Tahir Mirzə:
Tayım tuşum yığışıblar yanıma
Təqsirim yox bi günaham xan əmi!
Zalım molla nə susayıb qanıma
Təqsirim yox bi günaham xan əmi.
Xan Tahir oxuduğu zaman gördü bununla bir yerdə oxuyan məktəb uşaqları da şaha iltimasa gəliblər. Aldı dübarə:
Dərya qırağında olar adalar
Gönül dost yoluna salıb cadalar
Məktəb uşaqları mollazadalar
Onlar da iltimasa gəlib xan əmi!
Şah buyurdu:
– Oğul! Qorxma səni bağışlayacağam, dalısını söylə görüm.
Xan Tahir gördü öz məşuqəsi Zöhrə həmin iltimasa gələn şəxslərin içində durub əlində olan zəhəri hazır saxlayıb hansı vədə atası Tahiri öldürtsə onda bu zəhəri içib həlak olsun.
Tahirin dərdi cuşə gəlib aldı sözünün axır bəndini:
Gözəl kəklik kimi səsə gəlibdi
Telləri sərində əsə gəlibdi
Ay ağalar iltimasa gəlibdi
Zöhrə kimi xoş zəbanim xan əmi!
Tahir Mirzə Zöhrə adını deyəndə Hətəmsultan qəzəb-alud olub dedi:
– Camaat! Məni qınayırsınız, görürsünüzmü nə danışır?
– Şah sağ olsun! Tahiri öz torpağından sürgün et. Yoxsa ilac olmaz. Çünkü bu məşuqəsindən əl götürməyəcək.
Camaatın sözünə görə şah höküm etdi qulları ilə barabar Tahiri özgə bir məmləkətə dörd nəfər cəllad sürgün üçün aparıb orada qullarını və özünü öldürüb qanlı köynəyini gətirsinlər. Şahın fərmayışına görə cəlladlar Tahiri və qullarını qolu bağlı aparmağa məşğul oldular. Bu əsnada Zöhrəyə xəbər verdilər:
– Ay baxtı qara! Atan Tahiri sürgün etdirir. Biçarə Zöhrənin eli öz aşığından çıxıb Tahirin yanmış otağının yanına gəlib başındakı qırx incə qıza bu dillər ilə söyləyir:
Zöhrə:
Qızlar-qızlar gəlin sizə söyləyim
Yarın bu getməyi yadına düşdü
Gizlin dərdimi sizə bəyan diləyim
Vətəni tərk etməyi yadıma düşdü.
Axşam-sabah gəlib məni bəllərdi
Üzüm öpüb məmələrim əllərdi
Özü gəlməsə də qasid yollardı
Yar mənə qasid yolladğı yadıma düşdü.
Əbəs yandım bi vəfanın sözünə
Zöhrə deyər özüm etdim özümə
Çarhevzdən su səpdiyi üzümə
Yarın su səpməyi yadıma düşdü.
Qızlar Zöhrəyə təsəlli verib öz xanasına apardılar. Zöhrə balkondan əmisi oğlunun xarab olmuş imarətlərinə baxıb dərdi cuşə gəldi. Bu dillər ilə sözə başladı.
Zöhrə:
İmarətlər sizdən xəbər alayım
Səndə gəzən xanlar xanı necə oldu?
Gönül qəmli bu viranə gələyim
Səndə gəzən xanlar xanı necə oldu?
Hanı bə baharın, hanı bə yazın
Hanı bə söhbətin, hanı bə sazın
Necə oldu ördəyin, necə oldu qazın
Səndə gəzən xanlar xanı necə oldu?
Zöhrə çəkər dərdi, ahı və zarı
Getməz gönlünün heç zaman qübarı
Söylə görüm neylədin bəs xan Tahiri
Səndə gəzən xanlar xanı necə oldu?
Qızlar gördülər Zöhrə çox ahı-zar edir. Hərəsi bir tərəfdən ona dildarlıq verdilər. Zöhrə ahı-zar içində aşığının yolun gözləməkdə olsun sizə Tahirdən xəbər verim.
Qaramanlı şəhərindən cəlladlar Tahiri və qullarını o qədər apardılar ki, axırda İran ilə Osmanlının sərhədindəki sər çeşmənin kənarında öldürmək istədilər. Bu zaman biçarə Tahir cəlladlara yalvara-yalvara dedi:
– Aman cəlladlar! Ağanın yanında nökəri öldürmək yaxşı deyil, əvvəl məni öldürün, sonra qulları. Tahir baxdı ki, cəlladlar qulaq asmır. Sazı sinəsinə baxıb sözə başladı.
Dostları ilə paylaş: |