3.4. Hasilatın və əməyin ödənişinin sənədləşdirilməsi qaydası
Əməyin və əmək haqqının uçotunun düzgün təşkili onun sənədləşdirilməsindən bilavasitə asılıdır. Fəhlə və qulluqçulara əmək haqqı hesablamaq üçün müəssisələrdə işə görə və vaxta görə işləyənlərin sayını bilmək lazımdır. Vaxta görə işləyənlərə əmək haqqı hesablamaq üçün onların işəçıxma saatlarının miqdarını. İş dərəcələrini, habelə vəzifə maaşlarını bilməklə əmək haqqı hesablamaq olar. Belə bir məlumat mənbəyi müəssisədə işəçıxmanı qeydə alan tabel uçotudur. İşəmuzd işləyənlərə əmək haqqı hesablamaq üçün onlara verilmiş tapşırıqların həcmini, istehsal olunan məhsulun miqdarına və keyfiyyətini bilmək lazımdır. İşəmuzd qaydada əmək haqqı hesablanması üçün müxtəlif sənədlərdən istifadə olunur. Onlarda yerinə yetirilən işlərin xarakteri, məzmunu, onu yerinə yetirən fəhlələrin dərəcəsi və başqa göstəricilər verilir. Mövcud qaydaya əsasən məhsul hasilatının, işin həcminin və əmək haqqının uçotu üçün aşağıdakı ilkin sənədlərdən istifadə olunur: naryad, hasilatın uçotu cədvəli, marşrut kartları, növbə raportları, məhsulun və ya işin qəbulu haqda akt və s.
Kiçik seriyalı və fərdi xarakterli istehsal müəssisələrində adətən yerinə yetirilmiş işlər üzrə naryadlardan istifadə oulnur. Həmin naryadlar işə başlamazdan əvvəl hər bir işçiyə və ya briqadaya verilir və orada tapşırıqların həcmi, keyfiyyəti, iş üçün sərf edilən vaxt, həmin işə görə əmək haqqı və s. haqqında qeydiyyat aparılır. Tərtib olunan naryadlarda işin həcmini, qiymətlərin düzgünlüyünü və hesablanmış əmək haqqını yoxlamaq üçün əməyin normalaşdırılması şöbəsinə verilir. Sənədlər yoxlandıqdan sonra əmək haqqı hesablanmaq üçün mühasibatlığa verilir. Seriyalı istehsal sahələrində isə hasilatın və əmək haqqının uçotu üçün marşrut vərəqələrindən istifadə olunur. Marşrut vərəqəsi detal və məlumatların müəyyən partiyasına və texnoloji prosesin bütün əməliyyatlarına tərtib olunur. Kütləvi xarakterli müəssisələrində isə hasilatın və əmək haqqının uçotu üçün yığma cədvəllərindən istifadə olunur. Normal iş şəraitindən kənarlaşmalar üçün ödənilən əlavələr üçün əlavə ödəmə vərəqələrindən, işəmuzd işlər üçün naryadlardan və s. istifadə olunur. Boşdayanmalar üzrə ödəmələr üçün boşdayanma vərəqələri, zay haqqında aktlara əsasən isə onun ödənilməsi həyata keçirilir. İş vaxtından artıq, bayram və istirahət günləri üzrə əməyin ödənilməsi də müvafiq sənədlərlə rəsmiləşdirilir. Əlavə əmək haqqının hesablanması zamanı xəstəlik vərəqələrindən, məzuniyyətə getmə haqqında əmrlərdən və s. sənədlərdən istifadə olunur. İşçilərə çatası və ödəniləsi əmək haqqını hesablamaq üçün hesablaşma – ödəmə (Ə-49), hesablaşma (Ə-51) və ödəniş cədvəllərindən (Ə-53) istifadə olunur. Bunlardan ödəniş cədvəlləri hesablaşma cədvəli əsasında doldurulur.
Vaxtamuzd əmək haqqı formasında işçinin əmək haqqı məbləği əməyin ödənilməsinin saatlıq dərəcəsini faktiki işlənmiş saatlara, işəmuzd formasında isə məhsul vahidinə görə əməyin ödənmə qiymətini faktiki istehsal olunmuş məhsulun həcminə vurmaqla hesablanır. Əsas iş vaxtından əlavə işlənmiş, bayram və istirahət günlərində işlərin ödənilməsi ikiqat həcmdə həyata keçirilir və müvafiq sənədlərlə (tabel, əmr, naryad və s.) rəsmiləşdirilir. Bayram və ümumxalq hüzn günü işləyən işçiyə onun arzusu ilə əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Müəssisələrdə gecə iş vaxtının ödənməsi saat 22-dən 6-dəy olan iş vaxtını nəzərdə tutur. Gecə iş vaxtı bir qayda olaraq əmək müqavilələrində nəzərdə tutulur və görülən işin həcmi yüksək tarif dərəcələri ilə ödənilir. Gecə iş vaxtı ay müddətində tabel uçotunda əks olunur və ödənmə sistemi müəssisə üçün müəyyən olunmuş norma və qaydalarla ödənilir.
Dostları ilə paylaş: |