Uşinski irsi. XIX əsrin 70-ci illərindən başlayaraq çar Rusiyasında olduğu kimi, Azərbaycanda da kənd məktəbləri üçün müəllim kadrları hazırlayan xüsusi məktəblər - müəllim seminariyaları yaranmışdı. Bu seminariyalar Konstantin Uşinskinin işləyib hazırladığı "Müəllimlər seminariyasının layihəsi" əsasında fəaliyyət göstərirdi. Konstantin Uşinski pedaqoji prosesdə müəllimin rolunu yüksək qiymətləndirirdi: "Müəllim nə qədər ki, oxuyur, öyrənir, o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür". K.Uşinski Rusiyada çox haqlı olaraq pedaqogika elminin və xalq məktəblərinin banisi hesab olunur. Onun tərtib etdiyi "Vətən dili" və "Uşaq aləmi" dərsliklərindən Rusiyada bütöv bir nəsil faydalanıb. Demokratizm və xəlqilik Uşinskinin pedaqoji fəaliyyətində əsas istiqamətdir. Azərbaycanın maarifpərvər pedaqoqları, o cümlədən Həsən bəy Zərdabi pedaqoji fəaliyyətində K.Uşinskinin irsindən, xüsusilə onun ana dilinin tədrisinə dair qiymətli fikirlərindən bəhrələniblər. Dil haqqında Konstantin Uşinski demişdir: "Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz". Həsən bəy Zərdabi də ana dilini xalqın varlığı, yaşaması və tərəqqisi üçün qüdrətli vasitə, müstəsna təsir gücünə malik amil sayaraq deyirdi: "Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir”.
Mənbə:
V. Struminki “K. Uşinskinin didaktika sistemi və onun əsasları” Moskva, 1957
S. İ. Seyidov, M. Ə. Həmzəyev “Psixologiya” dərslik, Bakı – 2007