əsasən onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşları hesab edilir.

2009-cu ilin siyahıyaalınmasına görə ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycan hökuməti insan haqları, o cümlədən milli azlıqların müdafiəsi məqsədilə bir çox nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq əlaqələrinə malikdir. Respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Ölkəmizdə milli azlıqların məsələləri ilə məşğul olan 50-yədək qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birliklər fəaliyyət göstərir. Azərbaycanda yaşayan etnik icmaların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda, milli azlıqların etnikmədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir. Eyni zamanda təlim yalnız rus dilində olan 19 və təlim yalnız gürcü dilində olan 6 orta ümumtəhsil, 345 beynəlmiləl orta məktəb fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) milli azlıqların dinini, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənən və tədqiq edən bölmə yaradılmışdır.


  1. Yüklə 1,44 Mb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin