Ağayev Samir


Nəticə AAOIFI Standartları



Yüklə 1,34 Mb.
səhifə7/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   2   3   4   5   6   7   8   9   10   ...   162
Nəticə

AAOIFI Standartları

IFSB Standartları

Bəzi İslam Maliyyəsi Terminlərinin İzahlı Lüğəti

Ədəbiyyat Siyahısı

Müəllifdən

İslam Maliyyə Sistemi qlobal səviyyədə yüksək artımlar nümayiş etdirir. City Uk İslamic Finance 2012 hesabatına əsasən qlobal miqyasda İslam Maliyyə aktivlərinin artım tempi 14% təşkil edərək 1.289 trln dollara çatıb. Son beş ildə isə İslam Maliyyə aktivləri 150 % kimi fantastik artım nümayiş etdirib. Xüsusilə məlum resessiyalar və ənənəvi maliyyə sisteminin böyük zədələr görməsi fonunda İslam Maliyyə Sisteminin aktuallığı daha da artıb. İslam Maliyyəsinin inkişafı qlobal tendensiya xarakteri daşıyır və bu qloballaşmadan yayınmaq doğru olmazdı. Buna görə də ən azı alternativ maliyyə konsepsiyası kimi İslam İqtisadi Modelinin və İslam Maliyyə Sisteminin öyrənilməsi münasibdir və buna ehtiyac duyulur. Baxmayaraq ki, son zamanlar Böyük Britaniyanın universitetləri də daxil olmaqla dünyada məşhur universitetlər və profesional institutlar İslam İqtisadiyyatı və İslam Maliyyə Sistemi sahəsində müxtəlif fakultələr və kvalifikasiyalar təsis edirlər, amma Azərbaycanda hələ də universitetlərin tədris proqramlarında İslam Maliyyəsi yer almır, eləcə də bu sahədə azərbaycan dilində ixtisaslaşmış hər hansı bir maarifləndirici infrastruktur mövcud deyil. Bütün bu nüansları nəzərə alaraq bu kitabı yazmaq qərarına gəldim.

Qeyd edim ki, bu kitab ümumilikdə İslam Hüquq Sistemi, Zəkat, İslam İqtisadi Modeli və İslam Maliyyə Sisteminin klassik iqtisadiyyatdan və ənənəvi maliyyə sistemindən fərqləndirən xüsusiyyətlər, İslam Maliyyə İnstitutlarının xüsusilə də İslam Banklarının fəaliyyəti, üzləşdiyi məhdudiyyətləri və problemləri, çatışmazlıqları və üstünlükləri, ayrı – ayrı ölkələrdə İslam Maliyyə İnstitutlarının fəaliyyəti, İslamda sığortaya yanaşma və İslam sığorta modeli hesab olunan Takaful, Şəriətə müvafiq investisiyaların qaydaları və bu qaydalara müxtəlif yanaşmalar, ənənəvi istiqraz vərəqələrinə İslami alternativ adlandırılan Sukuk, İslam Maliyyə İnstitutlarının mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması ilə əlaqəli problemləri, qlobal maliyyə böhranına İslami prizmadan alternativ baxış və İslam Maliyyə Sisteminin böhran zamanı daha qabarıq üzə çıxan üstünlükləri və s. kimi məqamlar haqqında faydalı biliklər verir. Bu mövzular hələlik Azərbaycanda tədqiq olunmayıb və azərbaycan dilində bu mövzuların əks olunduğu hər hansı bir ədəbiyyat yoxdur. Həmçinin kitabda sahəyə aid müxtəlif statistik göstəricilər və beynəlxalq hesabatlar da öz əksini tapıb. Statistik göstəricilər 2010 və 2012 – ci illər arasında dəyişir və etibarlı və nüfuzlu mənbələrə istinadən hazırlanıb. Kitab elmi, analitik və informativ xarakter daşımaqla yanaşı həm də İslam Maliyyəsinin və İslam Maliyyə İnstitutlarının fəaliyyətinin praktiki aspektlərini də əhatə edir və bu sadalanan xüsusiyyətləri özündə cəm edərək azərbaycan dilində yazılmış ilk kitabdır. Bununla belə, mən müəllif olaraq bu kitabın İslam Maliyyə Sisteminin öyrənilməsi üçün kifayət olduğunu və bu sahədə ən yüksək səviyyədə akademik və profesional biliklər verdiyini iddia etmirəm. Ümumiyyətlə bütün elm sahələrində olduğu kimi, İslam İqtisadi Modelinin və İslam Maliyyə Sisteminin də ən yüksək səviyyədə və ən xırda detallarına qədər qısa müddətdə və bir neçə kitabla öyrənilməsi məsləhət deyil və bu, heç mümkün də deyil. Bunun üçün aylar və illər lazımdır desəm, səhv etmərəm. Hətta bu elmin fasiləsiz olaraq, daima təkmilləşdirərək və araşdırmalar apararaq öyrənilməsi daha məqsədəuyğundur. Lakin yuxarıda da qeyd etdiyim kimi, azərbaycan dilində İslam Maliyyə Sistemi sahəsində ədəbiyyatların demək olar ki olmaması fonunda, bu kitab oxuculara çox faydalı biliklər verəcək.

