Şahzada İbrahim:
Necə gəldim mən biçara nəzərə
Gün-gündən canım düşdü azara
Mən bülbül, sən gül yalvarma xara
Nazlı yarım sən əğyara yalvarma.
Hurinnisa:
Nə iş idi sən elədin irada
Sən qoymadın bir yetişək murada
İnsaf et məni salma ah fəryada
Aman yəhudi gəl aparma yarımı.
Şahzada İbrahim:
İbrahiməm oxuduğumu yazaram
Hamı bilsin şirin candan bezaram
Asdan deyib, diyar-diyar gəzərəm
Aman gözəl, sən əğyara yalvarma.
Hurinnisa:
Yəhudi görüm təz lal olsun dilin
Hər tərəfə bağlansın sənin yolun
Hurinnisa deyər açılmasın gülün
Aman yəhudi gəl aparma yarımı.
Sözləri tamama yetişdi. Hurinnisa nə qədər yalvardı, zalım yəhudi insafa gəlib, vermədi. Hurinnisa bu işin atasından gizlin olmağına görə bir yana xəbər edib zor ilə İbrahimi Şəmun yəhudinin əlindən ala bilmədi. Axırda əlacsız qalıb:
─ Ey yəhudi, səni and verirəm peşdən al əbaya və yüz igirmi dört min peyğəmbərə indi ki, İbrahimi mana vermədin lamahala sandığdan çıxar bir beş kəlmə danışıb ayrılaq. Yəhudi razı olub İbrahimi sandığdan çıxardı. İki yar vəfadar biri-birini ağuşa çəkib ağlaya-ağlaya görək nə deyirlər:
Hurinnisa:
Başına döndügüm, qurban olduğum,
Sən gedərsən Dağıstana İbrahim,
Alışıb, oduna biryan olduğum
Sən gedərsən Dağıstana İbrahim.
Dostları ilə paylaş: |