Mühasibat uçotunun metodu onun araşdırılması və öyrənilməsi qaydalarıdır. Elmi araşdırmalarda metod termini öyrəniləcək əşyanın təminatını araşdırmaq üçün müxtəlif üsul və prinsiplərdən istifadə olunmasını nəzərdə tutur. Mühasibat uçotunun metodu öz predmetinin hansı üsullar və prinsiplər vasitəsilə öyrənilməsini yerinə yetirir.
Göstərilən metodoloji sistemdə mühasibat uçotunun hansı vasitələrlə təsərrüfat-maliyyə əməliyyatlarını icra etməsini müəyyənləşədirmək əsas sayılır.
Məlum olduğu kimi təsərrüfat vəsaitləri, onların əmələ gəlmə mənbələri müxtəlifdir. Bütün əməliyyatları düzgün əks etdirmək üçün ayrı-ayrı vəsait növlərinin hərəkəti və onun icrası üzərində nəzarəti həyata keçirmək çox vacibdir. Burada sənədləşmə və inventarlaşma mühüm nəzarət metodu kimi xüsusi əhəmiyyətə malikdir.
Mühasibat uçotunun metodu onun icra fəaliyyətində mühüm əhəmiyyətə malik olan ünsürləri vasitəsilə yerinə yetirilir. Bu ünsürlər sənədləşmə və invertarlaşmadan, qiymət və kalkulyasiyadan, hesablar sistemindən, ikitərəfli yazılış, mühasibat balansı və hesabatdan ibarətdir.