Kitabı anlamaq üçün oxuculardan İslam İqtisadiyyatı və İslam Maliyyə Sisteminə dair ilkin biliklər tələb olunmasa da, ənənəvi İqtisadiyyat / Maliyyə / Biznes / Mühasibatlıq / Menecment və oxşar sahələrdə təhsil, bilik və ya təcrübəyə bu və ya digər şəkildə ehtiyac duyulur. Kitabdan əsasən İqtisadiyyat / Maliyyə / Biznes / Mühasibatlıq və oxşar sahələrdə təhsil alan tələbələr, eləcə də bu sahələrdə fəaliyyət göstərən profesionallar yararlana bilərlər. Bununla belə, kitab yalnız sadalanan bu sahələrin mütəxəssisləri və oxucuları üçün yox, maraqlanan bütün oxucular üçün nəzərdə tutulub. Ümumilikdə, kitab başa düşüləndir və hətta iqtisadiyyat və maliyyə sahələri ilə birbaşa əlaqəsi olmayan oxucular üçün də anlaşılandır. Qeyri iqtisadiyyat və maliyyə sahələrindən olan oxucuların da mövzuları rahat anlamaları üçün kitabdakı müxtəlif terminlər və konsepsiyalar mümkün qədər sadə dildə yazılıb və başa düşülən tərzdə izah edilib. Bundan başqa, paraqraflarda mövzunun müxtəlif istiqamətləri uyğun xırda başlıqlar altında yazılıb ki, bu da mövzunun yadda qalmasını asanlaşdırır. Bu sahədə yetəri bilkləri olmayan oxucular üçün, kitabı ilk bölmə və ilk paraqrafdan başlayaraq sona qədər kitabda tərtib edilən ardıcıllıqla oxumaları məsləhət görülür.

Rəsmi olaraq azərbaycan dilində İslam Maliyyə Sistemi haqqında yazılmış bir ilk olan bu kitab, uzun müddət (təxminən 2 il) davam edən gərgin tədqiqatların və analizlərin nəticəsidir. Bu tədqiqatlar zamanı müxtəlif ölkələrin qanunvericiliyi, xüsusilə də banklar haqqında qanunları, İslam Maliyyə xidmətləri ilə bağlı statistik göstəriciləri, müxtəlif ekspertlərin və professorların İslam Maliyyə Sistemi və onun ayrı – ayrı sahələri ilə bağlı rəyləri və s. məqamlar ciddi şəkildə araşdırılıb.

Kitabda oxucuların rastlaşacağı bəzi məqamlar haqqında da əvvəlcədən məlumat verilməsi münasib olardı. Belə ki, İslam dinində hər bir müsəlmanın Muhamməd peyğəmbər qarşısında öhdəliklərindən biri də onu adı çəkiləndə salamlamaqdır. Bu qaydaya bütün müsəlman alimlər, o cümlədən sadə yazarlar belə əməl edirlər. Mən də kitabda bu qaydanı qoruyacam. Buna görə də kitabda adı çəkildiyi təqdirdə Muhamməd peyğəmbərin adının qarşısında mötərizənin içərisində (ona və ailəsinə Allahın salamı olsun) ifadəsi yazılacaq. Sahəbələrin adlarının qarşısında isə mötərizənin içərisində (Allah ondan razı olsun) ifadəsi yazılacaq. Təbii ki, müsəlman oxucuların əksəriyyətinin bu qaydalardan xəbərləri ola bilər, lakin, kitab yalnız müsəlmanlar və ya dindar təbəqə üçün nəzərdə tutulmayıb. Ona görə bu qaydaları xatırlatmağa ehtiyac duyulur. Kitab iqtisadiyyat və maliyyə səhəsində ənənəvi qaydalara alternativ bir istiqamət haqqındadır və heç bir halda diskriminativ xarakter daşımır.

Cümlələrdə sahə və ya bazar ifadələri işlədiləndə, adətən İslam Maliyyə Sistemi və ya İslam Maliyyə xidmətləri nəzərdə tutulur.

Kitabda Quran ayələrinə və Muhamməd peyğəmbərin (ona və ailəsinə Allahın salamı olsun) hədislərinə istinad edərkən, istinad olunan ayənin və ya hədisin mənbəsi cümlənin sonunda mötərizənin içərisində göstəriləcək. Məsələn, Quran ayəsinin mənbəsi “(əl – Həşr 7)” kimi, hədisin mənbəsi isə (Mənbə: Səhih Muslim)” kimi göstəriləcək. Quran ayələrinə istinad edərkən, Vasim Məmmədəliyevin azərbaycan dilinə tərcüməsindən istifadə ediləcək.

