Şahzada İbrahim:
Yəhudi Hiratda bir qala yapdı
Aradı axtardı İbrahimi tapdı
Gələn-gedəni sındırdı çapdı
Qoy ağlasın yana-yana gözlərin.
Şahzada İbrahim ilə Hurinnisa axırıncı dəfə biri-biri ilə görüşdüydən sonra Şəmun yəhudi Şahzada İbrahimi sandığa qoyub qatıra yüklədi. Saribanlar qəflə sürüb, Dağıstana tərəf yönəldilər. Mənzil-bə-mənzil, teyyi mənazil edib, təpələrdə yel kimi, dərələrdə sel kimi gedə-gedə Dağıstan şəhrinə varid oldular. Qəfilə qatırı və yüklərini yerbəyer edib axşamı o məkanda qaldılar. Sabah olcaq İbrahimi Hüseyn şahın hüzuruna götürmək üçün bir dəst tacir libası geydirib, hazır oldular. Şəmun yəhudi yüzünü İbrahimə dutub:
– İbrahim, bil və agah ol, əgər sən istəyirsən canını mənim əlimdən səlamət qurtarıb mətləbinə yetişəsən, hər nə desəm əməl et.
İbrahim canının qorxusundan naəlaj razı oldu. Şəmun yəhudi şad olub, dedi:
– Oğul indi biz şahın məclisinə gedəcəyik. Orda səndən xəbər alsalar ki, kimin oğlusan de “Şəmun yəhudinin oğluyam”.
Şəmun yəhudi bir qab ləl cavahirat hazır edib üstünə sərpuş qoyduqdan sonra götürüb İbrahim ilə şahın hüzuruna varid oldular. Şah tacirin yanında belə bir cavan nurəsidəni görüb onun xətti xalına, gül camalına heyran oldu.
– Tacir, bu cavan sənin nəyindi?
Şəmun yəhudi ərz etdi:
– Nökəriniz Şəmunun oğludu.
Şah buyurdu:
– Tacir, sənin belə cavan oğlun var, bəs nə üçün bu piran vəxtində mənim qızımı istəyirsən.
Şəmun yəhudi ərz etdi ki:
– Şah sağ olsun, mən elə o gündən oğlum İbrahimə istəyirəm.
İbrahim şahın xoşuna gəlib, məclis arəstə edib, o məclisə vəzir, vəkli əyan və əşrafi və əhli şəhəri çağırdı.
Şahın çağırmağına görə hamı məclisdə hazır oldular. Əhli məclis yeyib, içdiydən sonra Hüseyn şahın qızı Səkinə xanımın kəbinin İbrahimə kəsdilər və dua, səna edib dağıldılar. O yandan Şəmun yəhudi qızın əli İbrahimin əlinə verilən kimi ismi əzəm ilə oğlanı bağladı.
Şahzada İbrahim axşam olcaq Səkinə xanımın gərdəginə girib şirin söhbətə başladılar.
Onlar yeddi gün, yeddi gecə bir yerdə qaldılar. Səkinə xanım gördü ki, arada busə bazlıq olursa da İbrahim ilə bir qızın təfaviti yoxdu.
Qız halı belə görüb, anasını hüzurə istədi.
Anası gəlincə dedi:
– Anacan, qulaq as, sana bir neçə kəlmə sir sözüm var.
Dostları ilə paylaş: |