Tam soyuq aqlutininli autoimmun hemolitik anemiya. Tam soyuq aqlutininli autoimmun hemolitik anemiyada soyuq aqlutininlər JgM-antitelə aiddir və 0-5º temperaturda eritrositləri aqlutinasiya edir.
Xəstəliyin iki forması var:
soyuq aqlutininli birincili xroniki hemolitik anemiya (monoklonal soyuq antitellər).
Poliklonal soyuq anti-antitelli ikincili hemolitik anemiya.
Poliklonal soyuq aqlutininlər infeksion mononukleoz, sitomeqalovirus, infeksion parotit, yarımkəskin bakterial endokardit, sifilis, malyariya, kollagenozlar, angioimmunoblast limfadenopatiya zamanı yaranır.
Monoklonal soyuq aqlutininli hemolitik anemiyaya Valdenstrem makroqlobulinemiyasında, limfomada, xroniki limfoleykozda, tripanosomozda, Kapoşi sarkomasında və mielom xəstəliyində rast gəlinir.
Xəstəliyin klinik əlamətləri tədricən başlayır. Xəstələr zəiflikdən, əmək qabiliyyətlərinin azalmasından, soyuğa dözümsüzlükdən şikayət edirlər. Soyuğun təsirindən periferik qan dövranı pozulur və damar daxili hemoliz əlamətləri yaranır. Periferik qan dövranının pozulmasına burunun, qulağın, ayaq və əl barmaqlarının akrosianozu,ətraflarda ağrılar, barmaqların tromboz və qanqrenası, Reyno sindromu, soyuq məxmərək əlamətləri aiddir. Periferik qan dövranının pozulmasına səbəb kapilyar damarlarda eritrositlərin soyuğun təsirindən aqlutinasiya olmasıdır. Bu əlamətlər istinin təsirindən keçir. Xəstələrdə orta dərəcəli normoxrom anemiya olur. Leykosit və trombositlərin miqdarı dəyişmir, bəzən azalır.
Soyuq aqlutininli hemolitik anemiyada müayinə üçün qan götürülən kimieritrositlərdə autoaqlutinasiya başlayır. Bu yaxma hazırlamaqda, eyni zamanda eritrositlərin miqdarını və EÇS-ni təyin etməkdə çətinlik yaradır. Əgər qan soyuducuya qoyulursa, bu proses daha da sürətlənir, lakin qızdırıldıqda aqlutinasiya yox olur. Düzgün nəticə almaq üçün müayinə 37º C temperaturda aparılmalıdır. Qan qrupunu eritrositləri isti izotonik məhlulla yuduqdan sonra təyin edirlər. Morfoloji müayinədə eritrositlərin polixromaziyası və sferositozu aşkar olunur.
Bilirubinin miqdarı norma həddində olur və ya bir qədər artır. Xəstələrin əksəriyyətində böyrək tərəfindən dəyişikliklər müşahidə edilir. Hemoliz əlamətləri ağır olmur, hemoqlobinemiya yaranır. Hemoqlobinuriya isə çox az halda olur. Xəstədə zülal fraksiyasının müayinəsi zamanı soyuq antitellərin göstəricisi olan M qradient aşkar olunur.
Müayinə zamanı xəstədə hemoliz əlamətləri, orta dərəcəli anemiya, EÇS-in artması, Reyno sindromu, zülal fraksiyasında dəyişikliklər varsa və eyni zamanda qanın müayinəsində eritrositləri saymaq, qan qrupunu təyin etmək çətinlik yaradırsa, bu zaman soyuq aqlutininli hemolitik anemiyadan şübhələnərək soyuq aqlutininləri müayinə etmək lazımdır. Xəstəlik adətən xroniki olur və kliniki əlamətləri ilin soyuq aylarında təzahür edir.
Bəzən xəstəliyin klinik əlamətləri virus və bakterial infeksiyalar zamanı yaranır. Bu artıq xəstəliyin autoimmun deyil, heteroimmun formasıdır.
Heteroimmun formada hemoqlobin və hematokritin göstəriciləri hemolizin ağırlığından asılı olaraq dəyişir. Orta dərəcəli anemiya, hemoliz əlamətləri, EÇS-nin artması, Reyno sindromu, disqammaqlobulinemiya, qan qrupu təyininin çətinliyi, qan yaxmasında eritrositlərin aqlutinasiyası xəstəliyin heteroimmun formasına da xasdır. Postinfeksion sindromda hemoliz zamanı müalicə tələb olunmur və bir neçə həftəyə əlamətlər keçir.
Dostları ilə paylaş: |