Kitabın hər 3 – 5 ildən bir təkmilləşdirilərək yenidən dərc edilməsi nəzərdə tutulur. Bu zaman sahəyə aid müxtəlif statistik göstəricilər və hesabatlar yenilənəcək, əlavə paraqraflar daxil ediləcək və mövcud paraqraflara da əlavələr edilərək təkmilləşdiriləcəkdir. Bundan başqa, kitabın ilk nəşri zamanı meydana gələ biləcək mümkün texniki çap xətalarının və qramatik səhvlərin də aradan qaldırılması nəzərdə tutulur.

Kitab beş bölmədən ibarətdir. Birinci bölmədə İslama iqtisadi model kimi baxılacaq və bu modelin əsas elementləri ayrı – ayrı paraqraflarda nəzərdən keçiriləcək. Bu bölmə dörd paraqrafdan ibarətdir. Birinci paraqraf İslam Hüquq Sisteminin mənbələri və elementləri haqqında məlumat verir. İkinci paraqraf İslam İqtisadi Modeli və onun əsasları haqqındadır. Üçüncü paraqrafda Faiz və İqtisadiyyat məsələləri müzakirə olunacaq. Cəmiyyətdə və iqtisadiyyatda sərvətin yenidən bölgüsü funksiyası kimi çıxış edən Zəkat isə dördüncü paraqrafın mövzusu olacaq.

İkinci bölmə yeddi paraqrafdan ibarətdir və İslam Maliyyə Sistemi və İslam Maliyyə xidmətləri haqqındadır. Bu bölmədə İslam Maliyyə İnstitutlarının, xüsusilə də İslam Banklarının fəaliyyətinin prinsipləri, eləcə də çeşidli İslam Maliyyə Məhsullarının və Xidmətlərinin spesifikası haqqında geniş məlumatlar veriləcək. İslam Bankçılığında risklərin idarəedilməsi, şəriətə müvafiq investisiyalar, İslamda sığortaya yanaşma və s. kimi maraqlı mövzular da bu bölmədə müzakirə ediləcək.

Üçüncü bölmə qlobal səviyyədə İslam Maliyyə İnstitutları və İslam Maliyyə Xidmətləri qarşısında duran əsas maneələr və ümumilikdə İslam Maliyyə Sisteminin müasir zamanda əsas çatışmazlıqları haqqındadır. Bu bölmə iki paraqrafdan ibarətdir. Birinci paraqrafda sistemin ümumi çatışmazlıqları və qarşıda dayanan əsas maneələr müzakirə olunacaq. İkinci paraqrafda isə İslam Maliyyə İnstitutlarının mühasibatlıq və audit problemləri nəzərə çatdırılacaq və İslam Maliyyə İnstitutları üçün münasib mühasibatlıq standartları haqqında bəhs ediləcək.

Dördüncü bölmə dünyanın ayrı – ayrı ölkələrində İslam Maliyyə İnstitutlarının fəaliyyəti və İslam Maliyyə Xidmətlərinin mövcudluğu haqqındadır. Bu bölmə üç paraqrafdan ibarətdir. Birinci paraqrafda İslam ölkələrində İslam Maliyyə İnstitutlarının fəaliyyəti haqqında məlumatlar və statistik göstəricilər təqdim olunacaq. İkinci paraqrafda qeyri – İslam ölkələrində İslam Maliyyə Xidmətləri müzakirə ediləcək. Azərbaycanda İslam Maliyyə İnstitutlarının fəaliyyəti və İslam Maliyyə Xidmətlərinin mövcudluğu isə üçüncü paraqrafın mövzusu olacaq.

Beşinci bölmə isə cəmi bir paraqrafdan ibarətdir və İslam Maliyyə Sisteminin xüsusilə böhrandan sonra daha da qabarıq üzə çıxan üstünlükləri haqqındadır. Bu paraqrafda İslam Maliyyə Sisteminin üstünlükləri müzakirə edilməklə yanaşı, qlobal maliyyə böhranına İslam Maliyyə prinsipləri prizmasından alternativ baxış da nümayiş etdiriləcək.

Paraqraflar özləri də kiçik hissələrə bölünür. Bundan əlavə hər bir paraqraf mövzunun əhəmiyyətini ortaya qoyan təqdimatyekun hissələrindən ibarətdir.

Son olaraq qeyd etmək istərdim ki, kitabda müəyyən xətaların olması mümkündür. Diqqətli oxucuların belə hallarla rastlaşdığı zaman məlumat vermələri çox arzuolunandır. Ümumiyyətlə kitab haqqında təklif, tənqid və iradlarınızı efendiyev_sahib@mail.ru ünvanına göndərə bilərsiniz.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin